• cümə axşamı, 28 mart, 22:41
  • Baku Bakı 13°C

Şagirdlərin uğuruna ikili baxış

28.07.16 10:34 2290
Şagirdlərin uğuruna ikili baxış
Sumqayıt məktəblərindən birinin ali məktəblərə qəbul imtahanlarında nəticələri rekord qırıb. Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib ki, onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.

İki-üç gündür mətbuatda və sosial mediada yer alan bu xəbər öz ətrafında sevincli fikirlərlə yanaşı, narazı rəylər də cəmləyib. Sosial şəbəkələrdə nəticəni müzakirə edənlərin fikirləri ziddiyyətli olması ilə diqqət çəkir. Şagirdlərin ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticələri təhsilimizin uğuru hesab edənlərlə yanaşı, sinfin timsalında ugursuz nümunə sayanlar da var. Eləcə də təhsil üzrə ekspertlərin fikir ayrılığı mövcuddur.

Bu uğurun artıq təhsildə formanı dəyişməyə ehtiyac göstəricisi olduğunu hesab edən professor Şahlar Əsgərovun fikrincə, şagirdləri ümumi orta məktəblərdən ayırıb təmayüllü gimnaziya yaratmağın böyük əhəmiyyəti var: "Buna sevinmək, bu uğuru yaymaq lazımdır. Əgər həmin məktəbdə müəllim bir uşağa fiziki təzyiq göstərsəydi, indi onun videosunu bütün telekanallar göstərərdi. Amma həmin məktəbin hansısa müəllimi və ya direktorunun şəklini heç kim yaymır. Elə bil insanlar öz işıqlarına göz yumurlar”. Professor hesab edir ki, məktəbin uğurunun telekanallar tərəfindən işıqlandırılmasına ehtiyac var: "Nə üçün telekanallar həmin məktəbdən reportaj hazırlamırlar? Nə üçün belə sevincli faktın təbliğatı yoxdur? Qüsurlu halı isə təbliğ edirlər. Buradan belə bir nəticə çıxır ki, genetik olaraq bu millətin potensialı var. Mühit yaradılarsa, gənclər qabiliyyət göstərə bilər. Məgər aprel döyüşlərində bizim əsgərlərimiz qabiliyyət göstərmədi? Bu gün isə təhsil sahəsində olan gənclərimiz qabiliyyət göstərir. Ancaq onların təbliğatına biz lazımi diqqət yetiririkmi? Hesab edirəm ki, media da bu müsbət təcrübəni yaymağa cəhd etməlidir”.

«Liseylərin nizamnaməsində şagirdləri seçib götürmək tələbi var. Seçimə görə onlar ən qabiliyyətli şagirdləri qəbul edirlər. Artıq burada gələcək nəticənin uğurlu olması üçün təməl qoyulur” - deyən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, həmin məktəb təlim prosesini keçib qurtarandan sonra yenidən repetitorluqla məşğul olur: "Onlar repetitorluqla kənarda yox, məktəbdə məşğul olurlar. Bu məktəb şagirdi qəbul edir, əgər 6-7-ci sinifdə həmin şagirdin yuxarı siniflərdə yüksək bal toplamayacağına əmin olurlarsa, onu sinifdən xaric edirlər. Əgər qəbulda imtahan varsa, sinifləri adladıqca sinifdən xaric etmə halları yaranırsa və yaxşı oxuyanların hamısını bir sinifə toplayıb uğur qazanırlarsa, bu, məktəbin nailiyyəti yox, işin təşkilinin nailiyyətidir”. Ekspertin fikrincə, bu cür nümunəni bütün məktəblərə yaymağa ehtiyac yoxdur: "Bu, anti-pedaqoji yanaşmadır. Əgər yaxşı oxumadığına görə məktəbdən xaric olunan uşaq varsa, o məktəb normal deyil. Bu, nümunə deyil, sadəcə, cəhddir, işlədiblər və nail olublar. Yalnız yüksək bal toplamaqla məktəbə qiymət vermək olmaz”. Ə.Ağayev hesab edir ki, şagirdin vətəndaşlıq mövqeyi onun ali məktəbə daxil olması və ya yüksək bal toplaması ilə ölçülmür: "Şagird dərslərini yaxşı oxumaqla, biliklərə yiyələnməklə yanaşı, şəxsiyyət kimi də formalaşmalıdır. Məktəbin üzərinə bu istiqamətdə böyük iş düşür”.

