Şagirdlərə ev tapşırığı verilsinmi?
Ümumtəhsil məktəblərində
məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağı ilə bağlı Təhsil
Nazirliyinin açıqlaması diqqəti həmçinin orta ümumtəhsil məktəblərində, o
cümlədən liseylərdə, gimnaziyaların ibtidai siniflərində təhsil alan
şagirdlərin ev tapşırığı məsələsinə yönəldib. Belə ki, kurikulim təliminə keçid
şagirdləri ev tapşırığından azad etmək tələbi qoysa da, bəzi məktəblərdə hələ
də şagirdlərə ev tapşırıqlarının verilməsi hallarına rast gəlinir. Hərçənd bəzi
valideynlər "ev tapşırığı uşağın məsuliyyətini artırır, dərsə marağını
çoxaldır” desə də, bəziləri övladının dərs yükünün ağırlığından şikayətlənərək
"uşaq yorulur” deyə gileylənirlər.
Övladı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının
4-cü sinfində təhsil alan valideyn Solmaz Əliyeva
uşağına gündəlik çoxlu tapşırığın verilməsindən şikayətlənir: "Əgər kurikulum
təlimidirsə, nə üçün müəllim bütün fənlər üzrə tapşırığı evə verir? Uşaq
dərsdən gələndən sonra növbəti günün tapşırıqlarını həll edir. Demək olar ki,
onun istirahət üçün boş vaxtı qalmır. Çalışmalar isə get-gedə çətinləşir. Biz
də, uşaq da çətinlik çəkirik. İndiki məktəb, proqram və müəllimlər təkcə
uşaqların deyil, valideynlərin də çiyninə ağır yük qoyurlar”.
Valideynin dedikləri ümumilikdə bu gün
cəmiyyətdə yer alan "məktəblinin dərs yükü ağırdır” fikirləri ilə üst-üstə
düşür. Yəni uşaqların dərs yükünün həddi və həcminin qeyri-müəyyənliyi uşaqları
yorur, onlar gərginlik içərisində çalışırlar, zəif orqanizmləri bu yükü çəkə
bilmir və s. Hərçənd ölkədə kurikulum təlimi tətbiq ediləndə də məqsəd dərs
yükünün azalması və proqramların nisbətən dəyişdirilməsi olub. Yəni hər bir
dərs təfəkkürün inkişafı istiqamətinə yönəldilməlidir.
Ancaq məsələnin
digər tərəfi bütün çalışmaları sinifdə müəllimin nəzarəti və komanda şəklində
həll edən uşaqlarla bağlıdır. Onlar evdə rahatca istirahət edir və ya dostları
ilə oynamağa vaxt tapırlar. Onların artıq növbəti dərs gününə qədər "kitab-dəftər
açmaq” adlı qayğısı yoxdur. Ev tapşırığının verilmədiyi məktəblərdə övladı təhsil alan bəzi
valideynlər təbii ki, təfəkkürün inkişafına yönəlmiş sistemdən razılıq edərək
müasir məktəbin yaddaş məktəbindən idrak məktəbinə çevrilməsini, nəzəri biliklərdən
daha çox şagirdin bacarığı istiqamətində təhsil aparılmasını alqışlayırlar. Onlar
hər şeydən əvvəl evdə övladlarının dərsinə vaxt sərf etməmələrindən də rahatlıq
duyurlar.
Ev tapşırıqları olmamalıdır
"Müəllim
şagirdi ev tapşırıqları ilə yükləməlidirmi, yoxsa şagird çalışmaları sinifdə
etməli, evdə istirahətə daha çox vaxtı olmalıdır?” suallarına cavab axtararkən
birmənalı olmayan fikirlərlə qarşılaşdıq. Belə ki, ölkə təhsilində 2006-cı
ildən kurikulumun tətbiq edildiyini bildirən təhsil eksperti Kamran Əsədov hazırda birinci sinifdən doqquzuncu
sinfə qədər şagirdlərin dərs vəsaitləri və tapşırıqlarının kurikulum sistemi
əsasında həyata keçirildiyini qeyd etdi. Belə ki, kurikulum istər Azərbaycan
təhsili, istərsə də müəllimi üçün yeni bir sistemdir: "Bu metod özü ilə müəyyən
boşluqlar da gətirdi. İstifadə etdikləri dərs vəsaitləri və kitablar kurikulum
əsasında yazılmasına baxmayaraq, hələ də müəllimlər ənənəvi formada həm tədris
prosesini həyata keçirirlər, həm də hazırlıq prosesində tapşırıqları evə hazır
şəkildə verirlər. Kurikulumun tələblərinə görə, ev tapşırıqları olmamalıdır.
Dərsliklərdə olan tapşırıqların sayı ev üçün nəzərdə tutulmur. Bu tapşırıqlar
sinifdə komanda şəklində işlənib müzakirə edilmək üçündür. Bu barədə hələ də
təəssüf ki, Təhsil Nazirliyinin münasibəti ilə rastlaşmamışam”. Ekspert
bildirir ki, kurikulumun tələblərinə görə, şagirdlərə ev tapşırığı verilərkən
onların ağırlıq dərəcəsinə diqqət yetirilməlidir: "Tapşırıq var ki, şagirdlər
tərəfindən təkbaşına evdə yazıla bilməz. Çox vaxt tapşırıqlar həddən artıq ağır
olur. Bunun üçün uşaqların içərisindən biri çox vaxt tapşırığı yazır, o biri
uşaqlar da dərsə tez gəlir və yoldaşlarından köçürürlər. Və yaxud informasiya
texnologiyaları inkişaf etdiyindən şagirdlərdən hansı ev tapşırığını edibsə,
sosial şəbəkələr vasitəsilə yoldaşlarına ötürür. Ona görə də kurikulumun
tələblərində ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin marağını artırmalı,
onları digər vasitələrdən istifadə edərək təhsildən uzaqlaşdırmamalıdır”.
Ekspert hesab edir ki, dərsliklərdə idrakın inkişafına, həyat bacarıqlarına
yiyələnməklə bağlı müsbət təsir göstərəcək kifayət qədər tapşırıq yer alıb:
"Təəssüf ki, müəllimlərin böyük faizi hazırda da kurikulumun tələblərindən
anlayışları olmadıqlarına, qısamüddətli kurs keçdiklərinə görə hələ də ənənəvi
üsullardan istifadə edərək öz təlim üsullarını həyata keçirirlər. Tapşırıqların
evə verilməsi heç də yaxşı nəticəyə gətirib çıxara bilməz. Eybi yoxdur, qoy
uşaqlar tələb olunan tapşırıqları yerinə yetirə bilməsinlər, vaxtları çatmasın,
amma hamısını sinifdə etsinlər”.
K.Əsədov hesab edir ki, təzə yazılmış
dərsliklərdə tapşırıqlar kifayət qədər ağırdır. Belə ki, şagirdlər onları evdə
təkbaşına yerinə yetirə bilməzlər. İbtidai sinifdə oxuyan şagirdlərin
valideynləri mütləq şəkildə evdə uşaqlarının dərsi ilə, dərs hazırlıqları ilə
məşğul olmalıdırlar: "Çünki onlar həm də yeni həyati bilgiləri öyrənirlər.
Yuxarı siniflərdə isə valideynin şagirdlərin dərsinə nəzarət etməsi mümkün
deyil. Çünki onların valideynlərinin təhsil aldığı dövrdə keçdikləri fənlər və
oxuduqları kitablarla hazırkı dərsliklər arasında kifayət qədər ciddi fərq var.
