• cümə, 29 Mart, 11:08
  • Baku Bakı 5°C

Sadəcə, qulaqlarını tıxa və yoluna davam et... - Uğur hekayəsi

29.03.18 17:32 2710
Sadəcə, qulaqlarını tıxa və yoluna davam et... - Uğur hekayəsi
Qadının həyatın mərkəzində yox, zirvəsində olduğunu düşünür. Ona görə, hər bir qadının inkişafı bəşəriyyətin inkişafıdır. Deyir ki, məhz bu səbəbdən karyera cinslərə uyğun bölünməməli, istər qadın, istərsə də kişi öz üzərində işləməli və uğur nərdivanlarını qalxmalıdır: "Bəşəriyyəti bir quş kimi təsəvvür etsək, onun bir qanadı qadındır, digəri kişi… Quş bir qanadı ilə uça bilməz. Biz qanadın birini işləməyə qoymuruq. Deyirik ki, sən burada qal, biz tək qanadla gedəcəyik”.
Müsahibimiz dünyanın ən böyük şirkətlərindən biri olan GE (General Elektrik) Infrastructure Hungary Holding Ltd'-də mühasibat üzrə mütəxəssis Gülnar Süleymanovadır.

Gülnar Bakıda anadan olub. Hazırda Macarıstanda yaşayır. O karyerasına könüllülük fəaliyyəti ilə başlayıb. Özünün də dediyi kimi dil biliklərini inkişaf etdirdikcə, uğur qapıları üzünə bir-bir açılıb. Atatürk adına Türkiyə Axtarış Mərkəzində köməkçi menecer, Dünya Azərbaycanlıları Konqresində beynəlxalq əlaqələr departamentində menecer, Şirvanşahlar Saray Kompleksində ingilis, türk, rus dilləri üzrə bələdçi və İtaliya, Bosniya və Herseqovinada AİESEC LC master şirkətində vasitəçi işləyib. Özünü inkişaf etdirdikcə, ölkə hüdudlarından kənara çıxıb və Macarıstanın Gödöllö şirkətində istedad meneceri, xarici mübadilə, tələbə ünsiyyəti sahəsi üzrə vitse-prezident, Afrika-Macarıstan ittifaqında xarici əlaqələr üzrə menecer, Macarıstanın VOCH şirkətində əmlak müqaviləsinin idarə edilməsi üzrə mütəxəssis, Türkiyə və Kiprdə "Vodafone” üçün analitik işləyib.

Həmsöhbətimiz 6 dildə (Azərbaycan, ingilis, rus, macar, italyan, türk) sərbəst danışır və sinxron tərcümə edir.


- Gülnar xanım, Azərbaycanda təhsil almısınız və CV-dən görünür ki, burada da yaxşı iş imkanlarınız olub. Bəs necə oldu ki, ölkə hüdudlarından kənara çıxdınız?
- Xarici ölkələrlə ilk əlaqəm hələ universitet illərindən Türkiyədə keçirilən müxtəlif təlim kurslarına qatılmaqla başladı. Məktəb və universitet həyatı insanı təkmilləşdirmir. Güclü mütəxəssis olmaq üçün yüksək potensial və təcrübənin çox olması şərtdir. Düşünürəm ki, təhsil insana məhdud ölçüdə bilik verir. Bu biliyi gücləndirməyin yolu təhsildirsə, təməli təcrübədir. Təhsil aldığım müddətdə heç bir günüm boş keçmirdi. Həftə sonları ilə yanaşı bütün tətil müddətimi Axundov adına Milli Kitabxanada keçirirdim. Hətta bəzi kitabxana işçiləri elə bilirdi ki, mən orada işləyirəm. Milli Elmlər Akademiyasında professorlarla müzakirələr edir, onların dəyərli fikirləri üzrə araşdırmalar aparır, gənclər təşkilatlarında aktiv iştirak edir, debatlara qoşulurdum. Əlavə qalan zamanlarımda isə könüllü ingilis dili müəllimliyi edirdim. Hər zaman düşünmüşəm ki, təhsil qadın üçün çox vacibdir. Çünki qadın mənə görə hər şeyin mərkəzində, zirvəsində dayanır. Həyatda elmin, biliyin, sayəsində öhdəsindən gəlinməyəcək çətinlik yoxdur. Ən əsası, möhtac qadın olmaq istəməmişəm. Bilirdim ki, həyatı dərk etmənin, azad yaşamağın, tolerantlığın ən önəmli açarı məhz təhsildir. Minlərlə haqları tapdanan, qürurları qırılan, xəyanətə uğrayan, nəinki həyat yoldaşı, ana yerinə belə qoyulmayan qadınlar təhsilsizlik səbəbindən məzluma çevrilirlər. Belə qadın olmamağı qarşıma məqsəd qoydum, örnək olmaq üçün bu yola baş vurdum. Dil biliklərimi inkişaf etdirdim və tez-tez Türkiyə, Almaniya, Fransa, İtaliyaya tərcüməçi olaraq getdim. 2009-cu ildə isə qərar verdim ki, daha güclü namizəd olmaq üçün hədəflərimi böyütməliyəm. Eyni ildə də Azərbaycandan ayrıldım. Rumıniyaya YIA (Youth In Action) Avropa Gənclər Proqramı çərçivəsində işləməyə getdim. Bu müddət ərzində Buxarestdə yerləşən Azərbaycan səfirliyi ilə əlaqələrimi genişləndirdim və Black Sea Caspian Sea Foundation-da (Qara Dəniz-Xəzər dənizi Beynəlxalq Fond) layihə meneceri işlədim. Bu vəzifə mənə daha çox ölkələrə getmək və konfranslara qatılmaq fürsəti verdi.