Ölkəmizdə zaman-zaman bu və ya digər təhsil müəssisələrinin bir sinfində oxuyan şagirdlərin yüksək nəticə göstərdiyinin şahidi olduğunu söyləyən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bundan əvvəl belə bir nəticə "Dəyanət Vəqfi” liseyində, Zərifə Əliyeva adına ümumtəhsil kompleksində əldə edilib: "Həmin təhsil ocaqlarında bir sinifdə şagirdlərin yüksək bal topladığının şahidi olurduq”. «Təhsil haqqında” Qanunun tələblərinə görə, orta məktəbin funksiyasının heç də ali məktəblərə şagird hazırlamaqdan ibarət olmadığını deyən ekspert bildirir ki, orta məktəblər ali təhsil ocaqlarını yüksək nəticə əldə etməkdən ötrü ciddi rejimli təhsillə təmin edə bilməz. Belə ki, bu, qanunun tələblərinə ziddir: "Orta ümumtəhsil məktəblərinin ümdə vəzifəsi şəxsiyyət yetişdirmək və elmi bilikləri minimum səviyyədə öyrətməkdir. Amma bu tipli gimnaziya və liseylər dəfələrlə imtahan keçirəndən sonra yaxşı oxuyan, onsuz da potensialı olan şagirdləri bir sinifə toplayırlar. Mən həmin gimnaziya və ya kursun o zaman yüksək səviyyəli təhsilinə inanaram ki, məktəbin bütün məzunları həmin nəticəni göstərsinlər. İmtahan yolu ilə seçilmiş uşaqlara hər kəs dərs deyə bilər. Ancaq bacarıqlı gimnaziya ona deyərəm ki, zəif uşaqlardan nəticə ortaya qoya bilsin. Çünki elə məktəblərdə elə müəllimlər var ki, gimnaziyadakı müəllimlərdən daha potensiallı və hazırlıqlıdır. İmtahanla qəbul olan uşaqları bir sinifə seçirlər və müəllim onlara sadəcə olaraq nəzarət edir. Bu, şagirdlərin öz potensialıdır”. Yüksək bal toplamağı yüksək savad və yüksək bilik göstəricisi hesab etməyən ekspert bildirir ki, test imtahanları zamanı mütləq şəkildə əzbərçilikdən istifadə etmək lazımdır: "Əgər dünən testdən keçib yüksək bal toplamış uşaqdan bu gün yenidən imtahan götürülsə, inanın ki, həmin cavabı verə bilməyəcək. Çünki onlar bütün potensiallarını həmin imtahan üzərinə kökləyirlər. İmtahandan sonra bütün gücləri tükənmiş olur. Çox vaxt imtahandan 600-dən yuxarı bal toplayan tələbə instituta daxil olandan sonra elə birinci semestr imtahanından kəsilir”. Ekspert nəticəni Azərbaycan təhsili üçün böyük uğur və motivasiya hesab etsə də, bildirir ki, bu, şagirdlərin həyatında yüksək elmi potensiallarının göstəricisi ola bilməz.

Bütün nailiyyətlər birmənalı qarşılanmadığı kimi, məktəbin nəticəsində də fikir ayrılığı göz önündədir. Nəzərə alsaq ki, qaliblər mühakimə olunmur, onda qınaq tələbə adı qazanmağın sevincini yaşayan şagirdlərin yox, ümumən təhsil sisteminin üzərində qalır. Əlbəttə, əgər əldə edilən nəticəyə qədərki yolu gerçəkdən qınamaq lazımdırsa…
Təranə Məhərrəməva

banner

Oxşar Xəbərlər