• cümə axşamı, 28 mart, 18:15
  • Baku Bakı 13°C

Şagirdlərin təşəbbüsü ilə çəkilən “Qarabağ” klipi təqdim olundu

07.05.14 17:02 1091
Şagirdlərin təşəbbüsü ilə çəkilən “Qarabağ” klipi təqdim olundu
Bu gün “Zərifə Əliyeva” adına məktəb lisey kompleksinin konfrans zalında müğənni Azərinin “Qarabağ” adlı mahnısına çəkilmiş klipin təqdimatı keçirildi. Tədbirdə müğənninin özü, məktəbin idarə heyəti, millət vəkilləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhəbbət Vəliyeva klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Əlavə etdi ki, klipin yaradılması ideyası məktəbin şagirdlərinə məxsusdur və şagird-müəllim heyəti klipin çəkilişində fəal şəkildə iştirak edib.
Çıxış edən millət vəkili Qənirə Paşayeva dedi ki, belə musiqilər gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır: “Bu musiqidə çağırış var. Mahnı insanları ədalətə və bizi bir millət kimi bütöv olmağa çağırır”.
Millət vəkili Flora Qasımova isə klip gözəl təbliğat vasitəsi olmasına diqqət çəkdi: “Orada tarixi Azərbaycan torpaqlarının adı çəkilir. Həmçinin mahnının mətni məktəbin müəllim heyəti tərəfindən ingilis dilinə tərcümə olunaraq klipin subtitrlərində gedir. Bu da xaricdə onu izləyəcək hər hansı şəxsə musiqidən əlavə vacib informasiyalar da vermiş olur”.
Daha sonra söz mahnının ifaçısı Azərinə verildi. Müğənni klipdə əks olunanların bir xalqın faciəsini əks etdirdiyini söylədi, gənclərimizdə vətənpərvərlik hislərinin belə güclü olmasının onu sevindirdiyini bildirdi. Dünyanın müxtəlif ölkələrində olarkən görüşdüyü azərbaycanlı gənclərin gördüyü işlərin onu heyrətləndirdiyini qeyd edən sənətçi, bunun qürurverici olduğunu söylədi.
Qeyd edək ki, çəkilişləri Xızı rayonunda aparılan klipin təqdimatı Şuşanın ermənilər tərəfindən işğalının 22-ci ildönümü ərəfəsində gerçəkləşdirildi. Çıxış edənlər belə əsərlərin Qarabağı görməyən gənclərimizdə o yerlər haqqında fikir formalaşmasında əvəzsiz rol oynadığını vurğuladılar.
Elvin Səlimov
banner

Oxşar Xəbərlər