• çərşənbə axşamı, 16 aprel, 15:39
  • Baku Bakı 19°C

Şagirdi məktəbə necə bağlamalı? Araşdırma

15.11.13 11:05 3784
Şagirdi məktəbə necə bağlamalı? Araşdırma
Təhsil Nazirliyi yeni dərs ilindən şagirdlərin, xüsusilə, yuxarı sinif şagirdlərinin dərslərə davamiyyətini araşdırmaq məqsədilə yoxlamalar aparacaq. Belə ki, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub, məktəb direktorlarına lazımi göstərişlər verilib. Məlumatlara görə, təhsil şöbələri bu məqsədlə davamlı araşdırmalar aparır. Təhsil Nazirliyi də öz növbəsində seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək. Orta məktəblərdə davamiyyəti yoxlamaq üçün yaradılan komissiyanın əsas məqsədi ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarını üzə çıxarmaq, səbəblərini aydınlaşdırmaq və məktəblərə qaytarmaqdır. Bu isə o deməkdir ki, artıq şagirdlər üzrlü səbəb olmadan dərslərdən yayına bilməzlər.
Valideynlər və müəllimlər ümid edirlər ki, yeni qərar qüvvəyə minəndən sonra həm müəllimlərin, həm məktəb rəhbərliyinin, həm də şagirdlərin məsuliyyəti daha da artacaq, davamiyyət də düzələcək.
Dərslərə təsadüfən getsəniz
Əməkdar müəllim Almaz Həsrət isə hesab edir ki, şagirdlərin dərsə davamiyyətinin zəif olmasında əsas səbəb dərslərin şagirdlərin tələbatına uyğun olaraq qurulmamasıdır. Belə ki, yuxarı sinif şagirdləri müasir texnologiyalar dövründə, informasiya bolluğunda yaşadıqlarını başa düşürlər. Amma müəllimlərin əksəriyyəti o qədər darıxdırıcı, dar və ənənəvi çərçivənin içərisində dərs keçir ki, şagirdlərdə dərsdə oturmağa maraq qalmır. Nəticədə şagirdlərin davamiyyəti aşağı düşür. A.Həsrətin fikrincə, digər bir səbəb son illərdə məzunların testlə ali məktəblərə qəbul olunması ilə bağlıdır. “Müəllim sinifdə 45 dəqiqə ərzində dərs keçməkdənsə repetitorluq fəaliyyətini daha üstün tutur. Çünki bu, onun üçün gəlir mənbəyidir. Qazancına görə müəllimdə məsuliyyət hissi və tələbkarlıq aşağı düşür. Müəllim öz-özünə fikirləşir ki, əgər sinifdə 25 nəfərə dərs keçib 150-200 manat məvacib alacaqsa, elə həmin sinfin içindən 5-6 şagirdi fərdi hazırlayıb daha yüksək məbləğ qazanar. Sizi inandırım, dərslərə təsadüfən getsəniz görəcəksiniz ki, xüsusən yuxarı siniflərdə həm şagirdlərin sayı azdır, həm də şagird olarsa belə müəllim onlara uşaqların istədiyi kimi dərs keçmir. Yəni şagird dərsdə darıxır, sinifdə otura bilmir. Ona görə də o öz enerji potensialını harasa xərcləməkdən ötrü arxa partada oturub əlindəki mobil telefonla, ya İPad-lə oynayır, ya da kiminləsə mesajlaşır. Müəllim sinifdəki uşaqları elə ələ almalıdır ki, şagird 45 dəqiqənin nə vaxt keçdiyini hiss etməsin. Dərs vaxtı səmərəli keçməlidir və şagird də həmin gün dərsdən nə apardığının fərqinə varmalıdır. Əgər şagird sinifdə əyləşmirsə, dərsdə darıxırsa və davamiyyəti çox zəifdirsə, ən böyük günah müəllimlərdə və məktəb müdiriyyətindədir». A.Həsrət hesab edir ki, problemin qarşısını almaqdan ötrü müəllimlərin peşəkarlığının səviyyəsi artırılmalı, qəbul qaydalarında dəyişikliklər olmalıdır. “Hamı bilir ki, yuxarı sinif şagirdlərinin əksəriyyəti müəllim yanına gedir. Bu da bizim təhsil sistemimizdə bir balaca uyğunsuzluğun yaranması ilə əlaqədardır. Yəni şagird məktəbdəki dərsə yox, repetitorun yanındakı dərsə üstünlük verir. O, 5-6 dərsi daha yaxşı oxuyur ki, ali məktəbə daxil olsun. Amma digər fənlərdən xəbəri olmur.
