• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

“Saatlı bomba”

30.04.16 10:45 1401
“Saatlı bomba”
Uzun müddətdir ki, region dövlətləri – Azərbaycan, Türkiyə, İran, Gürcüstan, o cümlədən Avropa İttifaqı və əksər beynəlxalq təşkilatlar Ermənistanın "saatlı bomba” adını alan Metsamor Atom Elektrik Stansiyası barədə həyəcan təbili çalır. Stansiyanın hər an qəzaya səbəb olacağı və nəticədə milyonlarla insanın təhlükə altına düşə biləcəyi vurğulanır. Təəssüf ki, Ermənistan havadarı olan ölkələrin köməyi ilə hələ də bu köhnə stansiyanı işlətməkdə davam edir. Qardaş Türkiyə da stansiya ilə bağlı dəfələrlə bəyanatlar səsləndirib. Türkiyənin narahatçılığı başa düşüləndir. Stansiya ölkə sərhədləri yaxınlığında yerləşir və hər hansı qəza olarsa yüz minlərlə insan radiasiyaya məruz qala bilər. Hər an baş verə biləcək qəza ilk olaraq Türkiyə vətəndaşlarının həyatını təhlükəyə atacaq. Ötən gün Türkiyə nəşrləri Türkiyənin enerji və təbii resurslar naziri Barat Albayrakın bəyanatını yayıblar. Nazir ölkədə qurulması planlaşdırılan Atom Elektrik Stansiyasının tikilməsinə etiraz edənlərə səslənib. Nazir aksiyaçılara məsləhət görüb ki, enerjilərini Metsamor AES-ə etiraz etmək üçün sərf etsinlər. Nazir həmçinin onların bu etirazlarını təbəssümlə qarşıladığını bildirib. "Onlara bunu məsləhət görürəm: Madam ki, belə bir ekologiya qayğınız var, xüsusilə dünya üçün çox ciddi təhlükə ünsürü olan, sərhədimizə 15-20 kilometr uzaqlıqda yerləşən Ermənistan Metsamor Atom Elektrik Stansiyası var. Deyirəm ki, bu enerjinizi Ermənistandakı stansiyaya etiraz etmək üçün sərf etsəniz Türkiyə üçün daha çox faydalı olarsınız. Təxminən 40 illik stansiyadır, ciddi risklərə və təhlükələrə malikdir. Bu stansiya sadəcə Ermənistan üçün yox, bütün dünya coğrafiyası üçün ciddi təhlükədir”, – deyə türkiyəli nazir bəyan edib. Qeyd edək ki, Metsamor Atom Elektrik Stansiyası 1976-cı ildə Ermənistanın eyni adlı şəhərində tikilib və 1980-ci ildə istismara verilib. İstismar müddəti başa çatdığı bildirilən AES-in bütün qonşu ölkələr üçün ciddi təhlükə mənbəyi olduğu bildirilir. Rəsmi Bakı daha əvvəl Metsamor təhlükəsi barədə BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırıb. Həmçinin, Avropa Şurası Parlament Assambleyasının Bürosuna Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələb olunan tövsiyə xarakterli qətnamə layihəsi təqdim edilmişdi. Sənədi 30-a yaxın deputatın imzaladığı bildirilirdi. Hətta "National Geographic” nəşri Metsamor AES-i dünyanın ən böyük təhlükəsi hesab edib.
Öz növbəsində Türkiyədəki ictimai təşkilatlar da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı dəfələrlə bəyanat veriblər. Məsələn, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi yaydığı bəyanatda göstərib ki, Ermənistanda olan nüvə stansiyası bölgə üçün böyük bir təhlükə yaradır. "Çatlar və sızıntı yaranması səbəbindən bağlanan stansiyanın yenidən istifadəyə verilməsi insanlıq üçün çox pis nəticələnəcək”, - deyə bəyanatda vurğulanıb. Stansiyanın bağlanması üçün daha əvvəl 4 ölkənin Xarici İşlər Nazirliyinə məktub göndərilib. Qeyd edilib ki, Metsamor AES nəinki Türkiyə, o cümlədən Azərbaycan, Gürcüstan və İran üçün təhlükə mənbəyidir.
Türkiyə sərhədinə çox yaxın olan Metsamor AES-dən radioaktiv maddələrin sızması ilə bağlı şübhələr də meydana gəlib. Artıq Türkiyə ekspertləri İqdır, Ağrı, Tunceli, Hakkari və Şırnakda radiasiyanın səviyyəsini ölçməyə başlayıb. Sızıntının olub-olmadığını müəyyənləşdirmək üçün bu şəhərlərin müəyyən yerlərində xüsusi ölçmə cihazları yerləşdirilib.
Xatırladaq ki, dünyanın 5 ən təhlükəli nüvə stansiyasından biri sayılan Metsamor AES Spitak zəlzələsindən sonra 1989-cu ildə bağlanıb və 1995-ci ildə yenidən işə salınıb. Aİ 2003-cü ildən Rusiyanın idarəetməsində olan bu stansiyanın təhlükəli olduğundan bağlanmasına israr edir.
Bu günlərdə isə nüfuzlu Qərb nəşri – "Huffington Post” qəzeti bununla bağlı məqalə dərc edib. Məqalədə Metsamor AES-in 1976-cı ildə tikildiyi və 30 illik müddət üçün istifadəyə yararlı olduğu vurğulanıb. Buna baxmayaraq, Ermənistan yeni Atom Elektrik Stansiyası tikmək əvəzinə bu stansiyanın istifadə müddətini 2026-cı ilə qədər uzadıb. "Metsamor AES seysmik zonada yerləşir və baş verə biləcək təbii fəlakət faciəyə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri bununla bağlı dəfələrlə narahatlıqlarını bildiriblər”, - deyə qəzet yazır. Xəbərdə yeni Atom Elektrik Stansiyasının qurulmamasına səbəb kimi maliyyə problemləri qeyd olunub. Yeni AES üçün 5 milyard dollar tələb olunur, lakin Ermənistanın bu vəsaiti yoxdur. "Ermənistan kimi kasıb ölkə üçün bu, astronomik məbləğdir. Rusiya layihə xərclərinin yarısını öz üzərinə götürəcəyini bildirsə də, maliyyə böhranı səbəbindən bu fikrindən daşınıb və beləcə köhnə stansiyada yalnız yenidənqurma işlərinin aparılmasına qərar verilib”, - deyə müəllif bildirib. Məqalədə vurğulanır ki, Metsamor AES-də baş verə biləcək qəza qonşu Türkiyə, İran, Cənubi Qafqaz ölkələrində faciələrə yol açacaq. "Bu AES o qədər köhnədir ki, qəza zamanı radiasiyanın qarşısını ala biləcək korpusu da yoxdur” - deyə müəllif vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər