• cümə axşamı, 18 aprel, 09:28
  • Baku Bakı 12°C

Sabahımızı əmanət etdiklərimiz

01.06.20 19:51 1484
Sabahımızı əmanət etdiklərimiz
Uşaqların gələcəyi üçün hamılıqla məsuliyyət daşıyırıq

İyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü - ən sevimli bayramlardan biri qeyd edildi. 1950-ci ildən bəri dünyada keçirilməyə başlayan bayram, ölkəmizdə də dövlət müstəqilliyi bərpa edildikdən sonra xüsusi təntənə ilə qeyd edilir. Azərbaycan uşaq hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə - Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə "Uşaq hüquqları” haqqında Qanun, "Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanun və digər qanunvericilik aktları qəbul edilib.
Ölkə başçısıAzərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Həmin Sərəncamla, 2009-cu ilin "Uşaq ili” elan edilməsi də uşaqlara böyük diqqətin nümunəsi idi.

Sevgi, sevinc, xoşbəxt gələcək

Birinci vitse-prezident Mehriban Əliyevanın 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşdığı "Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!” - fikirləri də ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının parlaq göstəricisidir. Uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prioritetlərindən biridir. Fondun prezidenti nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və himayədarıdır. Heydər Əliyev Fondu uşaqlarla bağlı həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə”, "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin edilməsi” və s. layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahi əməliyyatları, peyvəndləmə aksiyaları ilə uşaqlara qayğını qurumun əsas xətti hesab edir. Heydər Əliyev Fondunun irəli sürdüyü "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizi uşaqların hərtərəfli inkişafına, keyfiyyətli təhsilinə, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmasına yönəlib. Fond uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Uşaqların mövcud problemləri

Uşaqların gələcək inkişafı, təhsili, salamlığı istiqamətində dövlət tərəfindən həyata keçirilən layihələrlə yanaşı, müəyyən problemlər də mövcuddur. Millət vəkilləri, uşaq hüquqları üzrə ekspertlər də bunu etiraf edirlər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Uşaqlar gələcəyimizdir” sərlövhəli məqaləsində ölkəmizdə uşaq problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edib: "Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Ümumiyyətlə, dövlətimiz uşaq və gənclər üçün yaradılan imkanları daim genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki ancaq müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür”. Millət vəkili hesab edir ki, uşaq problemləri ilə məşğul olan və dövlət siyasətini bilavasitə tənzimləyən Komitənin yaradılması da uşaq probleminin həllini dövlətin əsas prioritetlərindən biri olduğunu sübut edir. Eyni zamanda, parlamentdə də Ailə, qadın və uşaq məsələləri komitəsinin olması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: "Ümumiyyətlə, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üzrə Milli Fəaliyyət Planı”, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir”. Millət vəkili hesab edir ki, uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilib. Belə ki, 2017-ci ildə penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb: "Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir”. H.Hüseynova bildirir ki, 2012-ci ildə Prezidentin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlər ilə bağlı monitorinqi aparılıb. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılıb, mütəxəssislər üçün yeni təlimlər keçirilib: "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb. Bu, uşaq problemlərinin dəqiq statistikasını müəyyən etməklə həmin sahədə daha səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər keçirilir”. H.Hüseynova qeyd edir ki, uşaq problemlərinin həlli ilə bağlı görülən işlərlə yanaşı, hazırda uşaqların mövcud problemləri də vardır: "Bu gün bizi düşündürən əsas məsələlərdən biri valideyn məsuliyyətidir. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Bu gün ən mühüm məsələlərdən biri valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində bir sıra çətinliklərin yaranmasıdır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşirlər”.

Qanunvericiliklə məsuliyyətin gücləndirilməsi

"Dövlətimiz tərəfindən uşaqlara olan qayğı yüksək səviyyədir deyən hüquqşünas Fariz Əkbərov Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini bildirir. Belə ki, qanunvericilikdə uşaqların hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanunlar və digər hüquqi normativlər, sənədlər mövcuddur: "Lakin əksər valideynlər övladlarına və yaxınlarına qarşı məsuliyyətsizdirlər. Məsələnin digər tərəfi ailələrdə olan problemlərdir. Boşanmalar zamanı uşaqların psixoloji travmalar alması, qeyri-rəsmi nikahdan doğulan uşaqlar və dilənçiliyə, zorakılığa məruz qalan uşaqlar da kifayət qədərdir. Boşanmalar zamanı ailədə, ən çox uşaqlar psixoloji travmalar alırlar. Uşaq üçün valideyn bölünməzdir. Boşandıqdan sonra əksər hallarda valideynlərdən biri uşaqların tərbiyəsində iştirak edə və qayğısını çəkə bilmir. Bunun nəticəsində də digər valideyn də ailəni dolandırmaq üçün gərgin iş rejimində çalışmalı olur. Belə olan halda həmin uşaqların təhsilində, təhsilə davamiyyətində valideyn iştirak edə bilmir və bu da uşaqların həyatında mənfi nəticələrə gətirib çıxarır. Yəni valideyn qayğısından, tərbiyəsindən məhrum olan uşaqlarda evdənqaçma və cinayətə meyillilik baş verir”. Hüquqşünas bildirir ki, qeyri-rəsmi nikahdan doğulan uşaqların sənədləri olmadığı üçün təhsil vaxtı məktəbə daxil ola bilməmələri və təhsildən geri qalma faktları olur. Eyni zamanda, qeyri-rəsmi nikaha daxil olarkən uşağın atalıq faktının tanınmaması qarşı tərəfi, uşağı böyütmək üçün aliment almaq hüququndan kənarda qoyur. Valideynlər və yaxın qohumları tərəfindən uşaqlar psixoloji, fiziki, cinsi zorakılıqlara məruz qalır. Belə olanda daim şiddətə və zorakılığa məruz qalan uşaqlar intihar etməyə meyilli olurlar. Bu problemlərin aradan qaldırılmasında valideyn məsuliyyətinin gücləndirilməsi lazımdır. Buna görə də, valideynlərlə daim maarifləndirici işlərin aparılması və qanunvericiliklə məsuliyyətinin gücləndirilməsinə ehtiyac var. Uşaqlar bizim gələcəyimizdir və onları müdafiə etmək borcumuzdur”.
Biz hamılıqla uşaqların gələcəyi üçün məsuliyyət daşıyırıq. Özgə uşaq yoxdur. Onların yaxşı təhsili, sağlam böyüməsi üçün dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də fəallığını nümayiş etdirməlidir. Əgər gələcəyimizi uşaqlara əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər