AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Şagirdlərin gözlərindəki işıqdan zövq alıram” - Gör-götür

“Şagirdlərin gözlərindəki işıqdan zövq alıram” - Gör-götür

Gənclik qəzeti
13 Mart 2020, 13:45 1802
 
Samir Orucov: "Uşağın özünün həvəsi yoxdursa, ondan nə həkim olacaq, nə mühəndis, nə də musiqiçi”
 
Sabahın alimlərini yetişdirir. Bəzən müəllimləri olur, bəzən dostları... Bəlkə də elə bu səbəbdəndir ki, azərbaycanlı şagirdlərlə yerli və beynəlxalq müsabiqələrdə seçilir, qalib olurlar. Deyir ki, ən böyük qazancı şagirdlərinin uğurları və sevgisidir. Elə alim yetişdirmək sevgisi də onu beynəlxalq müsabiqədə münsifliyə qədər gətirib.  

Müsahibimiz ilk dəfə Amerikada beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunacaq azərbaycanlı alim, Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri, dosent Samir Orucovdur.

Sumqayıtda ziyalı ailəsində anadan olub. Fizika təmayüllü məktəbi bitirdikdən sonra Moskvada Fizika-Texniki Universitetə qəbul olub. Lakin 1990-cı ildə baş verən hadisələr səbəbindən təhsilini Bakıda davam etdirib. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Daha sonra Azərbaycan Sənaye İnstitutunda iqtisadçı kimi təhsil alıb: "İki ali təhsilim var. Ali təhsilimi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində laborant, böyük laborant, laboratoriya müdiri, təcrübəçi assitent, assistent, baş müəllim, dosent vəzifələrində çalışmışam. Hazırda Sumqayıt Dövlət Universitetində elmi hissənin müdiriyəm”.

Məlumat üçün bildirək ki, 11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə "Böyük  Mükafat” münsifi qismində həmsöhbətimiz Samir Orucov daxil edilib.
 
- Uşaqlıqdan fizik olmaq istədiyiniz halda, nə üçün ikinci təhsilinizi iqtisadiyyat sahəsinə yönləndirdiniz?
- Elə bir dövr idi ki, iş tapmaq çətin idi. Xüsusilə də, müəllim üçün iş tapmaq problemi vardı. O zaman əmək bazarında iqtisadçıya daha çox ehtiyac var idi. Dövrün tələbi idi. Düzdür, ikinci ali təhsilimi bu sahədə alsam da, iqtisadçı kimi formalaşmadım. Çünki daha çox sevdiyim sahə fizika, riyaziyyat və mühəndislikdir.
 

 
- Bəs elm sahəsinə necə gəldiniz?
- Elm həyatımda hər zaman var idi. Uşaqlıqdan məşğuliyyətim ancaq nə isə düzəltmək, nə isə quraşdırmaq idi. Valideynim də buna şərait yaradırdı. Bizim yaşadığımız küçədə kitab dükanı var idi. Yadımdadır, hər dəfə biz (mən və bacım) kitab istəyəndə atam alırdı. Ümumiyyətlə, nə ilə maraqlanırdımsa, atam imkanı daxilində alırdı. O zaman hər cür dəzgahlarım olurdu. Dükana gedirdim, atama deyirdim ki, mənə çəkic, mismar, mişar, lehim aləti al. Hətta evdə mənə otaq ayırmışdılar, orada mühəndislik edir, müxtəlif qurğular düzəldirdim. Radio düzəldir, sxem yığırdım. Bu şəraiti mənə valideynlərim yaratmışdı. Düşünürəm ki, insan dünyaya körpəlikdən tədqiqatçı gəlir. Uşaq dünyaya gözünü açanda tədqiq etməyə başlayır. Valideyn məktəbə qədər olan dövrdə onun tədqiqatına dəstək göstərməli, qarşısını almamalıdır. O zaman uşaq alim böyüyə bilər. Uşaq fərqli düşünməyə başlayır, ideyaları olur, valideyn dəstək olanda bunu inkişaf etdirir, olmadıqda isə tədricən elmdən uzaqlaşmaq məcburiyyətində qalır. Bu baxımdan, mənim valideynlərim tədqiqatçılığımın qarşısını almayıb, əksinə onu dəstəkləyiblər. Uşaqlıqda atam mənim üçün elmi jurnallar alırdı. Burada "Kvant", "Gənc texnik", "Gənclər üçün texnika" və bu kimi jurnallar var idi. Bu jurnallarda tədqiqatçı məqalələri var idi ki, onları oxuyurdum. Hətta orada hər hansı texniki sistemi yığmaq üçün üsullar göstərirdilər, yığırdım. Mən özüm də həmin jurnallara "Səmərəli təklif” rubrikasına məqalələr yazıb göndərirdim. Həvəsim olduğu üçün sonradan fizika təmayüllü məktəbdə təhsilimi davam etdirdim və bu sahədə də çalışdım.

