• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Şagirdlərə mütaliə sevgisi aşılanır

04.06.13 08:14 1958
Şagirdlərə mütaliə sevgisi aşılanır
Erkən yaşlarından mütaliənin uşaqların gələcək inkişafına təsiri əvəzsizdir. Heç bir müasir texnologiya mütaliə qədər zehni inkişaf etdirə bilmir. Lakin uşaqlarımız günü-gündən mütaliədən uzaqlaşır. Hətta günahkar da tapılıb: “İnternet”.
Bu məsələ ilə bağlı valideyn və şagirdlər arasında sorğu apardıq. Belə məlum oldu ki, şagirdlərlə düzgün münasibət qurmaq uşaqları nəinki mütaliəyə cəlb etmək, onlarda mütaliəyə sonsuz maraq və məhəbbət yarada bilər. Bu məsələ ətrafında araşdırma apararkən diqqətimizi Avropa Azərbaycan Məktəbi cəlb etdi. Sözügedən məktəbdə şagirdləri mütaliəyə yönəltmək üçün müxtəlif metodlardan istifadə olunur. Bu, birinci sinif şagirdləri və valideynlərlə olan söhbətdən aydın oldu.
Valideyn Məmmədova Xoşnişanın sözlərinə görə, dərsdə şagirdlərə sərbəstlik verilir. Sərbəstlik şagird və müəllim arasında dost münasibəti yaradır, uşaqlar valideynə demədiyi problemi belə müəllimləri ilə paylaşır:
- Mənim nəvəm 1-ci sinifdə oxuyur. Bu məktəbin tədrisi mənim çox xoşuma gəlir, digər məktəblərlə müqayisə olunmayacaq dərəcədə fərqlər çoxdur.
Məktəbə təzə qədəm qoymuş birincilər də məktəblərindən çox razıdırlar, onlar dərsə həvəslə gedirlər. Şagirdlər məktəbdə təhsil almaqla yanaşı, dərnəklərə də üzv olurlar. Bu isə onlarda təhsilə marağı artırır. Şagirdlərin dünyagörüşlərinin artmasında müəllimlərin rolu böyükdür. Birincilərin dünyagörüşlərinin inkişafında ibtidai sinif müəllimi Təranə xanımın əvəzsiz rolunu həm şagirdlər, həm də valideynlər vurğuladılar. Təranə xanımın şagirdlərə aşıladığı kitab sevgisinin nəticəsində hərfləri yeni öyrənmiş uşaqlar mütaliəyə can atır. Müxtəlif dillərdə hekayə və nağılların şagirdlər tərəfindən səhnələşdirilirməsi onlarda kitablara olan məhəbbəti daha da artırır.
Məktəbdə müxtəlif dillər də tədris olunur. Birincilər keçirilən ingilis dili dərslərinə də həvəslə girirlər. Şagird və müəllim dostluğunu burada da görmək olar. Birincilərin müəllimlərinə "Miss Aynur" müraciəti səmimiliyin təzahürüdür.
Məktəbdə keçirilən idman və musiqi dərsləri şagirdlərin sağlam olması ilə yanaşı, onların idmana marağını və musiqi duyumlarını artırır. Hovuzda üzgüçülük dərsləri keçirilir, eyni zamanda, maraqlı müsabiqələr də təşkil olunur. Rəsm dərsi şagirdlərə incə zövq aşılayır. İnformatika dərsində şagirdlər təkcə müasir texnologiyanı deyil, həm də kompüterdən düzgün və məqsədyönlü şəkildə istifadə etməyi öyrənirlər. Mütəmadi olaraq məktəbin psixoloqu şagirdlərin problemləri ilə maraqlanır, psixoloji durumlarını daima öz nəzarətində saxlayır.
Tədris ilinin sonunda birincilərin təşkil etdiyi "Əlifba bayramı" da təqdirəlayiqdir. Tədbirdə sanki Avropa ilə Azərbaycan arasında bir körpü qurulmuşdu. Bu bağlılıq əsnasında gözəl səhnəciklər təqdim olundu.
Sonda Xoşnişan xanım bütün valideynlər adından bu tədris ilində uşaqların üzərində böyük zəhməti olan bütün məktəb heyətinə öz təşəkkürünü bildirdi.
Zülfiyyə
banner

Oxşar Xəbərlər