• cümə, 19 Aprel, 04:44
  • Baku Bakı 18°C

Sabir Rüstəmxanlının görünməyən tərəfi

04.02.19 16:30 1643
Sabir Rüstəmxanlının görünməyən tərəfi
Xalq şairi Sabir Rüstəmxanlının "Astar” adlı kitabı nəşr olunub. Kitabda iki roman, doqquz hekayə yer alır. Hansı ki, bu kitabdakı təkcə hekayələr romandan böyük məna yükü daşıyan ciddi ədəbi nümunələrdir. Romanlar isə Sabir bəyin görünməyən yazıçı tərəfi kimi tarixin yaddaşında öz izini qoyacaq.
Sabir Rüstəmxanlının bu günə qədər iyirmi iki kitabı işıq üzü görüb. Həmin kitabların hər biri ayrı-ayrılıqda ədəbiyyat tarixində iz qoymuş ədəbi hadisələrdir. Xüsusi olaraq "Ömür kitabı”, "Qan yaddaşı”, "Difai fədailəri” kitablarının adını çəkmək və "Astar” romanı haqqında düşüncələrimi bölüşmək istəyirəm.
Əslində, "Astar” romanı haqqında danışmaqdan çox susmaq lazımdır. Çünki nə lazımdırsa hamısını roman özü danışır. Bu günün dünya oxucusu məhz belə roman istəyir. Sadə dillə hər səhifədə sözlə şəkil çəkmək, hadisələri bütün təbəqəli oxucuların qavraya biləcəyi tərzdə vermək və insan düşüncəsini, bəlkə də ağılı taleyə, qismətə təslim etmək "Astar” romanının həyatın dərinliklərindən süzülüb gəlməsinə işarədir. Romanda əhvalatın içindən qəfildən peyda olan dərin psixoloji məqamlar oxucunu düşünməyə və əsərlə birlikdə yaşamağa məcbur edir.
Həqiqətdir ki, bu gün dünya insanı özünü müasir texnoloji inkişaf prosesinin qoynuna ataraq tənbəlləşir. Qısa bir müddətdə daha çox informasiya qəbul etmək istəyi ən passiv və yenilikçi olmayan oxucularda da mövcuddur. Bir çox dünya klassiklərinin yazdığı və bizim də dilimizdə əzbər olan bəzi romanlar var ki, bu günün təlabatı deyil. Çünki texnalogiyanın dadını bilən oxucu filmdən yarım saata izləyə biləcəyi hadisəni 600 səhifəlik romandan oxumaq istəmir. Buna görə də şəkilləşdirilmiş və ya filmləşdirilmiş romanlar dünya oxucusunun kütləvi şəkildə arzusudur deyə bilərik. Sabir Rüstəmxanlının "Astar” romanı daxili mahiyyətini şəkilləşdirə və müəyyən qədər də filmləşdirə bilməklə öz oxucularını sevindirməyi bacarıb.
"Astar” romanını oxuyandan sonra təxminən bir saata yaxın bu əsər haqqında düşündüm və bu fikirlərə gəlib çıxdım ki, bütün kitablar cansızdır, səhifələrinə səliqəylə düzülmüş hərflər isə daha çox cansızdır. Digər tərəfdən baxsaq deyə bilərik ki, təbiətdə canı və ruhu olan bütün varlıqlar canlı varlıqlardır. Canlı varlıqlar isə müəyyən bir ömür yaşayırlar. Əgər bir yerdə yaşantı, yaşamaq varsa, deməli, orada həyat da var. Həyat olan hər yerdə biz özümüz, yəni oxucular da var. "Astar”ın əsər olaraq uğuru odur ki, oxucu romanı oxuduqca özünü hadisələrin arasında hiss edir. Bu isə o deməkdir ki, Sabir Rüstəmxanlı elmi cəhətdən mümkünsüzü ədəbi cəhətdən mümkün edib, cansız vərəqlərə can verib, dilə gətirib, danışdırıb. Həqiqətən də "Astar” romanı müəllifinin qələminin mürəkkəbindən cana gəlib yenidən ağac olmaq istəyən varaqların ədəbi fəryadıdır.
Sabir bəy bu romanda Azərbaycanın ucqar kəndində yaşayan və həyat eşqi ilə dolu olan bir gənci şəhərə gətirir və onun diliylə, eyni zamanda, qarşılaşdığı hadisələrlə müəyyən bir dövrün həqiqətlərinə güzgü tutur. Elbəy adı verdiyi həmin gənc oğlan romanın baş qəhrəmanı olaraq təhsil almağa başlayır. Onun təhsilini bitirənə qədər daxili aləmində vuruşması, psixoloji problemlərlə qarşılaşması, öz-özünə danışması və bütün bunlarla yanaşı inadkarlıq göstərməsi, sonda isə həyatın axınına düşüb taleyə təslim olması birbaşa müəllifin ustalığından xəbər verir. Hətta romanı oxuduqca bəzən adama elə gəlir ki, Elbəy Sabir Rüstəmxanlının özüdür.
"Astar” romanının astarı, yəni iç üzü həm də insanın, taleyin, həyatın astarı və ya iç üzüdür. O yazıçı həmişə oxucu üçün maraqlı olur ki, onun görünməyən tərəfi çoxdur. Hər bir əsər müəllifin görünməyən tərəfinin müəyyən bir hissəsini görünən edir. Görünməyən tərəf bitəndə isə yazıçı da bitir. Məncə, "Astar” romanı Sabir bəyin görünməyən tərəfidir. Onun bu kimi görünməyən tərəflərinin hələ çox olduğuna inanıram.
Dünya ədəbiyyatı tarixində onlarla nümunə saymaq olar ki, yazıçı və ya şairlər gəncliyində maraqlı əsərlərlə çıxış edir, müəyyən bir yaş həddinə çatdıqda isə tükənir, bitir. Yazdığı əsərlərdən də görünür ki, qələminin mürəkkəbi qurtarıb. Sanki öncəki əsərləri özü, sonrakıları başqası yazıb. Sabir Rüstəmxanlının isə bu günə qədər çap elətdirdiyi əsərlərə, onların oxucular tərəfindən qarşılanma dərəcəsinə, ictimai-siyasi və ədəbi yükünə baxanda əmin oluruq ki, onun qələminin mürəkkəbi bitmək bilmir, həmişə təzə qalmağı, yeniliyə can atmağı ilə seçilir. Zarafat deyil ki, əsrin böyük bir hissəsini yaşamış Sabir Rüstəmxanlı bu gün romanlar və hekayələr çap etdirir və günümüzün təlabatı, oxucuların istəyi ödənilir. Buna görə də biz gənc yazarlar Sabir bəydən bəhrələnib öz yaradıcılığımıza yenidən baxmağa, ədəbi zənginlik kataqoriyalarını gözdən keçirməyə can atırıq.
"Astar” kitabında ciddi redaktə səhvləri vardır. Mən həmişə, hər yerdə çəkinmədən qeyd edirəm ki, ixtiyari bir əsərdə redaktor yazıçı ilə yarı-yarıya məsuliyyət daşımalıdır. Ancaq deyəsən, "Astar” kitabında redaktor zərrə qədər də məsuliyyət hissi yaşamayıb. Bütün bunlara görə müəllifin heç bir günahı yoxdur. Lakin ciddi əsərlərə ciddi redaktorlar müəyyən olunsa, daha yaxşı olar. "Astar” romanı təcrübəsiz redaktor əlinə veriləsi əsər deyil.
Hər bir yazıçının, şairin əsərlərində onun daxili aləmindən, qəlbinin dərin qatlarından süzülüb gələn müəllif həqiqətləri olur. Əslində, o həqiqətlər müəllifin öz dilindən demək istədiyi ayrı-ayrı mətləblərdir ki, müxtəlif obrazlara köçürülür. S.Rüstəmxanlının bütün əsərlərində müəllifin daxili aləmini, dərin düşüncələrini yəni, astarını təmsil edən bir obraz mövcuddur. Həmin obraz əsərdə daha çox baş qəhrəmana çevrilir. Və baş qəhrəman olaraq öz millətinin, torpağının, milli-mənəvi dəyərlərinin keşiyində dayanaraq bütövlüyə, tamlığa can atır.
S.Rüstəmxanlının "Astar” kitabında toplanmış doqquz hekayədən biri də "Qurban” hekayəsidir. Kiçik bir əsərdə böyük Azərbaycanın ucqar bir kəndinin paklığı, saflığı, təmizliyi göstərilmiş, müəyyən qədər təbiətin sirri açılmış, sadə insanların həyat tərzi şəkilləndirilmişdir. Eyni zamanda, ömrü böyü ömrünün astarını yaşamış, həyatını içdən sürmüş insanların inanc yerinin müqəddəsliyi, paklığı göstərilmişdir. Gənc yazar olaraq Sabir bəyin əsərlərində o qədər yaşaya bilmişəm ki, artıq onun yazıçı təxəyyülünün harada bitəcəyini təxmin etmək məni sevindirir. Məsələn, "Qurban” hekayəsində kəndə yağış yağsın deyə qurban kəsildiyi gün dağa gedən Yusif obrazının oxucu təfəkküründə formalaşdığı hissədə təxmin etdim ki, hekayənin sonunda Yusif öləcək, yəni qurbana çevriləcək və bununla da yağış yağacaq. Həqiqətən də, sonluqda leysan yağdı və Yusifi sel apardı. Bunları yazmaqda məqsədim budur ki, Sabir müəllim bir yazıçı kimi öz əsərlərində həm oxucular, həm də gənc yazarlar üçün öyrəniləcək, mənimsənilib öz təcrübəsində istifadə edilə biləcək kifayət qədər bilgilər qoyub. Onun yazıçı qələmi mətni hiss edə bilən adamın iliyinə qədər işləyir.
İstər yazıçı, istər heykəltəraş, istərsə də başqa ixtiyari peşə sahibi olsun, hər kəsin sənətindən öncə şəxsiyyəti olmalıdır. Əgər şəxsiyyət yoxdursa, sənət bəlli bir yerə qədər yüksələr və dayanar. Ümumiyyətlə, şəxsiyyətini formalaşdıra bilməyən insan sənət üzərində heç nəyi formalaşdıra bilməz. Sabir Rüstəmxanlının tərcümeyi-halına nəzər salanda görürük ki, o, gəncliyində özünü şəxsiyyət kimi formalaşdırıb, tamlaşdırıb, sonra ilham mənbəyi olaraq aydın və pak olan "xalq”, "millət”, "torpaq” kimi müqəddəs anlayışlara söykənib və bütün əsərlərində xalq birliyinə, torpaq bütövlüyünə can atıb. Bu isə Sabir bəyin milli ruhundan və bəşəri düşüncəsindən xəbər verir.

Elşad Barat

banner

Oxşar Xəbərlər