• cümə, 29 Mart, 05:59
  • Baku Bakı 7°C

“Saatlarla ayaq üstə qalmaq məni yorurdu” – Sadə peşə adamı

08.04.14 10:26 4403
“Saatlarla ayaq üstə qalmaq məni yorurdu” – Sadə peşə adamı
“Ofisiantlıq sənətinin əsas prinsipləri gülərüz olmaq, sürətlə hərəkət etmək və qonaqları onlara göstərilən xidmətdən razı salmaqdır”.
Hər birimiz toy şənliyinə, kafeyə, restorana, hətta yas mərasiminə gedərkən qonaqlara xidmət edən gəncləri görürürk. İlk baxışda bu iş adi görünsə də, bu və ya digər məkanın imicində ofisiantın rolu çox vacibdir. Əziyyətli iş olsa da, qonaqların, müştərilərin həmin məkandan xoş əhval-ruhiyyə ilə ayrılmasında orada xidmət edən ofsiantların rolu böyükdür. Biz də “sadə peşə adamı” rubrikamızın bu sayında öz alın təri ilə pul qazanan gənc ofsiantla danışmaq qərarına gəldik. 19 yaşlı həmsöhbətimiz Elşən İsaqovla məclislərdən birində tanış olduq. Öz işini bacarıqla, diqqətlə, səliqə ilə görən bu gənci müşahidə etdikdən sonra ondan müsahibə almaq qərarına gəldik.
Həm oxuyur, həm işləyir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsi olan müsahibimiz gündüzlər dərsə gedir, axşamlar isə burada çalışaraq ailəsinə maddi cəhətdən dəstək olur: “Universitetə daxil olduqdan sonra, özüm öz istəyimlə, ailəmə çox əziyyət verməmək və onlara dəstək olmaq üçün ofisiant işləməyi qərara aldım”. Artıq iki ildir təhsili ilə işi bir arada aparan gənc həmsöhbətimiz bəzən çətinliklərlə də üzləşir. Amma deyir ki, üzərinə götürdüyü hər iki işin öhdəsindən gələ bilir: “Məktəbi bitirib, universitetə daxil olan kimi çalışmağa başladım. İlk günlər işləmək mənim üçün çox çətin olurdu. Əziyyət çəkirdim, çatdıra bilmirdim. Lakin, həm işləyib, həm oxumağı qarşıma məqsəd qoydum. Amma imtahan vaxtı işdən icazə alıram”.
“Ofisiantlıq nə asan, nə də çətin işdir”
Ofisiant deyəndə hər kəs düşünür ki, bundan asan iş yoxdur. Lakin bu peşənin də özünəməxsus çətinlkləri, xüsusiyyətləri var. Bu sənətin incəliklərindən danışan müsahibimiz deyir ki, ofisiantlıq nə çətin, nə də asan işdir: “Mən düşünürəm ki, hər işi daxilən sevib görmək lazımdır. Çünki, işi sevdikdən sonra, onun ən çətin məqamları belə insana asan gəlir. Mən də bu işi sevdiyim üçün ofsiant kimi işimə davam edirəm. Mən öz işimi sevirəm və qulluq etdiyim stol ətrafında əyləşən insanlara canla-başla qulluq edirəm”. Əsl ofsiantın iş xüsusiyyətlərindən danışan Elşən deyir ki, hər bir insan gördüyü işdən asılı olmayaraq çörək qazandığı sənətə hörmətlə yanaşmalıdır: “Məsələn, bəzi ofsiantlar stolda hansısa bir qız olduqda, “ancaq ona qulluq edim, sonda bəlkə tanış olduq”, yaxud “nömrəmi verərəm, danışarıq” deyə bu işə başlayır. Ama bu, heç də düzgün deyil. Bu düşüncələrlə çalışan insanlar nəinki bu işdə, heç yerdə uğur qazana bilmirlər. Hər kəsə eyni və yüksək səviyyəli qulluq etmək, süfrəni təmiz saxlamaq lazımdır ki, kənardan baxan və stolda əyləşən şəxs razı qalsın. Ofisiantlıq sənətinin əsas prinsipləri gülərüz olmaq, sürətlə hərəkət etmək və qonaqları onlara göstərilən xidmətdən razı salmaqdır”.
“Yeməyi müştərinin üzərinə dağıtdım”
Gəlirinə gəldikdə isə, müsahibimiz deyir ki, hər toydan 12-13 manat pul alırlar. Amma, pul ilə yanaşı, onlar burada dostluqlar da qururlar: “İşdə bütün ofsiantlarla öz aramızda çox mehribanıq. Burada işləyə-işləyə möhkəm dostluqlar qururuq. Sanki, uşaqlıqdan bir yerdə böyümüşük”. Hər işdə olduğu kimi, bu peşədə də xoşa gələn və gəlməyən bir çox hadisələr olur. Müsahibimiz də bizimlə söhbətində iş başında başna gələn hadisələrdən danışdı. O deyir ki, işə təzə başlayarkən bir dəfə onun nəzarət etdiyi stolda əyləşən müştərinin üzərinə yemək və içki dağıdıb: “İşə başladığım ilk gün çox həyəcanlı idim. Stola xidmət edərkən, əlim titrədi və əlimdə olan yeməklər stolda əyləşən kişinin üzərinə töküldü. Çox pis oldum. Dəfələrlə kişidən üzr istəyirdim. Kişi də hər mən üzr istəyəndə “olan işdir” deyirdi. O zaman çox utanmışdım. Bu hadisədən sonra daha diqqətli olmağa başladım”. İşinin çətinliyindən danışan Elşən deyir ki, saatlarla ayaq üstə qalmaq insanı yorur: “Kənardan nəzarət etdikdə, ilk baxışda iş adama çox rahat görünür. Lakin ilk vaxtlar saatlarla ayaq üstə qalmaq məni yorurdu. Evə getdikdə belə ayaqlarımın ağrısı məni incidirdi. İşə alışdıqdan sonra artıq o qədər də yorulmuram. Çünki artıq buna vərdiş etmişəm”.
“İşləməyən dişləməz”
Elşənlə gələcək planlarından da danışdıq. Müsahibimiz deyir ki, təhsilini bitirdikdən sonra, ofsiant kimi çalışmayacaq: “Mən Nəqliyyat fakültəsində Yer quruluşu, torpaq və şəhər kadastr ixtisası üzrə təhsil alıram. Univeristeti bitirdikdən sonra, magistraturaya sənəd verəcəm. Təhsl aldığım müddətdə ailəmə kömək olmaq və onların yükünü bir az da olsa azaltmaq üçün ofsiant kimi çalışacam. Lakin təhsilimi bitirdikdən sonra, öz sahəm üzrə işləyib sənətimdə uğur qazanmaq istəyirəm”. Təhsil almaq üçün həm oxuyub, həm çalışan müsahibimiz “işləməyən dişləməz” prinsipi ilə hərəkət edir: “Hər kəs özü öz əziyyətini vaxtında çəkməlidir ki, gələcəkdə heç kimə möhtac olmasın və özünü dolandıra bilsin”.
Aygün Əziz

banner

Oxşar Xəbərlər