AZE | RUS | ENG |

Sabah dünən başlayıb

Sabah dünən başlayıb
Yaşadığımız XXI əsrdə Azərbaycan teatrı hansı yolu tutmalıdır? Hansı ideya-bədii meyarlara əsaslanmalı, hansı məqsədlərin realizəsinə prioritet önəm verməlidir? Bu sualların konkret əməllərdə veriləcək cavabları milli teatr mədəniyyətimiz üçün, sözün tam mənasında, taleyüklü  əhəmiyyət kəsb edir. Bəli, XXI əsrdə yaşadığımızı unutmamalıyıq. Öz ilkin əhəmiyyətini və təsir dairəsini itirən ənənələrin buxovlarından azad olmağın tam zamanıdır. Başqa sözlə, böyük Sabirin təbirincə desək, "dindirir əsr bizi” və əvvəlki əsrlərin heç bir səmərə verməyən idarəetmə və yaradıcılıq stereotiplərinin əvəzinə prinsipcə yeni, perspektivli əməllərə meydan verilməlidir. Dünya mədəni məkanına daxil olmağın, həmin məkanda layiqli yer tutmağın yeganə yolu budur. Odur ki, bu gün  teatr sənəti sahəsində bizi dalana salan düşüncə və prinsiplərə diametral fərqli fəaliyyət tərzi  seçilməlidir. 
Bu yerdə köhnəlməyən rus sualı olan "nə etməli?” gözlərimizin qarşısında böyüyür, hər birimizdən təkidlə cavab gözləyir. Amma burada sadəcə sözlərlə yaxa qurtarmaq mümkün deyil. Əslində, həmin sualın birmənalı və yeganə cavabı da yoxdur. 
Belə olan halda müşahidə edilən reqressiv prosesləri ən azı dayandırmaq üçün hansı mühüm addımlar atılmalı, yaxud hansı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir?
Fikrimizcə, hər şeydən əvvəl, teatr sənətinin fəaliyyətini tənzimləyən "Teatr və teatr fəaliyyəti haqqında” Qanunun bəzi maddələrinin praktik teatr həyatı üçün səmərəsizliyi səbəbindən onun işlək mexanizmini təmin edəcək müvafiq düzəliş və əlavələr edilməsinə ehtiyac var. Belə ki, qanunda əksini tapmış prodüser institutu, yaxud teatr işçilərinin sosial müdafiəsi kimi maddələr funksional tətbiq mexanizmi bəlli olmayan mürəkkəb söz birləşməsi təsiri bağışlayır. Əlavə edək ki, teatrlara müstəqil fəaliyyət imkanı verən və dünya təcrübəsində təbii qəbul edilən bir sıra imtiyazlar qanunun yeni maddələrində öz əksini tapmaqla onun həyati təsirini artırardı. 
Mədəniyyət və Turizm Nazirliyində teatrların qastrol səfərlərinin təşkili ilə məşğul olan müvafiq bölmə yaradılmalı, həmin bölmə tərəfindən onların illik qastrol səfərlərinin, həmçinin beynəlxalq festivallarda iştiraklarının qrafiki öncədən tərtib edilməli, tənzimlənməlidir. 
Bundan başqa, dövlət başçısının təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının davamı olaraq ölkədə teatr sisteminin mərhələli inkişaf strategiyası işlənməli, teatrların fəaliyyətinin, ən azı, beş illik Dövlət dotasiyası təmin edilməli, teatr kollektivlərinə müstəqil fəaliyyət imkanları yaradılmalı, illik maliyyə təminatının istifadəsi faktları hər ilin sonunda müəssisələrin hesabatları əsasında  yoxlanılmalıdır. 
Teatr sənətinin sovet dövründən miras qalmış inzibati idarəetmə və tənzimləmə mexanizminin köhnəldiyini, tamamilə yararsız  olduğunu qəbul edib, demokratik prinsiplərə əsaslanan daha praqmatik konsepsiyalar hazırlanmalı, başlıca olaraq, idarəetmə şaquli deyil, üfüqi xətt üzrə həyata keçirilməlidir. 
Teatr işçilərinin əməyinin stimullaşdırılmasının yeni şərtləri müəyyən edilməli, bu sahədə çalışanların əmək haqları, ən azı, beş dəfə artırılmalı, xüsusən, ifaçıların hər çıxışı üçün onlara əmək haqlarının 10 %-i qədər əlavə ödəniş verilməlidir. Ölkədə fəaliyyət göstərən teatrlarda əmək və yaradıcılıq intizamı gücləndirilməli, fəaliyyət rejimini təmin edən sağlam mənəvi-psixoloji iqlim yaradılmalı, yaxın perspektivə yönələn təsirli islahat tədbirləri həyata keçirilməlidir. 
Teatr  kollektivlərinə müasir mühəndis-texniki avadanlıqlarla işləməyi bacaran mütəxəssislər cəlb edilməli, truppalarda istedadlı gənclərə geniş  yer verilməlidir. Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcək inkişafına yönələn əməllərindən biri gənclərin digər ölkələrə təhsil alması, ixtisasartırma ezamiyyətlərinə göndərilməsi təcrübəsi bərpa edilməlidir. Fikrimizcə, bölgələrdə işləmək istəyən gənclərin sosial məsələlərinin həll ediməsinə yerlərdəki icra orqanları tərəfindən təminat verilərsə, müsbət nəticələrə  ümid etmək olar. 
Milli teatr fəaliyyətinin mövcud vəziyyətinin perspektivsizliyi həqiqəti nəzərə alınarsa və həmin vəziyyəti əsaslı surətdə dəyişməyin zəruriliyi məqbul sayılarsa, o zaman ölkədə teatrların fəaliyyət və idarəetmə sistemi prinsipcə fərqli, Şərqi Avropa teatr modelinin mədəni-iqtisadi şərtlərinə müvafiq olmaqla funksional baxımdan səmərəli elmi-praktik mexanizmlərin tətbiqi ilə yenidən qurulmalıdır. Belə ki, teatrlarda struktur dəyişmələri, yaradıcılıq proseslərinin formalaşması və tənzimlənməsi, maliyyələşdirmə şərtləri, idarəetmə qaydaları dövrün mütərəqqi dünyagörüşünə əsaslanan, milli-mənəvi dəyərləri özündə ehtiva edən teatr fəlsəfəsinə xidmət etməlidir. 
Çağdaş dövrdə milli teatr sənətinin inkişafı düzgün elmi-pedaqoji təhsil konsepsiyasına əsaslanan kadr hazırlığından çox asılıdır. Bu zaman teatr elminin, bu sahədə mövcud  olan elmi-nəzəri problemlərin həllinə yönələn tədqiqatların aparılması dünya teatr aləmində təsdiqini tapmış nəzəri və təcrübi prinsipləri ehtiva edən elmi ədəbiyyatın, dərsliklərin və dərs vəsaitlərinin yazılması, daha mükəmməl və effektiv tədris-yaradıcılıq konsepsiyasının işlənməsi, eləcə də tətbiq edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun üçün, istər teatr işinin idarə edilməsi, istərsə konkret teatrların rəhbərliyinə professionalların seçilib yerləşdirilməsi, həmçinin  təhsil sahəsində kadr hazırlığı işinə cəlb edilən pedaqoji heyətin yüksək elmi biliklərə, səriştəyə malik olması mühüm şərtdir. 
Teatr sahəsi üçün kadr hazırlığı məsələləri, tədris-metodoloji prinsiplərə, sosioloji təhlillərə istinadla, real imkanlar nəzərə alınmaqla, dövrün və cəmiyyətin ictimai-mədəni tələblərinə müvafiq olaraq ən ciddi şəkildə təşkil edilməlidir. 
Ölkəmizdə teatr sənətinin kütləvi informasiya vasitələrinin köməyilə sistematik və hərtərəfli təbliği, bir zamanlar cəmiyyətin həyatında teatr işinə böyük fayda verən, xalq yaradıcılığının geniş şəbəkəsinin yaradılması vacibdir. Yəni təhsil müəssisələrində bədii qiraət, dram dərnəklərinin, bütün formallıqlardan uzaq, ən ciddi şəkildə  müxtəlif klublarda və mədəniyyət saraylarında xalq teatrlarının və özfəaliyyət kollektivlərinin yaradılması, həvəskarların yaradıcılıq işlərinin ictimai nümayişi məqsədilə vaxtaşırı olaraq teatr festivallarının keçirilməsi teatr sənəti ixtisaslarına marağın formalaşdırılması işinə  böyük səmərə verərdi. Vaxtilə həmin özfəaliyyət kollektivlərinin yetişdirmələri olan yüzlərlə gənc sonralar milli teatr sənətimizin məşhur xadimləri kimi şöhrət qazanmışlar. Odur ki, teatr sənətinin cəmiyyətimiz içərisində təbliği, bu sənətə gənclər arasında rəğbət oyadılması sayəsində milli səhnəmizə istedadlı insanların gəlişini təmin etməklə unudulmuş köhnə təcrübənin yeni dövrdə istifadəsinin perspektivləri barədə düşünməyin əsl vaxtıdır. 
