Şagirdlər nə oxusun?
İki il əvvəl yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ilə
bağlı təhsil naziri tərəfindən ümumtəhsil məktəblərinin rəhbərlərinə verilən
tapşırıq, həmçinin ədəbiyyat siyahısının tələbi bu istiqamətdə təkcə
müəllimlərin deyil, o cümlədən valideyn və şagirdlərin də məsuliyyətini xeyli artırdı.
İndi də nazirin tapşırığını unutmayan məktəb rəhbərləri yox deyil. Eyni zamanda,
mütaliə məsələsini yada salmayanlar da...
Digər problem isə şagirdə mütaliə siyahısı veriləndə, valideynin "kitabı
haradan tapmalı?” sualı ilə üzləşməsidir. Yəni yay dövründə məktəb kitabxanası bağlıdırsa,
kitab mağazalarından hər hansı əsəri almağa valideynin maddi imkanı çatmırsa,
onda kitabı haradan əldə etməli?
Valideynlərin və uşaqların qayğısını yüngülləşdirmək baxımından
anoloji problem artıq Rusiyada həllini tapıb. Belə ki, kitabxanaların bu
istiqamətdə təklif etdikləri xidmətlər müsbət qarşılanıb. Kitabxanlar internet
vasitəsilə pulsuz kitablar paylamağa başlayıblar. Yəni uşaq sayta daxil olmaqla
qeydiyyatdan keçir və hansı kitabı axtardığını qeyd edir. Portal uşağın
yaşadığı ünvana yaxın kitabxalanaların xidmətini təklif edir. Qeydiyyatdan
keçən uşaqlar istədikləri kitabı sifariş verir, sonra kitabxanaya yaxınlaşaraq əldə
edirlər. Maraqlısı odur ki, 6 iyun tarixində elanı verilən xidmətdən artıq 6000-dən
çox insan yararlanıb. Ümumilikdə portalda 250 min kitab adı yer alıb. İstəyənlər
həmin kitabları pulsuz əldə edə bilirlər. Əksər kitablar da 1970-ci illərə
məxsusdur. Bu xidmət təkcə yay tətili dövründə şagirdlərin mütaliədən uzaq
düşməməsi üçün deyil, həm də kitabxana fondunun yenilənməsi, köhnə nəşrlərdən
xilas olması məqsədi daşıyır. "Hər il uşaqlara mütaliə ilə bağlı kitablar
təklif etməklə onların oxumaq həvəslərini artırmağa çalışacağıq” - deyə
kitabxana rəhbərləri bildirirlər.
Artıq ölkəmizdə yay tətilinə start verildiyi ərəfədə "uşaqlar yay
dövründə nə oxuyacaq?” sualı bizim valideynləri qayğılandırmağa başlayıb. Həm kitab
axtarışı, həm şagirdlərin həvəssizliyi, həm də mütaliəyə yönəlik layihələrin
olmaması problemi daha da dərinləşdirir.
Əyləncəli mütaliə
Baxmayaraq ki, Firudin bəy
Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini
Zahirə Dadaşova uşaqlarla kitabxana arasında sıx əlaqələr qurulduğunu, bu
istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini deyir, bu heç də mütaliənin
şagirdlər arasında kütləviləşməsinə bəs eləmir: "Kitabxana tərəfindən yaxın
ərazilərdə oxu zalları təşkil edilir. Zabitlər bağı, Zorge parkı və Atatürk
parkında təşkil edilən səyyar oxu zallarına çoxlu uşaqlar maraq göstərir. Kitabxananın
işçiləri skamyalar üzərində kitabları düzürlər. Müxtəlif yaş dövrünü əhatə edən
kitabları valideynlər də, uşaqlar da oxuyurlar. Bu, bir növ əyləncəli
mütaliədir. Ərazidə yaşayanların çoxu, həmçinin kitabxananın fəaliyyətindən də
xəbər tuturlar. Həmçinin uşaq sanatoriyalarında da bu cür kitab mütaliələrini
təşkil edirik. Təəssüf ki, iki il əvvəl yüzdən çox kitab verdik, ancaq sanatoriyanın
təmirindən sonra həmin kitablar it-bata düşdü”.