- İlk ixtiranızı nə vaxt etdiniz? 
- İlk ixtira dedikdə səmərəli modelimi ibtidai sinifdə düzəltdim. 5-ci sinifdə artıq daha mükəmməl modellər yığırdım. Çox səbirlə masa arxasında detalları kəsib müxtəlif maşınlar düzəldirdim. Daha sonra mexaniki hərəkət edən modellər düzəltməyə başladım. Hərdən alınırdı, hərdən yox. Yadımdadır ki, məktəbə komissiya yoxlamağa gələndə, direktor valideynlərimə zəng edib mənim işlərimi məktəbə gətirdib, sərgiləyirdi. Direktor deyirdii ki, bu, bizim şagirdimizin əl iləridir və bununla fəxr edirdi. Onları düzəltmək xüsusi tapşırıq deyildi, öz istədiyim üçün düzəldirdim.

- Dediniz ki, valideynin dəstəyi uşağın peşəkarlaşmasında çox önəmlidir. Bəs valideyn övladını necə kəşf etsin? Hər valideyn övladının nə istədiyini dərk etmir.
- Uşaqlar hamısı dünyaya gələndə gözəl, qüsursuz və yaradıcı olurlar. Valideyn diqqətlə övladını dinləməli, onunla maraqlı söhbət etməli, övladının nə istədiyini bilməlidir. Ən əsası  bildikdən sonra isə  onu lağ obyektinə çevirməməli, qarşısını almamalı, ona dəstək verməlidir, istiqamətləndirməməlidir. Sadəcə dəstəkləməlidir. Məcburi sənət seçilməməlidir. Müsabiqələrdə şagirdlərlə işləyirəm. Hər biri müxtəlif sahələrə maraq göstərir. Bəziləri incəsənətə, bəziləri texnikaya yönəlir. Mən də ilk övladımın sənət seçimində ona göstəriş verirdim. Məcbur edirdim ki, bu istiqamətə getməlisən. Sonra gördüm ki, o yolu seçsə də, həvəsi yoxdur. Əksər hallarda uşaq valideynlərin məcbur etdiyi sahələrdə uğurlu olmur. Uşağın özünün hansı sahəyə həvəsi varsa, həmin sahəyə getməyi daha məqsədəuyğundur. Ola bilər ki, bir il sonra öz seçimindən razı qalmır, dəyişir, olsun. Hansı sahəni seçirsə seçsin, özü seçim edib və valideyn də ona dəstək göstəribsə, ondan yaxşı mütəxəssis olacaq. Uşağın özünün həvəsi yoxdursa, ondan nə həkim olacaq, nə mühəndis, nə də musiqiçi. Hər görülən iş həvəslə görülməlidir. Çalışdığımız peşənin həvəskarı olmalıyıq. Bu zaman işlədiyimiz ixtisasda fayda verə bilərik. 

 
- Sabahın alimlərini yetişdirən müəllim üçün təhsil nədir? Təhsilin vacibliyini necə ifadə edərsiniz?
- Təhsil inkişafın başlanğıcıdır və mütləqdir. Ola bilər ki, bir əsr bundan öncə vacib deyildi, amma indiki zamanda təhsil mütləq lazımdır. Təhsilli vətəndaş dövlətin gücü, qüvvəsidir və təhsilin yaşı yoxdur. Beşikdən qəbrə qədər elm öyrənmək lazımdır. Tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb edib. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsi ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tutur və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar. Tərəqqi təhsildən başlayır.

- Samir müəllim, məşhur kəlamda deyilir ki, alim olmaq asandır, insan olmaq çətin. Hər kəs alim ola bilərmi?
- Asan heç nə yoxdur. Hər bir nailiyyət zəhmət hesabına olur. Alim olmaq böyük zəhmət tələb edir. İnsan öz üzərində işləyir, vaxtını oxumağa və tədqiqata həsr edir. Mənə görə, insan olmaq da, alim olmaq da çətindir. Hər kəs alim ola bilməz. Amma alim olmasan da, insan olmaq məcburiyyətindəsən. 

- "Sabahın alimləri”ndən danışaq. Bu günün alimi sabahın alimini yetişdiribmi?
-2012-ci ildən bu müsabiqə başlayıb. İlk buraxılışımızın əksəriyyəti hazırda Azərbaycanda və xaricdə təhsillərini davam edirlər. Onlar mənlə əlaqə saxlayanda sevinirəm. İndi zəhmətimin bəhrəsini görürəm. Şagird yazanda ki, "müəllim, mən filan ölkədə elmlə məşğul oluram” sevinir, zövq alıram. Bəzən köhnə videoları yayımlayıb, "adamın belə müəllimi olar” deyirlər. Mənə o videoları övladlarım göstərir. Bundan böyük fəxr nə ola bilər ki? Qazancım da budur. Şagirdlərin gözlərindəki işıqdan zövq alıram. Mənəvi dəyər mənim üçün hər şeydən daha üstündür.

- "Adamın belə müəllimi olar” deyirlər. Bu etimadı necə qazanmısınız?
- Yayılan videoda mən uşaqların müsabiqədə iştirakını dəstəkləyir, onlarla söhbət edirdim. O qədər həvəslə danışmışam ki, video çəkilişindən xəbərim olmayıb. Mən onlarla həm tələbkar müəllim, həm də dostam. Çox can yandırıram. Yarışa gedəndə, keçirdikləri həyəcanı mən də onlarla keçirirəm. Şagirdlərimi öz övladlarım kimi sevirəm. Həyatda ən böyük xoşbəxtlik odur ki, insan istədiyi sənətlə məşğul olsun. Mənim üçün bu, böyük şansdır. Mən şagirdlər və tələbələrlə işləməkdən zövq alıram. Şagirdlərimin sevgisi isə ən böyük motivasiyamdır. Tək məqsədim odur ki, övladlarımız, Azərbaycan gəncləri savadlı, elmli olsunlar. Övladımızın hansısa müsabiqədə qalib gəlməsindən gözəl nə ola bilər ki? Biz ki, qürur hissi keçiririk, ondan gözəl hiss yoxdur.

- Şagirdlərinizə övladlarınız kimi yanaşırsınız?
- Bəli. Bu, məndən asılı deyil. Müsabiqəyə gələn uşaqların əksəriyyətində öz uşaqlığımı görürəm. Hətta stressə də düşürlər, qalib gəlməyəndə göz yaşlarını görürəm. Mən onlara "qızım”, "oğlum” deyə müraciət edirəm. İşimdə elə bir məqam olmayıb ki, hansısa şagird məndən narazı qalsın.

