• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

Sadəcə, yaşamaq…

01.08.15 12:53 3452
Sadəcə, yaşamaq…
Hər keçən gün bir az da şahid oluram həyatın qəribəliklərinə. Bəlkə də insanların qəribəliklərinə deməli idim. Nə üçün biz insanlar heç nəyin dəyərini bilmirik, şükr etmirik, ehtiyacı olanlara köməklik göstərmirik, xəyallarımız üçün mübarizə aparmırıq, çətinlik görən kimi isə asanlıqla xəyallarımızdan vaz keçirik?.. Asanlıqla günahı həyatın üzərinə atırıq. Əslində isə günahkar bizik. Sadəcə, bunu qəbul edə biləcək qədər dürüst deyilik. Başına nə gəlirsə gəlsin, şükürlü olmağı bacaran insanlar var, onları çıraqla axtarırıq artıq. Ümid etməkdən vaz keçməyən, ruhdan düşüb sonunu gözləmək əvəzinə həyata, xəyallarına, sevdiklərinə iki əllə yapışan güclü insanlar var. Güclü olmağa məcbur olan insanlar...
Keçənlərdə qarşıma bir paylaşım çıxdı. Bir qadın xəstəliyi qarşısında əlacsız idi. Amma yenə də üsyan etmirdi. Sadəcə, Allahdan bir az daha möhlət istəyirdi - iki övladını böyütmək, onların uğurlarına, sevinclərinə şahid olmaq, çətin anlarında dayaq durmaq, yıxılanda əllərindən tutmaq üçün... Yəqin çox yaxşı dərk edirdi ölməklə işin bitmədiyini. Arxasında qoyub gedəcəyi yarım qalan həyatlar, qırılmış xəyalları, heç vaxt yeri doldurulması mümkün olmayan boşluqları... Bəzən düşünürəm, necə yaxşı olardı, insan pis xatirələrini yaddaşından silə bilsəydi. Doğrudur, bizi böyüdən acılarımızdır, əzablarımızdır. Lakin biləndə ki, aldığımız yaralar nə yaddaşımızdan, nə də ürəyimizdən silinir və hər gün bu yaralarla yaşamaq məcburiyyətindəyik, kim böyümək istəyər? Di gəl ki, məcburuq böyüməyə, həyata davam etməyə, mübarizə aparmağa, ümid etməyə. Qısa zaman kəsiyində sevdiyi insandan, hələ sevməyə doymadığı övladlarından, xəyallarından vaz keçmək məcburiyyətində qalacaq olan bir qadın ümid edib həyata qarşı dirənirsə, biz də bacararıq. Üsyan yox, şükr etməliyik. Təəssüf ki, hər kəsin təbiətinə xas xüsusiyyət deyil bu. İnsan övladı öz başına gəlmədən anlamır bir gün kimlərisə, nələrisə itirə biləcəyini, saf uşaqlığının, gəncliyinin əlindən quş kimi pərvazlanıb uçacağını anlamır. Yox, şükr etməyi bacarmırıq, bu anımızı yaşamağı, sevməyi belə bacarmırıq. Xəyallar azad olduğumuz tək yerdir, lakin bəzən xəyal qurmağa da üşənirik. Kimə baxırsan xəyalı xəz dəri kürk, bahalı maşınlar, daş-qaşlar, villalar, yaxtalar, gəmilər, şəxsi təyyarələr və əlbəttə ki, heç bir əziyyətsiz başına göydən yağan limitsiz əskinaslar. Azadlıq budursa, xəyalları istəmirəm. Bəzilərinin xəyalı sadəcə, yaşamaqdır... Sadə yaşamaq... Sevdikləri ilə birlikdə sağlıqlı və xoşbəxt ömür yaşamaq. Sərhədsiz sevgidən qurduğumuz xəyallarda azadıq ancaq…
Xədicə Tağızadə,
Azərbaycan Texniki Universiteti,
magistr, II kurs tələbəsi
banner

Oxşar Xəbərlər