Z.Dadaşova hesab edir ki, xüsusən yay dövründə uşaqların kitablardan
yararlanması üçün onların mütaliəsini təşkil etmək lazımdır: "Əvvəllər yay
pioner düşərgələrində bu cür oxu zallarını təşkil etmək daha rahat olurdu. İndi
artıq bu cür düşərgələr olmadığından, biz açıq havada oxu zalları təşkil etməyə
üstünlük veririk». Z.Dadaşovanın fikrincə, ilboyu oxuyan uşaq yay tətilində də
mütaliə edir: «Mütaliə vərdişi uşaqdan asılıdır. Uşaq var ki, valideyni məcbur
edir, oxuyur, uşaq da var ki, müəlliminin qorxusundan əlinə kitab alır. Burda
valideynin də, müəllimlərin də, kitabxanaçıların da rolu olmalıdır. Uşaqlara
mütaliə vərdişlərini aşılamaq lazımdır». Uşaq kitabxanasının elektron virtual
xidmətinin olduğunu qeyd edən Z.Dadaşova saytda tam mətnli elektron kitabların
yerləşdiyini bildirir: «Düzdür, mütaliə zamanı çap məhsulu kimi həmin zövqü
almaq olmur. Ancaq elə uşaqlar var ki, internetdən oxumaq istəyirlər. Ona görə
də virtual oxucularımız çoxdur. Gün ərzində 60-70 oxucumuz sayta daxil olur».
Kitabın uşağın əlində
olması
Uşaqların internet vasitəsilə mütaliəsinin tərəfdarı olmayan Təhsil Şurasının sədri Əjdər Ağayev«Tədris prosesində də elektron sistemlərdən istifadə olunur. Yay dövründə də
elektron vasitələrdən istifadə uşaqların fiziki baxımdan zəifləməsinə, görmə
qabiliyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də uşaqların
sağlamlaşması istiqamətində addımlar atılmalıdır» - deyir: "Hər bir məktəb
şagirdlərinə ədəbiyyat siyahısı verməlidir ki, kitabxanalardan alıb oxusunlar.
Kitabın uşağın əlində olması mühüm amildir. Çünki o, kitabxanalarla da
ünsiyyətdə olur”. Ə.Ağayevin fikrincə, mütaliəni təşkil etmək üçün, həmçinin
valideynlərin də rolu olmalıdır. Belə ki, onlar övladları üçün müvafiq nəşrləri
kitab dükanlarından almalıdırlar: "Uşaqların kitabxanalara da getmələri
vacibdir. Kitabxanaların hamısı uşaqlarla layihələr həyata keçirməlidir.
Kompleks halda uşaqların mütaliəsi istiqamətində tədbirlər həyata keçirilsə,
bu, öz bəhrəsini verər».
Kitabxanalarda kifayət
qədər kitab olsa...
Yazıçı Reyhan
Yusifqızının fikrincə, uşaqlar maraqlı və müasir kitablar oxumaq istəyirlər.
Həmin kitabları isə uşaqlara böyüklər təklif etməlidir: "Problem ondadır ki,
hazırda bazarda keyfiyyətli kitablar həddindən artıq çoxdur. Valideynlər də
onların arasından seçim etməyi bacarmırlar. Ona görə də vaxtilə Təhsil
Nazirliyi mütaliə üçün uşaqlara kitablar təklif etdi. Hesab edirəm ki, uşaqlara
xarici ədəbiyyatdan, klassikadan və müasir yazıçıların əsərlərindən kitablar
tövsiyə etmək lazımdır”. Yazıçı hesab edir ki, xüsusən müasir yazıçıların
əsərləri uşaqlara daha yaxındır. Belə ki, onlar həmin əsərlərdə öz həyatlarını,
sinif yoldaşlarını, ətraflarını görürlər: "Həmin əsərlərdəki mühit uşaqlara
tanışdır. Bu baxımdan, o əsərlər uşaqlara çox maraqlı görünür”.
Uşaqların elektron kitabxanalardan istifadəsinə gəlincə, yazıçının
fikrincə, bizdə elektron kitabxanalar o qədər populyar deyil: «Valideynlər
hesab edirlər ki, elektron vasitələr uşaqların
səhhətinə ziyandır. Uşaq bütün günü kompyuterin qarşısında otura bilməz.
Bu baxımdan, uşaqlara internet üzərindən kitab oxutdurmaq o qədər yayılmayıb.
Ola bilsin ki, bu vasitələrlə də oxuyan olacaq, ancaq hesab edirəm ki, bu,
geniş kütləni əhatə etməyəcək. Bizim kitabxanalarda da internet vasitəsilə
xidmət ola bilər. Yəni uşaq kitabı seçsin, sonra da gedib götürsün. Uşaq pulsuz
kitabı kitabxanlardan alıb oxuyacaq». R.Yusifqızı kitabxanaların məktəblərlə və
ümumən şagirdlərlə əlaqələrinin sıxlaşmasına ehtiyac olduğunu bildirir: «Məktəb
kitabxanalarında demək olar ki, maraqlı kitablar çox azdır. Bir neçə köhnə
kitab və ya jurnal ancaq tapmaq olur. Əgər məktəblərin kitabxanalarında kifayət
qədər kitab olsa və müəllimlər də uşaqları yönəltsələr, onda müsbət nəticə əldə
etmək olar. Məsələn, bir həftə dedektiv əsərlərin mütaliəsi həftəsi keçirilə
bilər. Uşaqlar bu janrda əsərləri oxuya və müzakirə edə bilərlər. Və yaxud bir
həftə "Andersenin nağılları həftəsi” keçirilsin. Amma bunun üçün gərək məktəbin
kitabxanalarında kitablar olsun. Ən yaxşı yol məktəb kitabxanalarını
zənginləşdirməkdir”. Yazıçı bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən
şagirdlər üçün ədəbiyyat siyahısı tərtib edildiyini və nəşriyyatlardan
kitabların alınaraq məktəblərə paylandığını müsbət nümunə kimi xatırlayır:
"Təəssüf ki, kitabxanalar olsa da, orada kitab satmağa icazə verilmir. Belə
çıxır ki, məktəbdə ərzaq məhsulları satmaq olar, ancaq kitab satmaq olmaz.
