• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Sabirabadda şəhid bulağının açılışı olub

21.10.21 15:15 223
Sabirabadda şəhid bulağının açılışı olub
Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Qüdrət Həsənovun doğum günündə xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.
"Report"xəbər verir ki, bulaq şəhidin doğulduğu Qardaşkənd kəndində istifadəyə verilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə şəhidin döyüş yolundan danışılıb və onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs olunub.
Qeyd edilib ki, hələ uşaq vaxtından idmana böyük marağı olan Q.Həsənov daha çox karate ilə məşğul olub və bu istiqamətdə daim öz üzərində çalışıb. Bildirilib ki, Q.Həsənov hər zaman Vətəninə, elinə, obasına bağlı bir insan olub və məhz bu bağlılıq nəticəsində o, Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılıb.
Çıxışçılar bildirib ki, müharibənin ikinci günündə döyüşlərə yollanan Qüdrətin ilk döyüş yeri Füzuli istiqamətində olub və daha sonra Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının alınmasında iştirak edib.
Sonda şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Qeyd edək ki, Həsənov Qüdrət Səfər oğlu 1995-ci il oktyabrın 20-də Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. 2002-ci ildə Nəsimi kəndində Rəsul Əhmədov adına tam orta məktəbin 1-ci sinifə qəbul olunub və 2011- ci ildə həmin məktəbi bitirib. O, həmin ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub. 2014-ci ildə kolleci bitirib və həmin ildə də həqiqi hərbi xidmətə yollanıb.
2020-ci ilin oktyabrın 29-da Qubadlının Ermənistanla sərhəd istiqamətində düşmənin təxribat-kəşfiyyat qrupunun qarşısını alan zaman həyata keçirilən döyüşlərdə çiynindən və ürəyindən yaralanaraq qəhrəmancasına şəhid olub. Onun nəşi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Q.Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
banner

Oxşar Xəbərlər