- Bəzi qadınlar düşünür ki, onların karyera yolu kişilərə nisbətən daha keşməkeşlidir. Sizcə, qadın karyera yolunda hansı çətinliklərlə üzləşə bilər və nə etməlidir?
- Aktiv gənclər təşkilatı üzvü olduğum zaman çox vaxt layihələr üzərində dərsdən sonra işləyirdik və evə nisbətən gec gəlirdim. Təsəvvür edirsiniz, bir saat gec gələndə "bu saatda kimin qızı çöldən gəlir” deyə, mənə də irad bildirirdilər. Çünki cəmiyyət "qadın” və "qadınlıq” anlayışını cılızlaşdırır. Qadınlara sanki "tək heç nəyi bacara bilməz” düşüncəsilə yanaşırlar. Heç bir kişi qadından üstün deyil. İstər din, istərsə də qanunda qadınlar və kişilər bərabərdir. Qadınlar əvvəlcə hüquqlarını bilməli və özlərini müdafiə etməyi bacarmalıdırlar. Qadın üçün ən böyük maneə cəmiyyətdən gələn mənfi yanaşmalardır. Bəzi hallarda öz ailən belə, qadınsan deyə, yolunu kəsə bilir. Amma insan istədikdən sonra mütləq məqsədinə çatır. Əgər əqidən sağlamdırsa, heç kim və heç nə səni sındıra bilməz. Sadəcə, qulaqlarını tıxa və yoluna davam et.

- Təhsil, dünyagörüşü, dil bilikləri… Bunlarla yanaşı, uğurlu karyera qurmaq istəyən insanda "bu xüsusiyyət mütləq olmalıdır” dediyiniz nüans varmı?
- Məncə, hər kəs baş vurduğu yolun boşa çıxma ehtimalını nəzərə almalı və bununla baş edə bilmək üçün mütləq plan qurmalıdır. Məsələn, hazırlıqlı olmalısan ki, A planın alınmasa, B planı var. Hətta B-nin belə alınmama ehtimalını nəzərə alıb C planını hazırlamalısan. Yəni tək bir sahəyə bağlı inkişafı düşünməməlisən. Məsələn, mən humanitar sahədə təhsil almışam. Əgər Azərbaycanda qalsaydım, siyasət aləmində söz sahibi ola biləcəyim bir nöqtəyə gələməyi planlayırdım. Amma elə bir məqam oldu ki, siyasətdən bütün bağlarımı qopardım. Həyatda hər şeyin sadəcə sənin planlaşdırdığın kimi olmayacağını öyrəndim və müxtəlif sahələrdə iş təcrübələri qazandım. Çünki istəyirdim ki, hansı sahə olursa olsun, mütləq elmim və təcrübəm olmalıdır. Macarıstanda beynəlxalq mühasibatlıq kurslarına girdim və bu sahəni də mükəmməlləşdirməyə çalışdım.


- Siyasətdən tam fərqli sahə mühasibliyə keçdiniz və karyeranıza bu sahədə davam etdiniz. Bu addımı atmaq risk deyildimi?
- Xasiyyətimdə ən çox dəyərləndirdiyim cəhətlərdən biri risk etməyi sevməyimdir. Mənə görə, risksiz həyatın mənası yoxdur. Fransızların dediyi kimi "risk etməyəm, şampan içməz”. Risk faktoru daha çox beynəlxalq biznes aləmində xüsusi sahə kimi keçilir. Yüksəlmək istəyən hər kəs, risk etmədən yüksəlişin imkansıza bərabər olduğunu bilir.

- Çətinliklərdən qorxursunuz?
- Çətinlikləri, maneələri sevirəm. Maneələr mənə stimul verir. Əgər bu gün güclü şəxsiyyətə və əqidəyə sahibəmsə, bunu uğurlarıma yox, çətinliklərimə borcluyam. Çətinliklərdən qorxmaq əvəzinə, həmişə onların üstünə getmişəm. Təbii ki, bu yolda uğursuzluqlarım da çox olub. Amma hər zaman özümə "Sən Gülnarsan, bunun da öhdəsindən gələrsən” demişəm. Düzdür, bəzən yorulmuşam, amma məğlubiyyəti heç vaxt qəbul etməmişəm. Yaşadığım bütün çətinliklərə və o çətinlikləri qarşıma qoyan insanlara minnətdaram.


- 3 uşaq anasısınız. Bəzi insanlar ailənin karyera həyatına müsbət, bəziləri isə mənfi təsir etdiyini düşünür. Hətta karyera qurmadan ailə qurmaq istəməyənlər belə var…
- İki yanaşma da yanlışdır. Ailəni karyeraya, karyeranı ailəyə qurban vermək olmaz. Hər iki faktor insan həyatında çox vacibdir və birini qurban vermək əvəzinə aradakı balansı tapmaq lazımdır. Məsələn, mən istəmirəm ki, maddi cəhətdən həyat yoldaşımdan asılı olum, "ər çörəyi” yeyim. İstəmirəm bu günə qədər qazandığım təcrübə ailəm üçün qurban verilsin. Bununla yanaşı ailəm həyatdakı ən dəyərli varlığımdır. Amma karyera həyatımda övladlarıma da doğru nümunə olmağı bacarmalıyam. Qeyd etdiyim kimi, hər şeyin sirri ailə və iş həyatı arasında balansı tapmaqdan keçir. Uşaqlar gün ərzində baxçada və məktəbdə olurlar. İşdən sonra evdə ailəvi proqramlara yer verir, işi evə gətirmirik. İşlə bağlı mövzuları evin çölündə tuturuq. Hər axşam uşaqlara mütləq nağıl oxunmalıdır. Ən önəmlisi isə yoldaşımla özümüzə ayda bir dəfə də olsa vaxt ayırır, kinoya, teatra, konsertə gedirik. Məhz ailədə bir-birimizdən güc alıb, işə də müsbət enerji ilə gedirik.

- Ənənəvi sualımız. Uğurunuzun sirri nədir?
- Mənim üçün uğurun sirri sağlam əqidə, təhsil və əzmdir. Bütün bunlarla yanaşı səbirli olmaq lazımdır. Mən daim öz üzərimdə işləyən, yeniliklərə açıq, ambisiyalı, səhvlərindən dərs çıxarmağı bilən və hədəfləri olan qadınam.


- Sonda gənclərə nə demək istərdiniz?
- Səhvlərimiz olmasa, uğurlu ola bilmərik. Ona görə də, səhv etməkdən qorxmayın. Çünki biz insanıq və səhv etmək də haqqımızdır. Əsas odur ki, səhvlərimizdən nəticə və dərs çıxarmağı bacaraq. Təhsilin hər sahəsinə əl uzatmaq lazımdır. Ancaq bir sahəni mənimsəmək yetərli deyil. Bir uğura nail oldunuzsa, onunla kifayətlənməyin. Hər zaman daha yaxşı olmağa çalışın. Xüsusən də, qadınlarımız, mütləq oxuyun. Təhsil insanlığın ən güclü silahıdır. Oxuyun ki, bir ana kimi sağlam nəsil yetişdirə biləsiniz. Oxuyun ki, sizin övladlarınızın qisməti məruz və məhkum olduğunuz həyatlara bənzəməsin. Oxuyun ki, dəyərinizin və gücünüzün fərqinə varasınız.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər