Şadlıq evlərində qeyri-qanuni iş yerləri aşkar edilib

Şadlıq evlərində qeyri-qanuni iş yerləri aşkar edilib

İqtisadiyyat
14 Noyabr 2012, 16:26 1804
Vergilər Nazirliyi sahibkarlıq subyektlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktların) bağlanması vəziyyətinin yoxlanılması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məqsədlə iyul-noyabr ayları ərzində həyata keçirilmiş tədbirlər nəticəsində təxminən 53 min vergi ödəyicisində 174 min işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib.
Artıq bu tədbirlərlə Bakı şəhəri ərazisində fəaliyyət göstərən və əsasən işçi qüvvəsinin cəmləşdiyi obyektlər, o cümlədən şadlıq evləri də əhatə olunur. Bakıdakı şadlıq evləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son bir neçə ayda burada çalışan işçilərlə əmək müqavilələrinin bağlanılmasına nəzarət gücləndirilib, nəticədə şadlıq evlərinin qeydə alınan işçilərinin sayı təqribən 3 dəfə artaraq aprel ayındakı 3 181 nəfərdən 8 261 nəfərə qədər artıb. Bununla yanaşı, bəzi şadlıq evlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də əmək münasibətlərinin rəsmiləşdirilməsində qanun pozuntularına yol verilir. Son günlər həyata keçirilmiş nəzarət tədbirləri zamanı Səbail rayonu, Badamdar şosesi, 13 ünvanda yerləşən fərdi sahibkar Rəhman Məhəmməd oğlu Şəmiyevə məxsus «Gəlin Qaya» şadlıq evində 15, Xətai rayonu, Babək prospekti, 2341-ci məhəllədə yerləşən «Müstəqil» firmasına məxsus «Ceyhun» şadlıq evində 8, M.Hadi küçəsi, 51 ünvanında yerləşən «Faiq-S» firmasına məxsus «Təbrik» şadlıq evində 5, Nizami rayonu, Mikayıl Əliyev küçəsi,9 ünvanında yerləşən fərdi sahibkar Mirzə İxtiyar oğlu Feyzullayeva məxsus «Neolit» şadlıq evində 10 fiziki şəxslə əmək müqaviləsi bağlanılmadığı aşkar edilib. Bundan başqa, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 145 ünvanında yerləşən fərdi sahibkar Etibar Əli oğlu Məmmədova məxsus «Ceyhun» şadlıq evində 8, A.Zeynalov küçəsində yerləşən «Lalə» MMC-yə məxsus «Ağ Saray» şadlıq evində 5, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən fərdi sahibkar Oqtay Əhmədəli oğlu Xəlilova məxsus «Zirvə» şadlıq evində 10, S.Axundov küçəsi, 10 ünvanında yerləşən fərdi sahibkar Həmaya Əli qızı Çopurovaya məxsus «Oğuzxan» şadlıq evində 9 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi sahibkar Vüqar Rafiq oğlu Əliyeva məxsus «Meqa Palace» şadlıq evində 19 nəfərlə, ümumilikdə 89 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmadan işəğötürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunub və qanuna müvafiq qaydada rəsmiləşdirilərək müvafiq tədbirlər görülüb.
Vergilər Nazirliyi şadlıq evlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş bütün fiziki şəxslərlə, o cümlədən musiqiçilər, foto və video çəkilişi və digər xidmət növləri ilə məşğul olan şəxslərlə əmək müqavilələrinin bağlanılmasını tövsiyə edərək bildirir ki, bu sahədə müəyyən ediləcək pozuntular barədə qanuna müvafiq tədbirlər görüləcək.