• cümə, 29 Mart, 09:37
  • Baku Bakı 5°C

Sabahın memarı - Soydaş

10.09.16 12:35 2454
Sabahın memarı - Soydaş
Həyatda tək məqsədi ətrafındakı insanlara faydalı olmaqdır. Deyir ki, cəmiyyətin inkişafı bizdən asılıdır. Hər birimiz ölkəmizi zirvələrə daşımağı səmimi bir şəkildə istəyirik, amma başa düşmək lazımdır ki, ölkənin hərtərəfli inkişafı cəmiyyətin fəallığından asılıdır. Cəmiyyət isə fərdlərdən yaranır. Bu səbəbdən cəmiyyətə və insanlara faydalı olmaq üçün öz missiyamızı yerinə yetirməliyik.
O, bu missiyanı təhsil və könüllülük vasitəsilə yerinə yetirir. Müsahibimiz hazırda İspaniyada təhsil alan həmyerlimiz Ucal Qorçudur.

Fərqli həyat tərzi və mədəniyyət...

Ucal 1996-cı ildə Bakıda dünyaya göz açıb. Bakı Anadolu liseyində orta təhsilini bitirdikdən sonra FLEX proqramı çərçivəsində ABŞ-da Texas ali məktəbinə qəbul olub. Hazırda İspaniyanın Empresa (IE) İnstitutunda memarlıq təhsili alır.
Həmsöhbətimiz deyir ki, məktəbin bir ilini Amerikada oxuyan zaman ona yad olan mədəniyyətlə qarşılaşıb və bu yadlıq azərbaycanlı olmağın necə hiss olduğunu yenidən kəşf etdirib: "Azərbaycandan uzaq olduğum bu vaxt ərzində mənə yad olan bir mədəniyyətin köməyi ilə öz mədəniyyətimə daha fərqli bir nəzərdən yanaşmağa başladım. Bundan əvvəl diqqət yetirmədiyim gözəllikləri görməyə başladım.ABŞ və xüsusilə Texas kimi multikultural bir yerdə tam fərqli bir həyat tərzi, mədəniyyət və teatr ilə rastlaşdım. Sanki bu mədəniyyəti kəşf etmək və daha yaxından tanımaq prosesi nəticəsində azərbaycanlı olmağın nə olduğunu yenidən kəşf etdim”.

Təhsil nədir?

Həmsöhbətimiz üçün təhsil almaq, həyatını təhsilə həsr etmək önəmlidir. Deyir ki, təhsil informasiya cəmiyyətinin ən önəmli məqamlarından biridir: "Biz özümüzdən əvvəl hazırlanmışinformasiyanı alıb, ona nəsə əlavə edib bizdən sonrakı nəsillərə ötürülük. Təhsil də bu cəmiyyətin daim inkişaf vəziyyətində olmasını təmin edir. Təhsil sayəsində biz ümumilikdə dünyadan xəbərdar oluruq. Bu olmasa, biz nə fərd, nə də ölkə olaraq özümüzü sözün əsl mənasında dünyanın bir parçası saya bilmərik. Təhsil bu mürəkkəb mexanizmin içində özümüzə layiq yeri tapmaq üçün yeganə yoldur”.
Ucal həm də xaricdə aldığı təhsili yerli tələbələrlə bölüşür. Yay tətili müddətində könüllü şəkildə tələbələrə treninqlər keçir: "2015- ci ildən dövlət proqramı çərçivəsində xaricdə təhsil alıram. Bu il yay tətilində ölkəmə qayıdanda orada aldığım təhsili və fərqli bilikləri yerli tələbələr ilə paylaşmağı özümə borc bildim. Təhsil Nazirliyi və xüsusən "SABAH” qruplarının köməyi ilə bir aylıq treninq hazırladıq. İşə başlayandan sonra bir çox tələbənin həm peşəkar, həm də dünyagörüşü cəhətdən öyrənməyə olan həvəsini görəndə bu treninq barəsində düzgün qərar aldığımı bir daha anladım.Həyatım boyunca yaşadığım yer və və ətrafımdaki insanlara faydalı olmaq istəmişəm və buna görə də vətənimdə olduğum zamanı daha səmərəli şəkildə keçirmək qərarına gəldim. Treninqin sonunda iştirakçılar ilə "Sabahın memarları” adlı bir studiya açdıq. Təlimlər mənim üçün və iştirak edən hər kəs üçün böyük bir təcrübə oldu və gələcəkdə belə layihələri davam etdirəcəyik”.

İspaniya Ucalın gözündə…

Qeyd etdiyim kimi, müsahibimiz İspaniyada yaşayır. Onunla ispan mədəniyyəti, gəncliyi, tarixi ilə bağlı da danışdıq. Ucalın fikirləri ilə xəyalən İspaniyaya səyahət etdik: "Bura gəlməzdən əvvəl İspaniya barədə çox anlayışım yox idi və ispan dilim yox dərəcəsində zəif idi. Mən tamamilə yeni bir mədəniyyətin içinə atıldım. Artıq o gündən xeyli vaxt keçib və mən İspaniya ilə daha yaxından tanış olmaq imkanı qazanmışam.İspaniya öz dilinə və mədəniyyətinə çox sadiq ölkədir və burada yaşayarkən bu möhtəşəm tarixə malik nəhəng sivilizasiyanın bir parçası olmamaq mümkün deyil.Mənim gözümdə İspaniya ən azı ABŞ qədər çoxtərəflidir; Segovia kimi balaca bir şəhərin dar küçələri və onların arasında gizlənmiş tapas adlı yerləri (İspaniyanın xüsusi qəlyanaltıları "tapas” adlanır) və yaxud Barselonanın Diaqonal prospektində gün boyu mahnı oxuyan kütlələr - bunların hamısı İspaniyadır. İspaniya deyəndə bir çoxumuzun ağlına siesta və tapas gəlir. Çünki ispanlar dadlı günorta yeməyindən sonra bir neçə saat dincəlməyi çox sevir. Belə bir ölkədə yaşayan hər bir kəs daima kəşf etmək istəyi içində olur.Və ən önəmlisi də bir çox Avropa ölkəsindən fərqli olaraq, İspaniyada öz yerimi çox tez tapa bildim. İnsanlar, ümumiyyətlə, ürəyiaçıq və mehribandırlar və bu, mənim kimi bir tələbə üçün çox önəmli idi”.

"Gənclər həddindən artıq təşəbbüskardır”

İspan gəncləri ilə azərbaycanlıları müqayisə edən Ucal deyir ki, ispan gəncləri aktiv və təşəbbüskardırlar: "İspan gənclərinin Avropanın hər hansı bir ölkəsindəki başqa gənclərdən çox fərqləndiyini düşünmürəm. Lakin buradakı gənclərin cəlbedici bir neçə xüsusiyyətlərindən biri çox aktiv olmalarıdır. İspanlar gənc yaşlarında fərqli şeyləri sınamaqdan çəkinmirlər. Həm şəxsi, həm də peşəkar mənada bir çox fərqli şeyə əl atıb öz bacarıqlarını sınayırlar. Təbii ki, buradakı daha sərbəst mühit buna şərait yaradır. Gənclər həddindən artıq təşəbbüskar olur. Burda gördüyüm qədəri ilə ispan gənclərinin hər yerdə bir icması olur və onlar bu icmanın öz istiqamətində inkişaf etməsi üçün çox çalışırlar”.
Sonda gələcək planlarından danışan müsahibimiz deyir ki, gələcəkdə ölkəyə və xüsusilə də insanlara yararlı olmağı qarşısına məqsəd qoyub: "İspaniyada oxuduğum vaxt boyunca "Sabahın memarları” studiyasının fəaliyyətini davam etdirmək istəyirəm. Çünki bunun həqiqətən bir çox tələbənin təhsilinə müsbət təsir göstərə biləcəyinə inanıram. Günümüzdə iki fərqli tip memar var; adı üçün işləyib hamı tərəfindən tanınan və cəmiyyətə fayda verən memarlar. Mən cəmiyyətimizə fayda verməyi düşünürəm”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər