AZE | RUS | ENG |

Keçmiş SSRİ-nin əfsanəvi simalarının Heydər Əliyevlə bağlı xatirələri - Fotolar

Keçmiş SSRİ-nin əfsanəvi simalarının Heydər Əliyevlə bağlı xatirələri - Fotolar
“O, yüksək siyasətin bütün reallıqlarını bilənlər arasında nadirdir”

12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Düz 15 il əvvəl müasir Azərbaycan dövlətinin qurucusu canından çox sevdiyi ölkəsini gələcək nəsillərə əmanət qoydu. Ulu öndərin xatirəsi təkcə Azərbaycan xalqı üçün əziz deyil. Onu sevən, xeyirxahlığını görən, insanlığının şahidi olan minlərlə insanlar var. İncəsənətə böyük dəyər verən ulu öndər Moskvada çalışdığı illərdə də sənət adamları ilə yaxından dostluq etmiş, onlara qayğısını əsirgəməmişdi. Həyatla vidalaşan və hazırda fəaliyyətlərini davam etdirən bir çox görkəmli insanın Heydər Əliyevlə bağlı xoş xatirələri var.
 
 
 
"Heydər Əliyeviç sənət və mədəniyyəti sevib anlayırdı”
Bakıda keçirilən ilk Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumunda iştirak edən görkəmli müğənni İosif Davıdoviç Kobzon ulu öndər Heydər Əliyevlə tanışlığından məmnun olduğunu demişdi: "Mən Bakıya gəlməyi həmişə sevmişəm. Müslüm Maqomayevin türbəsini ziyarət etdim. Onun üçün öz vətənində - babasının yanında, qurulan bu əlamətdar möhtəşəm ağ mərmər abidə mənə çox təsir etdi. Təbii ki, Heydər Əliyevə təzim də etdim. Heydər Əliyeviç beynəlxalq əməkdaşlığa sadiq olan bütün ölkələr üçün artıq əlçatmazdır! Çünki Heydər Əliyeviç sənət və mədəniyyəti sevib anlayırdı. Bakıda Müslüm Maqomayevin yubileyində Heydər Əliyeviçin mədəniyyət, tarix haqqında geniş məlumatlı çıxışını xatırlayıram”. 
 
 
 
"Bütün bunlar məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdu” 
 
Görkəmli violençel ustası Mstislav Rostropoviçin qızı, Rostropoviç-Vişnevskaya Xeyriyyə Fondunun prezidenti Yelena Rostropoviç: "O vaxt ilk dəfə idi ki, atamın məmləkətində olurdum. Atam isə uzun illərin ayrılığından sonra vətənini ziyarət edirdi. Təəssürat inanılmaz idi. Biz sadəcə, gördüyümüz isti qarşılanma ilə şok olduq. Bakılılar atamı milli qəhrəman kimi qarşılayırdı! Hər yerə getdik, bizi çiçəklərlə dolu səbətlərlə, gül dəstələri ilə qarşılayırdılar, milli alətlərdə çalır, rəqs edirdilər, şərəfimizə bayramlar təşkil olunurdu. Atamın doğulduğu evin yaxınlığından ilk dəfə keçdiyimdə, duyduğum hissi heç vaxt unutmayacağam. Bütün bunlar məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdu. Heydər Əliyevin sayəsində Bakıda Rostropoviçin Ev Muzeyi açılmışdı. Belə bir jestlə qarşılaşdığımıza görə, çox təsirləndik... Sonralar atam mütəmadi olaraq Bakıya gəlir, ustad dərsləri keçir, burada fantastik konsertlər verirdi. Mən buna görə, Heydər Əliyevi həmişə minnətdarlıqla anıram. Atamla anam da onun necə böyük şəxsiyyət olduğundan danışırdılar”.
 
 
"Mənim sənətimə yüksək qiymət verirdi” 
 
Həmişə azərbaycanlılara xüsusi hörmət və məhəbbətlə yanaşan SSRİ Xalq artisti, Lenin və Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Lyudmila Zıkinanın ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirəsi olub: "Azərbaycanlı dostlarımın olmasına çox sevinmişəm, Moskvada çoxları ilə ünsiyyət qurmuşam. Heydər Əliyevlə yaxından tanış idim, ümumiyyətlə, azərbaycanlılar çox yaxşı insanlardır, mehriban, isti. Bakıda keçirilən konsertlərdən birində məni dönə-dönə təzim etməyə çağırdılar. Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişəm. O, mənim sənətimə yüksək qiymət verirdi. Çünki sənəti gözəl başa düşürdü. Onun oğlunu, indiki Azərbaycan prezidenti İlham Əliyevi yubileyimə dəvət etdim. Onun, dəvətimi qəbul etməyindən məmnun qaldım. İlham Əliyevin dəvəti ilə Bakıda çıxış etdim. Ağır müharibə keçirmiş Azərbaycan xalqına görə məyus oldum, hamımız bir ölkədə dünyaya gəlmişik, biz bir ailəyik, bizi ayırmaq olmaz.  "O qədər səmimi insan idi ki...” 
Görkəmli müğənni Lev Leşşenko ulu öndər Heydər Əliyevi "real şəxs” adlandırır: "Azərbaycana ilk səfərimi heç unutmuram. 1973-cü ildə mənim solo turum Bakıda olub. Həmin vaxt bir çox azərbaycanlılarla tanış olub dostlaşdım. Məsələn, Bakını çox sevən Müslüm Maqomayevlə. O, bir əfsanə idi. Heydər Əliyevin dostu olmağıma şadam. Hətta bir yerdə yeməkdə də olmuşuq. O qədər səmimi insan idi ki, bir anlıq qarşında ümummilli liderin oturduğunu unudurdun. Müxtəlif açılışlarda olurduq. Xüsusilə, Aleksandr Sergeyeviç Puşkinin yubileyi ilə əlaqədar tədbirdə bir araya gəldik. Xatırlayıram ki, burada Heydər Əliyev  Puşkinin şeirlərini əzbərdən söylədi. Mükəmməl idi. Onun şeiri səmimiyyətlə oxuması məni şok etdi. Heydər Əliyev fövqəladə insan idi və mən ona belə bir xarakteristika verərdim - "Real şəxs". O, yüksək siyasətin bütün reallıqlarını bilənlər arasında nadirdir. O, xalqının həyatına inteqrasiya olmuşdu. İzah edim ... O, öz xalqına sözlə deyil, əməllərdə qayğı və diqqət yetirir və onlardan bəzilərinə isə ata-baba qayğısı göstərirdi. Heydər Əliyevin sayəsində 20 yaşlı Müslüm Maqomayev İtaliyada təhsil almış və  təkcə İttifaq yox,  beynəlxalq səviyyəli müğənni olmuşdu. Heydər Əliyevin bütün ailəsi ilə tanışam. Gözəl insanlardır. Heydər Əliyevi həmişə sevmişəm. Bəzən mənə elə gəlir ki, biz qohumuq. O, məni Lyova çağırırdı. Onu da deyim ki, vəziyyətin inkişafını qabaqcadan dəqiq şəkildə hiss edən, Rusiya və MDB ölkələri ilə geniş əməkdaşlıq axtaran Heydər Əliyev oldu. Nəticədə bu gün Rusiya-Azərbaycan münasibətləri son dərəcə düzgün qurulub”. 
 
 
 
"Mən ona məftun oldum”
Məşhur müğənni Alla Puqaçovanın Bakı ilə bağlı ən yadda qalan hekayəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüş olub: "Heydər Əliyevin konsertimə gəlişini bütün həyatım boyu xatırlayıram. Səhhətində müəyyən problem vardı. Buna baxmayaraq İlham Heydəroviçlə birlikdə gəlmişdi. Onun mənə dedikləri sözlər çox qiymətli idi. Bundan sonra ürəyim sakit oldu, bütün varlığımla və protokola baxmayaraq, yaxınlaşıb onu öpdüm. Bu, mənim yaddaşımdadır. Mən ona məftun oldum. O, çox gözəl insan idi – çox gözəl! Heydər Əliyev unikal bir lider idi. Onun mükəmməl tərbiyəsi hər şeydə hiss olunurdu – danışığında, işində, fərqli ölkələrin liderləri, siyasi xadimləri ilə əlaqə qurmasında, insanlara münasibətində, gözəl, istedadlı və gerçək bir insan olmasında. Mən Azərbaycanı çox sevirəm, çox vaxt orada qastrollarda olmuşam, müvəffəqiyyət qazanmışam, təkrar edirəm ki, orada qonaqpərvər və isti insanlar yaşayırlar. Bu səfərləri unutmaq mümkün deyil. Ölkələrimiz arasındakı dostluq daha da güclənsin, Azərbaycan hər il gündən-günə daha da gözəlləşən gözəl ölkədir”. 
 
 
 
"Məni "Azərbaycanın gəlini” adlandırırdı” 
 
Görkəmli müğənni,Müslüm Maqomayevin həyat yoldaşı Tamara Snyavskayanın ulu öndərlə bağlı şirin xatirələri var: "Heydər Əliyev məni "Azərbaycanın gəlini” adlandırırdı. Mən əvvəlki kimi onlar üçün gəlinəm. O, bizim Müslümlə toyumuzda «Sən, Tamara, bizim gəlinimizsən, bütün Azərbaycanın gəlinisən» dedi. Çünki Maqomayev bütün Azərbaycanın oğlu idi. Onlar bu günə qədər də məni elə qəbul edirlər. Müslüm Maqomayev uzun illər ümummilli lider Heydər Əliyevlə dostluq edib. Biz tez-tez Bakıda onun bağında qonaq olurduq. O, Müslümü dinləməkdən zövq alırdı. Müslüm 2003-cü ildə dostunun ölümündən sonra özünə qapandı. Xəstə ürəyi və ciyərləri ulduzu tez-tez narahat edirdi. Müğənni gün ərzində 3 qutu siqaret çəkirdi. Onun əsərləri içərisində ulu öndər Heydər Əliyevin, Bethovenin, Çaykovskinin, Sergey Rahmaninovun, Cüzeppe Verdinin portretləri var idi. O, portretləri çəkən zaman mən onu royalda müşayiət edirdim. 
Moskvada Müslümün heykəli qoyulub. Bu abidəni bizim böyük dostumuz Araz Ağalarovla Moskva hökuməti qoyub. Bakıda isə Müslüm Maqomayev Fəxri Xiyabanda uyuyur. Azərbaycan prezidenti İlham Əliyev və onun həyat yoldaşı Mehriban xanım Müslümə çox gözəl abidə qoydurublar. Mən hər yarım aydan bir Bakıda oluram”. 
 
 
 
"Arzunuz nədir?”
Özbəkistanın və Azərbaycanın Əməkdar artisti Kökəb Əliyevanın  Bakıya ilk gəldiyi gün isə ömürlük yaddaşına yazılıb: "Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyev Özbəkistana gəlmişdi. Bizim Dövlət Uşaq Ansamblı onun qarşısında çıxış etdi. O, konserti çox maraqla izləyirdi. Konsertdən sonra qızları yanına çağıraraq «arzunuz nədir?» - deyə soruşdu. Uşaqlar sevinclə «Bakıya getmək istəyirik» dedilər. 10 gündən sonra 25 nəfərlik ansamblla Bakıya dəvət olunduq. 15 gün konsertlər verdik. İstirahət etdik, muzeyləri gəzdik, sərgilərdə iştirak etdik. Bakı səfəri hamımızın yaddaşına ömürlük yazıldı. Sonradan mənim Bakıya bir neçə dəfə də qastrollarım oldu. Hər bir səfər soydaşlarımın səmimiyyəti, məhəbbəti və alqışları ilə yadımda qaldı”.
Təranə Məhərrəmova 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815