AZE | RUS | ENG |

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Lənkəran Rayon Məhkəməsinin hakim köməkçisi Tofiq Canıyev bildirib ki, qaçan dustaqların məhkəmədə iştirak etmədən geri qaytarılması ilə bağlı nə hakim, nə də özü tərəfindən göstəriş verilməyib.

Prosesdə dindirilən digər şahid Lənkəran müvəqqəti saxlanma təcridxanasının rəisi Əlişir Fərəcov deyib ki, hadisədən əvvəl dustaqların geri qaytarılması ilə bağlı ona məlumat gəlib: "Mənə dedilər ki, müəyyən səbəbdən Əli Ağami və Etibar Məmmədov məhkəməyə gətirilsə də, geri qaytarılacaq. Mən də razılaşdım. Ancaq mən əmr verməmişəm ki, dustaqları qəbul etməyin".

Sonra şahid Masallı Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirovla üzləşdirilib. B.Bəşirov isə qeyd edib ki, dustaqların qəbul edilməməsi ilə bağlı əmri Ə.Fərəcov verib.

Hakim qeyd edib ki, şahidlərin bir-birinin əksinə ifadə verməsinə yekunda qərar qəbul edərkən qiymət veriləcək.

Məhkəmədə dindirilən Lənkəran Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyev deyib ki, ona məhkəmənin təxirə salınacağı barədə məlumat verilib: "Fədayə Laçın şöbəyə gələndə onu mən Əlişir Fərəcovun yanına apardım. Lakin onun üzərinə baxış keçirilmədi. Çünkü qadın olduğu üçün bunu etmədik".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN