Şabranda sahibkarlara güzəştli kreditlər verilib
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin
maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum Şabran rayonunda
keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi
barədə məlumat verilib, Şabranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan
nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli
qaydada maliyyələşdirilib.
90-a yaxın
sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunun iqtisadi
potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri
taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının,
çörək istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi
investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya
layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən
dövrü ərzində 1843 sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 122 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki,
indiyədək Quba-Xaçmaz
iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2277
investisiya layihəsinin maliyyələşdirilməsinə 183,7 milyon manat güzəştli
kredit verilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət
göstərən 46 sahibkara 633 min manat güzəştli kredit verilib. Verilən kreditlər
əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, bağçılıq,
mebel istehsalı sahələrinin inkişafına
yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin
açılması mümkün olacaq.
Forum çərçivəsində Şabranda güzəştli kredit
ayrılmış tutumu 10 min ton olan logistik mərkəzə
baxış keçirilmişdir. Ümumilikdə indiyədək tutumu 333,4 min ton olan 51 logistik
mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilmişdir. Bu
logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında,
istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanmasında mühüm rol oynayır.