Kitab satılsa, hansı uşaq istəyirsə pulunu verib alacaq. Burada pis heç nə
yoxdur. Hesab edirəm ki, məktəblərdə həm də uşaqlara aid kitablar
satılmalıdır».
Uşağı yayda da çalışdırmaq
lazımdır
6 saylı məktəbin Ana dili
və ədəbiyyat müəllimi Əminə Səfərova dərs dediyi bütün
siniflərdə şagirdlərə yay tapşırığı verdiyini deyir: "Uşaqlarda yay tətilinə
çıxanda həmişə ədəbiyyat siyahısı olub. Azərbaycan və dünya ədəbiyyatından ən
vacib hesab etdiyim nümunələri həmin siyahıya daxil etmişəm. Təəssüf ki, onlar
sentyabrda dərsə qayıdanda bunu onlardan yüz faiz ala bilməmişəm. Mütaliə
mədəniyyəti uşaqlıqdan formalaşır. Bu, ailədən gələn mədəniyyətdir. Sonra bu
mədəniyyət ibtidai sinifdə formalaşır, yuxarı siniflərdə isə daha da
təkmilləşir. Bünövrəsi olmayan uşaqla işləmək çox çətindir. Ancaq onlar buna
məcburdurlar ki, ədəbiyyat oxusunlar. Çünki bilirlər ki, ədəbiyyat oxumaq,
onların həyat haqqında təfəkkürlərini formalaşdırmaq deyil, eyni zamanda, nitq
mədəniyyətinə, ünsiyyətinə xidmət edən vasitədir”. Müəllimə bütün siniflərdə
«Kitabi Dədə Qorqud», «Koroğlu» dastanları, «Azərbaycan nağılları», «Şifahi
xalq ədəbiyyatı nümunələri», «Kiçik həcmli hekayələr», Süleyman Rəhimovun,
Mirzə İbrahimovun, Mircəlalın hekayələrini və s. əsərləri oxumaq üçün verdiyini
deyir: "Uşaqlar üçün daha çox anlaşılan, onların psixologiyasına uyğun olan
əsərləri siyahıya daxil edirəm. Hər yaş dövrünün öz marağı var. Çalışıram ki,
onların yaş səviyyəsinə uyğun olan əsərləri təqdim edim. "5” almaq istəyənlər mütləq bu
ədəbiyyatı oxumalıdırlar. Onlar yaxşı bilirlər ki, həmin əsərləri oxumaqla nə
qazanacaqlar. Biz, həmçinin sinifdə əsərlərin müzakirəsini də keçiririk.
Təəssüf ki, bizim proqram saatımız buna tam kifayət eləmir. Valideynlərimizin
də mənfi xüsusiyyəti odur ki, «uşağa tətil istirahət üçün verilir» deyirlər.
Ancaq uşağı yayda da çalışdırmaq lazımdır. İndi elə zamandır ki, uşaqları
kompyuterdən qoparmaq mümkün deyil. Düzdür, kompyuterlə də məşğul olmaq
lazımdır, inkişafdan geri qalmaq olmaz. Çox mütaliə edən uşağın təfəkkürü ilə
heç mütaliə etməyən uşağın təfəkkürü dərhal fərqlənir”.
Ə.Səfərova hesab edir ki, kitabxanaların zənginləşməsinə də ehtiyac
var. "Uşaq kitab üçün müraciət edəndə, kitabxana onun tələblərinə cavab
verməlidir. Həm də uşaqların kitabxanalarla əlaqələrini möhkəmləndirmək
lazımdır ki, onlar kitab axtaranda həmin ünvana gedə bilsinlər”.
Hələlik isə bizim məktəblərlə valideynlər və şagirdlər arasındakı
əlaqə uşaqların mütaliəyə aludə olmasını təmin edə bilmir. Nəzərə alsaq ki,
kitabxanalar da bu məsələdə aktiv deyillər, onda problem uşağın öz həvəsinin
ümidinə qalır. Əlbəttə, heç olmasa ailədən gələn həvəs olsa...
Təranə Məhərrəmova