Sadəliyin  fəlsəfəsi

Sadəliyin fəlsəfəsi

30 Sentyabr 2019, 17:00 157
Müstəqillik illərində əsərləri dünyanın bir çox sərgi salonlarında sərgilənən Xalq rəssamı Fərhad Xəlilovun bu həftə Bakıda baş tutan "Yenidən Bakıda” adlı fərdi sərgisi böyük maraqla qarşılanmışdır, desək, yanılmarıq. Bunu şərtləndirən başlıca səbəb rəssamın yeni ekspozisiyaya əsasən XXI yüzillikdə ərsəyə gətirdiyi müxtəlif janrlı-müasir ruhlu əsərləri daxil etməsi olmuşdur. Öncədən deyək ki, rəssamın yaradıcılığının müxtəlif mərhələləri ilə tanış olmayanlar üçün "Yenidən Bakıda” gördükləri doğrudan yeni idi. Qənaətimizcə, ekspozisiyada duyulası dərəcədə gözlənilməz görünən Fərhad Xəlilov əslində yaradıcılığında baş verən dəyişikliklərin-bədii ifadə evolyusiyasının nəticələrini təqdim etmişdi...
 
Bu mənada nəhayətsiz sənət dünyasında baş verənləri izləməkdə və dəyərləndirməkdə bir qədər gecikməyə adət etmiş milli bədii məkanımızda  fəlsəfi tutuma bələnmiş həmin mücərrəd əsərlərin tamaşaçılara təqdimatının  müxtəlif reaksiyalar doğuracağı gözlənilən idi. Elə sərginin gerçəkləşdiyi Heydər Əliyev Mərkəzinin geniş salonlarında həmin əsərlərlə üz-üzə, göz-gözə qalan tamaşıçıların çöhrələrində müxtəlif emosiyaların mövcudluğu da buradan qaynaqlanmışdı. Bəlkə də çoxları 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edən Xalq rəssamının yeni sərgisində hamını razı sala biləcək bir ekspozisiya görəcəklərini güman edirdi.  Səbəbkar isə onların qarşısına onların bu vaxta kimi görmədikləri "Fərhad Xəlilov baxışı”nı  təqdim etmişdi...
 
Təbii ki, bir çox hallarda olduğu kimi rəssam yeni ekspozisiyanı retrospektiv prinsipə müvafiq də  qura bilərdi. Qənaətimizcə, onun bu prinsipdən imtina etməsinin kökündə çoxlarının artıq gördüklərini təkrarən göstərmək əvəzinə, fərqli estetikaya malik yeni əsərlərinin təqdim etmək istəyi dururdu. Bu həm də tamaşaçısının da sənətə baxışlarının dəyişməsini arzulayan rəssamın fərqli, lakin özünəməxsus axtarışlarını sənətsevərlərə təqdim etmək qərarı kimi də başa düşülə bilər. Etiraf edək ki, bir qədər də risqli görünən bu qərarın alt qatında ilk növbədə müəllifin bədii ənənələrə yaradıcı münasibətini nümayiş etdirmək istəyi durduğundan və Fərhad Xəlilovun sənət prinsiplərinə yaxşı bələd olduğumuzdan, rəssamın ekspozisiyada zahirən mücərrədçi, əslində isə, "çox sadə” görünməsinin məqsədli və məntiqli olduğunu söyləmliyik...
 
"Yenidən Bakıda” nümayiş olunan əsərlər məcmusu rəssamın fərdi hiss və duyğularının, davamlı həyat və yaradıcı yaşantılarına tutulan "bədii güzgü” kimi suallı və düşündürücüdür. Belə ki, daha çox iri formatda təqdim olunmuş ən müxtəlif motivlərin çoxlarına sadə görünən estetikasının çoxqatlı olması birmənalıdır.  İlk baxışda sadə görünən bu bədii şərhin estetikasını isə hər bir yaradıcının arzuladığı və nail ola bilmədiyi  reallıqla mücərrədliyin vəhdəti ilə tapılan ifadə tərzi  təşkil edir. Bu estetikanı tədricən duymağa başlayanda  görünənlərin bilavasitə rəmzi məzmun daşıyıcısı olduğu aydınlaşır. Bu "sadə”likdəki məna-məzmun yükünün düşündürücü fəlsəfəyə bələnməsi də rəssamın gördüklərində başqalarının görmədiyi, lakin onları da ovsunlaya biləcək həqiqətləri bədiiləşdirməsinin nəticəsidir.
 
Fərhad Xəlilov yaradıcılığının müxtəlif dövrlərini səciyyələndirən estetikanı müqayisə etməli olsaq, onda birinci nisbi gerçəkçilikdən və onun "primitiv”ləşdirilməsinin görüntüsü olan ikincidən son dövrləri əhatə edən  əsərlərə keçidin məntiqli olduğunu görə bilərik. Motivləri əvvəlcə daşıdığı real rənglər ilə qabardan, sonra isə onları miniatürsayağı ümumiləşdirilmiş tutumda təqdim edən rəssamın sonuncunu - fəlsəfi mücərrədçiliyini cəmisi bir-neçə rəng vasitəsilə ifadə etməsində təbii ki, dünyamıza-əhatələndiyimiz gerçəkliyə onun rəmzi yanaşması durur. Qara, göy, ağ, yaşıl, bəzən də qırmızı rənglərin işığında dənizi, qumu, ağacları və dağları mənalandıran Fərhad Xəlilov, əsərlərində tamaşaçısını dialoqa dəvət edən həmsöhbət kimi çıxış edir.  Tamaşaçı ilə kətan arasındakı məsafə ilk baxışda nə qədər yaxın görünsə də, ilk anlarda təxəyyülünü qanadlandırmaq gücündən asılı olaraq bu ölçü seyrçilər üçün müxtəlif uzunluqda görünə bilər. Mənəvi sayıla biləcək bu dialoqun baş tutacağı və səmimi durum alacağı təqdirdə, tamaşaçının özü üçün kəşf edə bildiyi motivdən – məkandan estetik zövq ala biləcəyi birmənalıdır...
 
Rəssamın son dövr yaradıcılığında silsilələrin yaradılması ənənə şəklini almışdır. "Xatirə”, "Gözlənilməz baxış”, "Torpağın naxışları”, "Görüş” və s. silsilələri təşkil edən əsərlərin çoxunun yaranma tarixi bir-neçə ili, bəzilərinin ərsəyə gəlməsi isə hətta 20 ili əhatə edir. Əsasən ovqat daşıyıcıları olan bu əsərlərin belə "uzunmüddətli” olması da yaradıcı təxəyyülünü onlarda ifadə edə bilən rəssamın tez-tez fərqli ovqat sahibinə çevrilməsindən qaynaqlanır. Onun üçün nə vaxtsa bələndiyi və kətanda ifadə etməyə başladığı ovqatı birdən-birə yenisi ilə əvəzləmək  elə də asan deyil, bəlkə də mümkünsüzdür. Beləcə, hadisələrində xaotiklik duyulan dünyamızda ovqat yeknəsəkiyi nümayiş etdirmək onun üçün çox çətin olduğundan, Fərhad Xəlilov kritik məqamlarda daha çox işi yarımçıq qoymağa və sonradan davam etdirməyə üstünlük verir. Elə bu səbəbdən də onun mənəvi-psixoloji yaşantı ifadəsi olan əsərlərində "qurama”çılıq yox, bədii bütövlük duyulur...
 
Onun silsilələrə daxil olmayan azrəngli tablolarında da cəlbedilik özünəməxsus estetikaya bələndiyindən lokal rənglər, təzadlı rənglərin qonşuluğu miniatürlərdə olduğu kimi harmonik baxılmaqla, zamansızlığa qovuşmuş kimi qəbul olunurlar. Bu mənada "Alatoran”, "İsti gün”, "Abşeron moivi”, "Qış günü” və s. mənzərələri konkret yerin təsvirindən daha çox, məkanın obrazı kimi baxılırlar. Bu əsərlərdə rəssamın mənəvi ulduzlarından sayılan dahi S.Bəhlulzadənin tez-tez səsləndirdiyi "Mən Azərbaycanı tanımaq üçün yox, tanıtmaq üçün çəkirəm!” deyiminin xələfi tərəfindən layiqli davamını  görürük....
Fərhad Xəlilov sovet dönəmi təsviri sənətində ağlasığmaz yaradıcılıq cəsarəti göstərən "Abşeron məktəbi”nin yetişdirməsidir. Ötən əsrin əllinci-atmışıncı illərində mərkəzi və yerli ideoloqların yuxusuna haram qatan bir qrup rəssamın Bakıda "sosialist realizm” bədii prinsipinə arxa çevirib, milli mənəvi qaynaqla ətrafında axtarışlar və eksperimentlər aparmaları zamanına görə çox təhlükəli idi. Amma Mircavad Mircavadov və onun müxtəlif yaşlı əqidə dostları müxtəlif təpkilər qarşısından qaçmadılar və başladıqları işi "solçular” damğasi ilə davam etdirdilər. Bu gün həmin dövrdə yaradılan əsərlərin Azərbaycan incəsənətinin parlaq səhifələrindən birini təşkil edir desək, həqiqəti söyləmiş olarıq. Maraqlısı mövcud rejimin ideologiyasına qarşı çıxan "Aberonçu”lardan biri gənc rəssam – Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilovun oğlu Fərhad Xəlilov idi.
 
Yeri gəlmişkən deyək ki, sənətə gəlişinin başlanğıcını Səttar Bəhlulzadə, Mircavad Mircavadov, Qorxmaz Əfəndiyev, Tələt Şıxəliyev və Gennadi Brijatyuk kimi  görkəmli sənətkarlarla ünsiyyətdə keçirməsi Fərhad Xəlilovun yarım əsri əhatə edən yaradıcılığına duyulası təsirlər göstərmişdir. Maraqlısı bu qədər sənət idealı olan gənc rəssamın onların heç birinə bənzəməməsi, fərdi və fərqli  dünyagörüşünə və dəstixəttə malik olmasıdır. Odur ki, onun əsərləri dünyanın müxtəlif ölkələrində ən tələbkar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmaqdadır. Odur ki, bu gün ömrünün 73-cü baharını yaşayan sənətkarın yaxın gələcəkdə də bizi daha maraqlı əsərləri ilə təəccübləndirəcəyinə əminik...
 
Sonda deyək ki, Fərhad Xəlilov elə az sənətkarlarımızdandır ki, onu nəyisə təsvir etməyə məcbur etmək çox çətindir. Bu mənada bilavasitə gördüklərinin harmoniyasını ifadə etmək zərurətindən yaranan əsərlərində rəssam, bədii şərh tutumundan asılı olmayaraq çox səmimi və inandırıcıdır. Rəssam bilavasitə iç dünyasının tələbatından ərsəyə gələn belə əsərlərin kənardan necə qəbul olunacağından da narahat deyildir. Bu kredoya o, bu günə kimi də sadiq qalmaqdadır...
 
Ziyadxan Əliyev