- Bəs necə atasınız? Övladlarınız sizi şagirdlərinizə qısqanırmı?
- Övladlarımla münasibətimə gəldikdə isə yaşaya-yaşaya öyrənirəm. İlk övladımda səhvlərim çox oldu. Bu gün valideynlərə irad tuturam ki, övladlarınıza təzyiq göstərməyin. İmkan verin onlar istəklərini həyata keçirsinlər. İkinci övladımda tam fərqli münasibət göstərdim. Mən görürəm ki, o sərbəstdir və tətil vaxtı belə dərslərini oxuyur. Kiçiyi isə tam azaddır. Artıq nəyə marağı varsa, onu təmin etməyə çalışram. Birinci övladımda məcburiyyət var idi. İkincisində məcburiyyət olmayıb, amma istiqamət verməyə çalışdım. Üçüncüsü isə tam sərbəstdir. Bəli, qısqanclıq birmənalı olur (gülür). Təbii ki, insan öz övladına təzyiq göstərir, səsini ucalda bilir, amma şagirdinə yox. Onlara bəzən əsəbiləşib səsimi ucaldanda qısqanırlar, şagirdləri daha çox istəyirsən deyirsən. Evdə ata oluram. Şagirdlərimlə isə əsl müəllim. Müəllim öz hislərini cilovlamağı bacarmalıdır.
 


- Bəzi insanlar düşünür ki, kasıbsansa yaxşı təhsil ala bilməzsən. Necə düşünürsünüz təhsil üçün həqiqətən pul lazımdırmı?
-  Mən oxuduğum dövrdə həmişə deyirdim ki, oxuyan insan üçün öncə müəllim lazım deyil. Müəllim istiqamət verir, dərsini danışır, yol gaöstərir. Oxumaq üçün birinci növbədə insan özü çalışmalıdır. Bunun üçün hər cür şərait var. Əvvəl kitabxanaya getmək, kitab almaq məcburiyyəti var idisə, indi internetdə kifayət qədər kitablar var. Ola bilər ki, imkanı olmayan tələbə hər hansı xarici universitetdə təhsil haqqını ödəyə bilməz. Amma respublikamızda kifayət qədər universitetlər var. Kimsə yüksək səviyyədə təhsil almaq istəyirsə, bunun üçün var-dövlətə ehtiyac yoxdur. Oxumaq istəyən oxuyur. Mənim şagirdim var idi ki, kənddən şəhərə gəldi, yüksək balla qəbul oldu. Tələbələrimin böyük hissəsi ucqar kənd sakinidir. Elə bir valideynin övladıdır ki, ata-anası gecə-gündüz tarlada çalışır. Amma yüksək balla universitetə qəbul olur.  Yəni, oxumaq istəyən oxuyur.

- Beynəlxalq müsabiqədə münsif kimi iştirak edən ilk azərbaycanlı alimsiniz. Amerikada münsif kimi bizi təmsil edəcəksiniz. Bu qərarı gözləyirdinzmi?  
- Müsabiqə başlayanda təşkilat komitəsi tərəfindən əlaqələndirici şəxs seçildim və onlarla işlədim. Bu prosesdə məni tanıdılar. Sonra uşaqlarla rəhbər kimi iştirak edəndə əlaqələr yarandı. Komandamızın hazırlıqlı olduğunu gördülər. Orada bütün dünyadan 3-4 min şagird toplanır. Təlimlərdə iştirak etdim, düşünürəm ki, gördüyüm işlərin nəticəsi olaraq məni seçdilər. Qrup rəhbəri kimi iştirak edərkən münsiflərə diqqət edirdim və görürdüm ki, onlara münasibət tam fərqlidir. Onların yerində olmaq istəyirdim, amma bu, sadəcə arzu idi. Münsif kimi seçilməyim mənim üçün də gözlənilməz oldu. Sual verdilər ki, sizi münsif kimi dəvət edirik, etiraz etmirsiniz ki? Açığını deyim ki, təşviş içində idim, çünki böyük məsuliyyətdir. Sonra razılığımı verdim. Arzuladığım yerdə idim artıq. Bizim güclü alimlərimiz var. Amma kompleksliyik və kənara çıxmaqdan çəkinirik. Dünyada özümüzü yüksək səviyyədə təmsil edə bilərik, sadəcə, çəkinməmək lazımdır. Biz savadlı və bacarıqlı millətik.

Aygün ƏZİZ