Teatr mütəxəssislərinə, elə teatral tamaşaçılara da bəllidir ki, bu sənətin ümumi tənəzzülü halında belə, paytaxt teatrları ilə bölgə teatrlarının ciddi səviyyə fərqləri var. Və həmin hal onilliklər boyu bu sayaq davam etməkdədir. Burada obyektiv səbəblər kimi dəyərləndirilənlər əslində subyektiv münasibətlərdən törənən nəticələrdir. İndiki reallıqda həmin səbəblərin aradan qaldırılması, vəziyyəti normallaşdırmaq, az qala, mümkünsüz görünür. Açıq demək lazımdır ki, ikinci növ sahə qismində baxımsızlıq münasibəti görən bölgə teatrları nə ideya-bədii tutumlu repertuar, nə də belə bir repertuar yükünü daşıya biləcək yaradıcı truppa qura bilməmiş, beləliklə uzun illər ərzində onların yaradıcılıq potensialı tükənmiş, bədii ifadə ustalığı korşalmışdır. Əlavə edək ki, az qala, simvolik əmək haqqı alan həmin teatr kollektivlərinə uzun illər ərzində  yerli hakimiyyət orqanları da lazımi qayğı göstərməmişdir. Nəticə isə belədir ki, qeyd etdiyimiz teatrlar nəinki hər hansı inkişaf mərhələsi yaşamır, hətta öz yaradıcılıq ahənginin stabilliyini uzun müddət saxlaya bilməyib, yerində saymaqla biri digərini əvəz edən teatr mövsümlərini başa vurmaqdadır. 
Həmin teatrlarda sayca az olsa da özünəməxsus istedad sahibləri olan insanlar fəaliyyət göstərir. O teatrlara ali təhsil almış gənc qüvvələrin gəlişi nadir hadisə olduğu üçün bu gün orada fəaliyyət göstərən truppaların bir müddətdən sonra yalnız yaşlı nəsildən ibarət olacağı qaçılmazdır. Bir tərəfdən teatr təsərrüfatının təmin edilməsi üçün vacib olan maliyyə çatışmazlığı, o biri tərəfdən maaşların kollektivlərin güzəranına ciddi təsiri, tamaşaçı təşkili sahəsindəki deyilməz çətinliklər bölgə teatrlarını çıxılmaz vəziyyətlərə salır. Bu teatrlarda çalışanlar bütün məhrumiyyətlərə rəğmən öz gündəlik işlərini görür, mövcud vəziyyətə qəhrəmancasına dözməkdə davam edirlər. 
Eyni mənzərə, bir qədər çox, bir qədər az, paytaxt teatrlarında da müşahidə edilir. Yəni akademik statusu olan iki teatrdan başqa yerdə qalan kollektivlər cüzi maaşa qane olub fəaliyyət göstərməkdədirlər. Bu sənətin əsl cəfakeşləri olan həmin insanların maddi vəziyyətlərini bildikləri üçün, ya nədənsə, tənqidin onların səhnə işlərinə görə ciddi irad tutmağa sanki insafı yol vermir. Amma necə deyərlər, "çünki oldun dəyirmançı...” gərək sənə həvalə edilən obrazın "zəngin daxili aləmini” səhnədə yaradasan. Başqa sözlə desək, nə etmək olar, bu tale məsələsidir. 
Bayaq qeyd etdiyimiz kimi, əgər yuxarıda sadaladığımız təşkilati, inzibati, yaradıcılıq və maliyyə məsələləri həllini taparsa, mövcud vəziyyəti kökündən dəyişmək, Azərbaycan milli teatr sənətini həqiqi inkişaf magistralına çıxarmaq mümkündür. 