Valideyn yalnız övladının 11-ci sinfi bitirəndən sonra onun ali məktəbə daxil olmasını fikirləşir. Elə şagirdin özü də bu barədə düşünür. Bunun da yeganə yolunu 9-cu sinifdən başlayaraq repetitorun yanına getməkdə görürlər. Bu qayda beynimizə daxil olub və bizə mane olur». A.Həsrət davamiyyətin zəif olmasında valideynləri o qədər də qınamır: «Düzdür, xarakterik xüsusiyyətlərinə görə valideynlər də müxtəlif olur. Elə ailələr var ki, övladına qarşı tələbkardır. Valideyn nəzarətini üzərində hiss edən şagird dərsə davamiyyətli və nizamlı olur. Ancaq elə ailədən gələn şagirdlər olur ki, onların üzərində nəzarət zəifdir. Belə ki, valideyn səhər tezdən işə gedir, axşam evə gec gəlir. Nəticədə övladlarının üzərində nəzarəti mütəmadi saxlaya bilmir. Uşaq da öz üzərində tələbkarlığı görmədiyi üçün istədiyini edir. O, məktəbə getmir və ya dərs adı ilə evdən çıxıb haradasa oturur. Bu, bizim ağrılı yerimizdir». A.Həsrətin fikrincə, nazirliyin məktəblərdə davamiyyəti yoxlamaq üçün təşkil edəcəyi komissiyaların fəaliyyətindən o qədər də müsbət nəticə gözləməyə dəyməz. Belə ki, hər il davamiyyətin yoxlanması üçün müəyyən tədbirlər görülür: «Məsələn, əvvəlcədən deyirlər ki, yuxarı siniflər arasında reyd keçiriləcək. Qonşu məktəbə komissiya gələndə, o biri məktəbdə müəllimlər dərhal şagirdlərin valideynləri ilə əlaqə saxlayırlar: «Komissiya gələcək, uşaqları yığıb gətirin». Yenə də reyd keçirilsə, kimsə çevik tərpənib uşaqları sinfə yığacaq. Ancaq həmin uşaqları uzağı bir ay sinifdə davamlı saxlamaq olacaq. Bu qayda ilə davamiyyəti düzəltmək olmaz. Bunun başqa bir istiqamətdə strategiyasını qurmaq lazımdır. Şagirdləri sinfə yığmaqdan ötrü ilk növbədə maraqlı dərs təşkil etmək, müxtəlif dərnəklər və klublar yaratmağa ehtiyac var. Elə etmək lazımdır ki, şagird istədiyini kənarda yox, məktəbdə tapsın. Yeri gələndə müəyyən üsullara əl atmaq lazımdır. Bunun üçün də müəllimdən böyük yaradıcılıq tələb olunur”.
1-2 nəfərə güzəşt olur
124 saylı məktəbin fransız dili müəllimi Ofeliya Baxşəliyeva bizimlə söhbətində dərs dediyi məktəbdə şagirdlərin yalnız xəstə olduqları və ya vacib işlərinin çıxdığı müddətdə dərsdən yayındıqlarını bildirdi: «Bunun üçün valideyn direktora yazılı surətdə müraciət edir və övladı üçün icazə alır. Bu barədə sinif rəhbəri də məlumatlı olur. Ya da şagird bir həftə xəstə olub dərsə gəlməyəndə həkimdən arayış gətirir». Bununla belə, Ofeliya xanım bəzi şagirdlərin dərsdən yayınmaq istəyini də istisna etmir: «Bunu hiss edəndə ya şagirdin valideynini məktəbə çağırır, ya da evinə gedirik. Bəzi şagirdlər hər hansı idman bölməsinə gedəndə dərslərdəki fənlərlə toqquşma olur, bu üzdən dərs buraxmalı olurlar. Əgər uşaq yaxşı dərs oxuyan deyilsə, müdiriyyət də «Bəlkə idmanda daha yaxşı nəticələri ola bilər» - deyə düşünür. Bu üzdən 1-2 nəfərə güzəşt olur». O.Baxşaliyeva hesab edir ki, şagirdlərin repititor yanına getməsi onların dərsə davamiyyətinə mane olmur: «Şagirdlər dərs saatlarında repetitor yanına getmirlər. Onlar əlavə dərslərə adətən məktəbdəki dərslər qurtarandan sonra gedirlər». Məktəblərdə davamiyyətin yoxlanması üçün komissiyaların təşkilinə gəlincə, O.Baxşəliyevanın fikrincə, bu addım davamiyyətin daha da yaxşılaşmasına kömək edəcək.
