• cümə, 26 Aprel, 14:32
  • Baku Bakı 23°C

“Sabah” qəzetinin zülmət xəbəri

14.05.14 08:38 1513
“Sabah” qəzetinin zülmət xəbəri
Əhməd Cavad şeirlərində səba yelindən yox, Şimal küləyindən ehtiyatlananlardan idi, aşiqliyi fərdi istəkdən Vətən sevgisi mərtəbəsinəcən yüksəlmişdi. Hə, Ə.Cavadın başqa bir külək haqqında da “Çırpınırdı Qara dəniz” şeirində fikrini bölüşmüşdü: “Dost elindən əsən yellər”. Bu ifadə ilə o, Türkiyəni nəzərdə tuturdu, ancaq o heç də həmin küləkləri BƏLA YELİ kimi təsəvvür etmirdi:
Dost elindən əsən yellər
Mənə şeir, salam söylər.
Bir əsr öncə (1914, dekabr) Gəncədə yazılan bu şeirdə Türkiyədən – dost elindən əsən yellərin şeir və salam gətirəcəyini müjdələyən Ə.Cavada qarşı bu gün bəzi türk media orqanlarında yalan və böhtan küləyi əsir. Özü də bir əsr əvvəl Əhməd Cavadın “dost küləyi” dediyinə biz bu gün ürək rahatlığı ilə “qardaş küləyi” deyirik.
Yüz il əvvəl yazılan “Çırpınırdı Qara dəniz” şeiri (həm də mahnı) bir əsr sonra ermənilər tərəfindən oğurlanır. Xatırladaq ki, "Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı olan "Dalğa"da dərc olunub. Doğrudan da, ermənilər mahnı oğurlayır, oğurlayıb oynayırlar, ancaq bu oynamaq heç də musiqi səsindən cilvələnmək deyil, “utanmasan oynamağa nə var” həyasızlığıdır. Bu həyasızlığısa bu abzasda qeyd etdiyim 1919-cu il faktı dəqiq təsdiq edir.
Yaddaşım namərd çıxıb deyə adını xatırlamıram: Hansısa çar, Rusiyanın vəziyyəti barədə yüksək rütbəli məmurdan tələb edir:
– Rusiyanın vəziyyətini bir sözlə ifadə elə!
Həmin şəxs çaş-baş qalsa da, həqiqəti çara deyə bilir:
– Oğurlayırlar.
Eyniylə bu gün ermənilərin adətkərdə olduqları vicdansız durumu bircə sözlə ifadə edilə bilərik – oğurlayırlar. Bəli, bəli, oğurlayırlar – torpağımızı, adət-ənənəmizi, mədəni sərvətlərimizi və s.
Ancaq pisi odur ki, qardaş bildiyimiz ölkənin mətbuatı səviyyəsində də bəzən ermənilərə qahmar çıxılır. Özü də nə vaxt? Qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyənin bədnam qonşularımıza başsağlığı verməsindən az müddət sonra. Bu ardıcıllıq bizim “təsadüfdürmü?” ehtimalımızı da şübhə altına salır Axı hələ bizim qulağımızdan türk boğazı ilə Sezen Aksunun erməni dilində “Sarı gəlin” oxuması, yüzlərlə insanın meydanlardakı “Hepimiz Hrank Dinkiz, hepimiz erməniyiz” qışqırtıları getməyib. Vaxtilə Mirzə Cəlil “Kamança” pyesi yazıb, əsərdə bizimkilər erməniləri bağışlayır, o bağışlamaq məsələsi hələ də davam edir...
Burcu Çalıq adlı jurnalistin “Sabah” qəzetində yazdığı bu xəbər təkcə yalan olmasıyla yox, həm də B.Çalıqın kimliyiylə bağlı da fikirləri qarışdırır. Görəsən, bu sözləri yazmağı özünə rəva bilən birinin milliyyəti nədir? Bəlkə, elə o da erməni və ya ermənipərəstlərdəndir? Hər halda, onun düşmən dəyirmanına su tökməsi elə-belə fakt deyil.
Bilməyənlər üçün xatırlatma verim ki, “Sabah” qəzetində musiqisi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus "Çırpınırdı Qara dəniz" mahnısının guya erməni şairi Sayat Novaya (Səyyad Nəvan) aid olması barədə məlumat yayılıb. S.Novanın “Kamança” adlı şeiri ilə absurd paralellər aparılıb ki, bunun da heç bir müstəvidə arqumentli-müqayisəli ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi yoxdur. Ümumiyyətlə, S.Novanın 1982-ci ildə "Sovetskiy pisatel" nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş "Sayat Nova. Şeirlər" kitabında belə bir şeir yoxdur, ancaq bu səhv məlumat “Sabah” qəzetində az qala təsdiq həddində təqdim edilib. Bu cür oğurluğun absurdluğunu isbat edəcək dəlillər çoxdur: Digər tərəfdən, mahnı təkcə sözdən yox, həm də musiqidən ibarətdir, belə olan təqdirdə, bəs Üzeyir Hacıbəyovun o cür möhtəşəm musiqisini hara yazaq?
Mən erməni xalqının “yüksək zövqünə” şübhə eləmirəm, ancaq bu zövq fərdi və ya xalq yaradıcılığı müstəvisində yox, mənimsəmə və ya plagiat səviyyəsində üzə çıxır. Onlar ən yaxşıları seçib-sonalayıb oğurlamaqda “peşəkardırlar”.
Əhməd Cavad və “Çırpınırdı Qara dəniz” şeiri ilə bağlı gəlin bəzi məsələləri xatırlayaq:
• Əhməd Cavad Batum savaşında Osmanlı ordusunda könüllü döyüşüb.
• Şairin “Çırpınırdı Qara dəniz” şeirisə Osmanlıların Azərbaycanı xilas etməsi iftixarına yazılıb.
• Mahnı isə Nuru Paşanın komandanlığındakı Qafqaz-İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edilib.
Bu tarixi faktları ermənilərin “unutması” normal sayılmalıdır, ancaq eyni hərəkəti bəzi türk qardaşlarımızdan görməyi heç istəməzdik...
Və son...
Kamança yeganə alətdir ki, onun səsi insan iniltisinə bənzəyir. Vaqif Bayatlı Odər əbəs yerə şeirində demir ki:
“Sən də, sən də ağlada bilməzsən məni.
Mən zalım adamam, kamança.
Ancaq inanmıram, ermənilərdə insan və insanlıqdan – Allahın bəşərin əşrəfi adlandırdığı bu ali varlıqdan nəsə qala ki, onlar kamançanın insan ruhuna yaxın olmasını qanalar. Ona görə də “Kamança” onlarda ancaq oğurluq alət, plagiat şeir adı ola bilər, sənət aləti, sənət ifadəçisi isə, əsla. Bu mənada, S.Novanın “Kamança” adlı şeir yazması, bu azmış kimi, ermənilərin guya bu şeirə mahnı bəstələyib oxumaqları ayının qaval çalması səviyyəsində sənət nümunəsidir.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər