• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Sabir Fondunun təmsilçilərinin mətbuat nümayəndələri ilə görüşü keçirilib

29.05.15 16:43 1244
Sabir Fondunun təmsilçilərinin mətbuat nümayəndələri ilə görüşü keçirilib
Görkəmli şair Mirzə Ələkbər Sabirin anadan olmasının 153-ci ildönümü münasibətilə “Paradise Baku Hotel”də Sabir Fondunun təmsilçilərinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə şairin adını daşıyan fondun rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Sevda Tahirli açıb. O, çıxışında bildirib ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış böyük satirik ustad, mahir pedaqoqdur. Azadlıq ideyaları, istiqlal uğrunda mübarizə aparan şairin mövzu problematikası çox geniş, tənqid hədəfləri, ifşa üsulları güclüdür. Şairin nəvəsi Sevda Tahirli vurğulayıb ki, Sabirin xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi amalı yolunda apardığı mübarizə sərhəd tanımayıb, onu bir ölkə çərçivəsindən çıxarıb dünyanın şairinə, yoxsulların, əzilənlərin, hüquqları əlindən alınan insanların müdafiəçisinə çevirib.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli fondun fəaliyyətindəki yeniliklərdən də söz açıb. O, bildirdi ki, fondun fəaliyyətinin əsas məqsədlərindən biri cəmiyyətimizdə insanların milli dəyərlərimizə sahıb çıxa bilməsi və onların qorunması, eləcə də Sabirin hər zaman vurğuladığı kimi, insanlarda, xüsusilə gənclərdə vətənpərvərlik hissini daha da dərinləşdirməkdən ibarətdir. “Buna görə də biz, imkanlarımız daxilində bu məqamlara diqqət yetirməyə çalışırıq.
İlk hədəfimiz “dilimiz” olub. Bu, bir sirr deyil ki, hazırda cəmiyyətin müxtəlif sahələrində dilimizin tətbiqi zamanı mütəmadi olaraq bir çox urəkağrıdıcı hallara yol verildiyinin şahidi oluruq. Bunlara TV-radio məkanından tutmuş internet saytlar, hər növ xidmət sahələri də daxil olmaqla reklam və elanlarda, eləcə də digər sahələrdə də rast gəlinir.Vəziyyət ciddi bir həyəcan, haqlı bir narahatlıq yaratdığından bu sahədə layihə üzərində çalışırıq. İstiqamətimiz Azərbaycan ədəbi dilinin müasir dövrdəki vəziyyətinin monitorinqidir. Doğrusu, ötən iki il ərzində bu sahədə bəzi addımlar atmışıq və inşallah, nəsib olarsa, bundan sonra da bu məsələni diqqətdə saxlamaq niyyətindəyik”.
Sonra müxtəlif KİV-ləri təmsil edən nümayəndələrlə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Sonda jurnalistlərə dahi şairin “Hophopnamə”si hədiyyə edildi.
Mirzə Ələkbər Sabir Fondunun adından tədbirin dəstəkçiləri olan Monteneqronun Azərbaycan Respublikasındakı Baş Fəxri Konsulluğuna, “Paradise Baku Hotel”ə, “Millennium Tourism Lufthansa City Center”-ə və “AHTTSA”-a (Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi) dərin minnətdarlıq ifadə olunub.

banner

Oxşar Xəbərlər