Bu zaman ölkədə teatr siyasətinin başlıca prinsipləri müəyyən edilməli, sistemli və indikinə alternativ teatr fəaliyyətinə tədriclə keçid nəzərdə tutulmalıdır. Fikrimizcə, bu, iki variantda həyata keçirilə bilər:
I variant:  Türkiyə modelinə müvafiq olaraq, yəni, ölkədə bütün teatrların fəaliyyətinin tənzimlənməsi və nəzarəti işini həyata keçirən Dövlət Teatrlarının Baş Direktorluğu qurumu yaradıla bilər: 
a. Paytaxtdakı teatrlar sahələr üzrə akademik teatrların müstəqil səhnələri kimi fəaliyyət göstərməli, bu səhnələrin, struktur, inzibati, maliyyə və repertuar məsələləri akademik teatrların müvafiq təqdimatı əsasında Baş Direktorluq tərəfindən təsdiqlənməli, onların festivallarda, müsabiqələrdə iştirakı, həmçinin qastrol fəaliyyəti  hər ilin əvvəlində qəbul edilmiş qrafik əsasında Baş Direktorluq  tərəfindən tənzimlənməlidir;
b. Bu teatr kollektivlərində çalışanların əmək haqları Baş Direktorluq tərəfindən təsdiq edilmiş maaş cədvəlinə müvafiq dərəcələr üzrə ödənilməli və bu zaman aktyorların hər çıxışı üçün onların maaşlarına əlavələr nəzərdə tutulmalıdır. 
Bölgə teatrlarının da  fəaliyyətini əhatə edən bu prinsiplərin təşkilati, inzibati və maliyyə təminatı mövcud qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həll edilir. 
II variant: Həmin variantda nəzərdə tutulan fəaliyyət öz xüsusiyyətinə görə "karusel” sistemi adlandırıla bilər. Onun realizəsi bölgə teatrlarının yaradıcılıq səhnəsi kimi azsaylı idarəetmə ştat vahidi ilə fəaliyyətini nəzərdə tutur. 
a)    Bu prinsipə əsasən paytaxtda fəaliyyət göstərən teatrlar aktiv repertuarında olan ən yaxşı üç tamaşası ilə bölgələrə ardıcıl səfərlərə çıxır və hər həftə bir bölgə səhnəsində tamaşalar göstərirlər.
b)     Biri digərinin ardınca gələn teatrlar öz stasionar səhnələrinin texniki imkanlarına uyğun yerli səhnələrdə çıxışları ilə konkret bölgələrdəki tamaşaçılara ideya-estetik, eləcə də ifaçılıq baxımdan ən səviyyəli tamaşalarını təqdim edir, beləliklə, onların bədii-estetik zövqünün formalaşmasına, mədəni səviyyələrinin artmasına böyük fayda vermiş olurlar. 
Bölgə teatrlarının aktyor heyətinin üzvlərinə gəlincə, onların bir qismi yerlərdə (təhsil müəssisələrində, yaxud klub və mədəniyyət saraylarında təşkil edilən bədii qiraət və dram dərnəklərinin rəhbəri qismində) işlə təmin oluna, ən istedadlıları isə, yuxarıda qeyd edilən teatrların truppalarına müsabiqə yolu ilə qəbul edilə bilərlər.  
Deyəsən, biz bir qədər hissə qapıldıq axı… Yəni toxunduğumuz məsələlərin milli təəssübkeşliyimizdən qaynaqlandığına əhəmiyyət verməyəcək hikkəli və sifarişli opponentləri unutduq deyəsən. Unutduq ki, səhnə sənətinin gerçək vəziyyətini, aşkar həqiqətlərini görməyənlər, bir Mirzə Cəlil "malades”i üçün dəridən-qabıqdan çıxmağa, özünü şirin salmağa, "mən də varam” iddiası ilə sayt səhifələrində görünməyə, yaxud ağlı kəsməyən məsələlər barədə şərh verməyə  hazır olanlar var. Amma nahaq. Hər kəs bilməlidir ki, toxunduğumuz məsələlər bir sahənin məhəlli problemləri deyil, üzərində ciddi düşünməli olduğumuz milli məsələdir. Sadaladıqlarımızın "gördüklərimizin dörddə biri” (M.Ə,Sabir) olmadığına inanan hər kəs onu da biməlidir ki, bu yazımızda başlıca məqsədimiz  mövcud vəziyyəti vətəndaşlıq mövqeyindən qiymətləndirib, "dilimizin ucunda olan böyük həqiqətlərə” (Ə.Hüseynzadə) diqqəti cəlb etmək, birgə çıxış yolları axtarmaqdır. Bəli, biz milli teatrımızın sabahını düşündükcə  "millətimizin xəttinin  imzalar  içində yoxluğuna” (M.Hadi) üzülürük. Sabah isə, artıq dünən başlayıb. 
 
İsrafil İsrafilov 
filologiya üzrə fəlsəfə doktoru,            
sənətşünaslıq üzrə elmlər  doktoru, professor

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000