Artıq şagirdlərə məntiqi təfəkkür tələb edən tapşırıqlar verilir. Uşaq bəzən
tapşırığın həlli üçün valideyndən kömək istərkən valideyn ona məsləhət verə
bilmir. Nəticədə uşağın da fənnə marağı azalır. Ona görə də çətin tapşırıqlar
evə verilməməlidir. Çünki şagird həmin tapşırığı edərkən həvəsdən düşəcək və
yaxud internet resurslarından istifadə etməklə hazır cavabı əldə edəcək. Bu
baxımdan bu tipli tapşırıqlar sinifdə, müəllimin nəzarəti altında həyata
keçirilməlidir”. Ekspertin sözlərinə görə, kurikulumun tələblərindən biri də
şagirdin özünün əlavə kömək olmadan dərslərini öyrənə bilməsi ilə bağlıdır:
"Azərbaycan artıq bir nəsil kurikulum kitabları nəşr etdirib. Demək olmaz ki,
bu dərsliklərdə kurikulumun tələbləri bütün detalları ilə əksini tapıb.
İnanıram ki, növbəti nəşrlərdə düzəlişlər olacaq. Ona görə hesab edirəm ki,
müəllimlər bu məsələdə çox diqqətli olmalı, uşaqları əlavə yükləməklə
valideynləri pis durumda qoymamalıdırlar”.
Azacıq da olsa ev tapşırığı
60 saylı Klassik Gimnaziyanın ibtidai sinif müəllimi Ulduza Ocaqova hesab edir ki,
kurikulumun tələblərinə görə, şagirdlərə ev tapşırığı verilməməlidir. Bununla
belə, hazırkı şagirdlərlə keçmişdəki şagirdləri müqayisə edəndə az miqdarda da
olsa ev tapşırığı olmalıdır: "Xüsusən Azərbaycan dili və riyaziyyat fənni ilə
bağlı ev tapşırıqları olmalıdır. Əlbəttə, bütün səhifədəki tapşırıqları verib
uşağı yükləmək olmaz. Heç olmasa iki tapşırıq verilməlidir. Müəllim öz seçimi
ilə əlaqədar ən yüngül tapşırıqları evdə həll etmək üçün şagirdə verə bilər.
Ola bilər ki, informatika, riyaziyyat dərslərində hansısa bir tapşırığı sinifdə
başa çatdıra bilməsinlər və onun ardını evdə həll etmək üçün şagirdə tapşırmaq
olar. Kurikulum elədir ki, biz keçmişə qayıtmırıq, sabahkı dərsi keçirik. Ona
görə 1-2 tapşırıq qalırsa, biz onu evə verə bilərik”. U.Ocaqovanın fikrincə,
evə tapşırıq verən zaman valideyni də nəzərə almaq lazımdır ki, çalışmaların
həllində uşağına kömək edə bilsin. Belə ki, hazırkı kurikulum müəlliminə
şagirdlərə evdə tapşırığın verilməməsi tövsiyə edilsə də, şagirdlərə yüngül
tapşırıqların verilməsi təqdirəlayiqdir: "Çünki evə tapşırıq verilməyəndə uşaq
tənbəlləşir. Əsas problem odur ki, uşaqlar tənbəldir. Bu il artıq 9-cu
siniflərin də kurikulumla işlədiyini nəzərə alsaq, müəllimə hesab edir ki,
şagirdlər məsələn, evdə mütaliə etməlidirlər. Onların mütaliəsi zəifdir. Hamısı
internetdən istifadə edirlər. Oxu səviyyələri aşağıdır. Bu baxımdan şagirdlərin
xüsusən yuxarı siniflərə qalxdıqca evdə dərs hazırlamalarına da ehtiyac var».
Şagirdlərə ev tapşırığının verilməsi, çalışmaların
həcm və həddi məsələsinə ikili münasibət əslində kurikulum islahatları
mərhələsinin təhsildə yeni bir istiqamət açdığına dair ziddiyyətli mövqeni
ortaya çıxarır. Yəni ənənəvi təlim metodları yeni təlim metodlarını hələ ki
üstələyir. Hansının qalib gələcəyini və ya daha yaxşı nəticə verəcəyini isə
yəqin ki, yeni təlim metodu tətbiq olunana qədər zaman göstərəcək.
Təranə Məhərrəmova