«Bunu zaman göstərər»
“Heç kəs deyə bilməz ki, 100 faiz davamiyyətə əməl olunur” söyləyən 258 saylı məktəbin direktoru Sədaqət Hüseynova isə “Kaspi”yə açıqlamasında «Hal-hazırda elə bir kriteriya yoxdur ki, şagird neçə saat dərs buraxsa o, imtahana buraxılmayacaq” deyə qeyd edib. “Amma biz öz daxili gücümüzlə bacardığımız qədər davamiyyəti saxlayırıq. Çünki şagirdlər də canlı varlıqlardır. Onların davamiyyətinin olmaması hava şəraiti ilə, ailə vəziyyətləri ilə və s. bağlı ola bilər. Həmçinin bilirsiniz ki, uşaqlar müxtəlif əlavə kurslara gedirlər. Biz bununla belə 9-11-ci sinif şagirdlərinin davamiyyətinin 85-90 faiz olmasına çalışırıq». Məktəb direktoru yuxarı sinif şagirdlərinin davamiyyətini repetitor yanına getmələrinə görə pozulmasını gizlətmir: «Şagirdlərin davamiyyəti əsasən məktəbdənkənar əlavə kurslara getdiklərinə görə pozulur. Çünki məktəb proqramı ilə TQDK proqramı arasında fərq görürəm. Həmin fərqə görə də uşaqların əksər hissəsi əlavə hazırlığa yönəlir». S.Hüseynova şagirdlərin davamiyyətinin zəif olmasında müəllimlərdən çox valideynləri günahkar sayır. Direktorun fikrincə, müəllimlər vaxtlı-vaxtında dərslərini keçir, ancaq valideynlərin müəyyən «kapriz»ləri var: «Bəzən valideynə övladının dərsə gəlməməsini xəbər verməkdən ötrü dəfələrlə müraciət etməli olursan. 2-3 çağırışdan sonra valideyn gəlir və «Uşağım xəstədir, dərsə gəlmir, ancaq imkanım olmadığından nə həkim çağıra, nə də arayış gətirə bilirəm» - deyir. Bəzən də uşağının adicə başının ağrıdığını görən valideyn həmin gün onu dərsə buraxmır. Müəllim onsuz da dərsini keçməlidir. İstər sinifdə 5 şagird olsun, istərsə də 25 şagird. Problem yalnız məktəb rəhbərliyi üçün yaranır». Məktəb direktoru həmçinin müəllimlərin maraqlı dərs keçməməsi ilə bağlı səslənən fikirlərlə razılaşmır: «Mən bu fikirlə qətiyyən razı deyiləm. Biz həmişə müəllimin dərs keçməsini diqqətdə saxlayırıq. Müəllim də öz işinə olduqca məsuliyyətlə yanaşır». Nazirliyin məktəblərdə davamiyyəti yoxlamaq üçün təşkil edəcəyi komissiyalara gəlincə, onların gələcək fəaliyyəti haqqında məktəb direktorunun proqnozu belə oldu: «Bunu zaman göstərər».
Valideyn Əkbər Hüseynov isə hesab edir ki, şagirdlərin tədrisə davamiyyətinin aşağı olmasının əsas səbəbi məktəblərdə nizam-intizamın aşağı olması, valideynlərin səhlənkarlığı və repetitor reallığı ilə bağlıdır.
Göründüyü kimi, şagirdlərin dərsə davamiyyəti ilə bağlı ziddiyyətli fikirlər var. Ortada olan fakt isə davamiyyətin xüsusən yuxarı sinif şagirdləri arasında zəif olmasıdır. Bəzi müəllimlərin “şagirdlər yalnız xəstə olduqda və ya vacib işləri çıxdığı müddətdə dərsdən yayınırlar”, bəzi direktorların “Biz həmişə müəllimin dərs keçməsini diqqətdə saxlayırıq” deməsinə baxmayaraq, əgər nazirlik səviyyəsində davamiyyətin izlənilməsi ilə bağlı komissiyanın yaradılması gündəmə gəlibsə demək, problem ciddidir. Yoxsa niyə zəhmət və xərc çəkib komissiya yaratsınlar ki...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər