• cümə, 29 Mart, 06:00
  • Baku Bakı 5°C

Sabirabadda işgüzar forum keçirilib

07.05.14 16:14 1283
Sabirabadda işgüzar forum keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, bu istiqamətdə növbəti tədbir - Forum Sabirabad rayonunda keçirilib.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar Forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Sabirabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi olub. 120-ə yaxın sahibkarın iştirak etdiyi Forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan “yaşıl market”in, çörək, pendir istehsalı, meyvəqurutma müəssisələrinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində 1511 sahibkara 73,6 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Deyib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan yaradır. Onun sözlərinə görə, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7798 investisiya layihəsinin maliyyələşdirilməsinə 339 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 29500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Ş.Abdullayev məlumat verib ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi maliyyələşdirilib. Qeyd edilib ki, “yaşıl market”lərdə fermerlər istehsal etdikləri məhsulları laborator analizlərdən keçirərək, satışını vasitəçilər olmadan həyata keçirəcəklər. Bu da, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa istehlakçıya çatdırılmasına və ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılmasına şərait yaradacaq.
İşgüzar Forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 47 sahibkara 2,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və digər istehsal sahələrinin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması nəticəsində 120-dən çox yeni iş yeri yaradılacaqdır.
Sabirabadda keçirilmiş işgüzar Forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində Sabirabadda güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir istixana kompleksinə, heyvandarlıq və bağçılıq təsərrüfatlarına baxış keçirilib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər