• cümə, 29 Mart, 08:55
  • Baku Bakı 5°C

Sabah yeni rekord olacaqmı? - Azərbaycan futbolunda

20.08.14 16:57 1232
Sabah yeni rekord olacaqmı? - Azərbaycan futbolunda
Apasport.az saytının məlumatına görə, bunun üçün iki Azərbaycan klubundan birinin qələbə qazanması kifayətdi.
Belə ki, növbəti uğur cari mövsüm avrokuboklarda qazanacağımız 9-cu qələbə olacaq. Bu göstərici isə futbol tariximizdə yeni rekord sayılacaq. İndiyədək Azərbaycan futbolu heç vaxt avrokubok mövsümündə 8-dən artıq qələbə görməyib.
III təsnifat mərhələsində Gürcüstanda “Çixura”nı 3:2 hesabı ilə yenən “Neftçi” bu yayın 8-ci zəfərini əldə etmişdi. Həmin 8 qələbədən üçü “Qarabağ”ın, ikisi “Neftçi”nin, üçü isə artıq mübarizəni dayandıran “İnter”in hesabındadı.
“Ağ-qaralar”ın əldə etdiyi həmin 8-ci qalibiyyətlə rekordumuz təkrarlanmışdı. Belə ki, 2013/14 mövsümündə də təmsilçilərimiz 8 qələbə görmüşdü.
1994-cü ildən indiyədək ümumilikdə 56 dəfə qələbəsinə sevindiyimiz klublarımız həmin iki mövsümdən başqa, heç vaxt azarkeşlərinə bu qədər qürur verməyib.
Sabah isə yeni rekord gerçəkləşə bilər.
Bir addımlığında olduğumuz bu nailiyyəti “Qarabağ” gerçəkləşdirə bilər. Çünki Ağdam təmsilçisi meydana daha tez çıxacaq. Qurban Qurbanovun yetirmələri saat 21:00-da Hollandiya “Tvente”sini sınağa çəkəcəklər.
“Qarabağ” qalib gəlsə, onlardan sonra meydana çıxacaq “Neftçi” Serbiyada “Partizan”la oyunda mövsümün yubiley qələbəsini qazanmağa çalışacaq. Ağdam təmsilçisi rekordumuza olan addımı gerçəkləşdirməsə, onda bunu bakılılar həyata keçirməlidi.
Rekord, həm də yubileylə əlamətdar olacaq. Çünki sabah qazanılacaq ilk qələbə, həm də 2009-cu ilədək UEFA kuboku, son 5 ildə Avropa Liqası adlanan yarışda 35-ci qalibiyyət olacaq.
banner

Oxşar Xəbərlər