Sabiq hərbi komissar məhkəmə qarşısında

Sabiq hərbi komissar məhkəmə qarşısında

Kriminal
02 Oktyabr 2012, 18:32 1453
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayıb. Məhkəmə qarşısında polkovnik-leytenant Samir Məmmədov, polkovnik-leytenant Fəxrəddin Əliyev, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqov cavab verir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunurlar.
İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət və TQDK-ya təqdim etmək barədə arayış verib. Bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.
Prosesdə çıxış edən dövlət ittihamçısı Samir Məmmədovun 12 il, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyevin 6 il, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqovun hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqları üçün hakimlərdən vaxt istəyiblər. Proses oktyabrın 16-da davam etdirilib.