• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Saatları saz edən insan – Sadə peşə adamı

12.05.15 05:48 1724
Saatları saz edən insan – Sadə peşə adamı
Zaur Səmədov: “Saatsazlıq fitri istedadla yanaşı, zehni qabiliyyət, dəqiqlik və güclü hafizə tələb edir”
Sənətini o qədər sevir ki, ailəsi qarşı çıxsa da, bu sənətlə məşğul olmağa davam edib. Deyir ki, sənətə olan sevgisini sözlə ifadə edə bilmir və məqsədinə çataraq bu sahənin peşəkarı olduğu üçün özü ilə fəxr edir. Müsahibimiz gənc saatsaz Zaur Səmədovdur. Zaur “Əhmədli” metrostansiyası yaxınlığında saat təmiri ilə məşğul olur. Onunla söhbətləşmək və sənətinin sirlərini öyrənmək üçün özünün xüsusi dizaynla bəzədiyi emalatxanasına yollandıq.
İnsan əgər istəmirsə...
Zaur 1990-cı ildə Laçın rayonunda anadan olub. Rayon işğal olunduqdan sonra ailəsi ilə birlikdə Xırdalan şəhərində məskunlaşıb. Orta təhsilini başa vursa da, deyir ki, heç vaxt ali təhsil almaq arzusunda olmayıb: “Ailəm ali təhsil almağımı çox istəyirdi. Hətta mənə təhsil almağım üçün təzyiq belə göstərirdilər. Amma insan bir şeyi həqiqətən etmək istəmirsə, nə qədər təzyiq olsa da, o sahəyə getməyəcək. Oxumaq, təhsil almaq, tələbə olmaq mənim arzularımda yox idi. Əgər o diplomu alıb istifadə etməyəcəmsə, niyə 4-5 ilimi itirməliyəm ki? Hər kəs bildiyi, bacardığı və sevdiyi sahə ilə məşğul olsa, daha çox uğur qazanar”.
Zaur deyir ki, hələ uşaq yaşlarından saatsaz olmağa qərar verib: “Uşaqlıqda saatları çox sevirdim. Buna görə də hamı mənə hədiyyə saat alırdı. Saatlarım xarab olan kimi onları söküb yığırdım. Bacara bilmədiyimi gördükdə isə evimizin yaxınlığında olan ustalara mağazalarının pəncərəsindən baxırdım. Hələ o zamandan nə isə öyrənməyə çalışırdım. Məktəbdə kimin saatının təmirə ehtiyacı olurdusa, mənə müraciət edirdi. O vaxtdan ən böyük arzum saatsaz olmaq idi”.
“Saat təmir etməkdən doymuram”
Ailəsi saatsaz olmağı qarşısına məqsəd qoyan həmsöhbətimizin arzusuna qarşı çıxıb. Övladlarını ali təhsilli gənc kimi görmək istəyən ailə onun bu həvəsinə narazılıq edib: “Ailəmdə heç kim bu sənətlə məşğul olmayıb. Saatlara olan hədsiz marağım bəzən mənə də qəribə gəlir. Onlar mənim üçün o qədər dəyərlidir ki... Saatlardan doymurdum. Öz saatımı təmir etdikdən sonra qonşulara keçirdim. Demək olar ki, bu sənəti qonşuların saatını xarab edərək öyrəndim. Məhəllədə bağımız var idi. Orada özümə emalatxana açmışdım. Evdən gizlin bütün saatları orada təmir edirdim. Bəzən saatı xarab etdikdə atama şikayət edirdilər. Atam xəbər tutduqda isə iki böyük qutu saat detallarımı məndən xəbərsiz zibil qutusuna atmışdı”.
Ailəsi bu sənətlə məşğul olmasına qarşı çıxdığı üçün müsahibimiz bir müddət fotoqraflıq edib. Amma saat sevgisi yenə ona güc gəlib və restoranın zirzəmisində, fotoqrafların otağında saat təmiri ilə məşğul olub. Bu dəfə isə ofisiantların, restoran işçilərinin saatlarını təmir etməyə başlayıb: “Bütün ofisiantların qolunda saat var idi. Brend saatları düzəldib onlara kreditlə, ucuz qiymətə satırdım. Təbii, bunları ailəmdən xəbərsiz gerçəkləşdirirdim. Hətta bu sənəti daha dərindən öyrənmək üçün “Əhmədli” metrostansiyasının yaxınlığında usta yanına gedirdim. Usta əl işimi bəyəndi, həvəsli olduğumu görüb onunla birlikdə işləməyimi təklif etdi. Razılaşdım. Gündüzlər saat təmir edirdim, axşam 6-dan sonra toya gedirdim. 3 aydan sonra isə usta bütün işi mənə həvalə etdi və özüm öz işimin ustası oldum”.
Vicdan və diqqət
9 ildir ki, bu sənətlə məşğul olan müsahibimiz saatsazlıq sənətinin sirlərindən danışdı. O deyir ki, bütün peşələrdə sənətə sevgi verməyin çox önəmlidir: “Nə qədər bacarıqlı olsan da, sənəti sevdikdə daha çox uğur qazanırsan. Bu peşə fitri istedadla yanaşı, zehni qabiliyyət, dəqiqlik və güclü hafizə tələb edir. Əgər qeyd etdiklərimdən biri çatışmırsa, peşəkar və təcrübəli saatsaz olmaq mümkün deyil. Bu sənətin ən önəmli özəlliyi isə məsuliyyətli olmaqdır. Çünki hər saatın öz sahibi üçün özünəməxsus dəyəri var. Buna görə saatı təmir edərkən vicdanlı və diqqətli olmaq çox önəmlidir”.
Bəzi insanlar düşünür ki, saatsazlıq da texnikanın inkişafı ilə bağlı olaraq son dövrlərini yaşayır. Müsahibimiz isə bu fikirlə razı deyil. O deyir ki, elektron və müasir saatlar dəbdə olduğu üçün sovet dövrünün ustaları bunları təmir etməkdə çətinlik çəkir: “Düzdür, hər sənətin bir dövrü olur. Amma saat elə bir əşyadır ki, hər dövrdə istifadə olunur. İnsan yaşadıqca zamanını hesablayacaq və saata ehtiyacı olacaq. Zaman özü bütün sənətlərin ömrünü və ölçüsünü müəyyənləşdirir. Zamanın ölçüsü dayanmır, dayanan zamanı ölçən saatlarımızdır ki, biz yaşadıqca, onlara da ehtiyacımız olacaq. Amma saatların dəyişməsi, mexanikadan daha çox elektron saatların istehsal olunması yaşlı sənət adamlarının işini çətinləşdirir. Bir zamanlar pəncərəsindən həsrətlə baxdığım ustalar indi məndən məsləhət alırlar. Bu, həqiqətən də qürurvericidir”.
“Müştəri müştəri gətirir”
Sənətin gəlirlərinə gəldikdə, müsahibimiz deyir ki, əgər ailəsini dolandıra bilirsə, bu, ona bəs edir: “Saatsaz olmağımla fəxr edirəm. İnsanın arzusuna çatması çox gözəl hissdir. Allah mənə bacarıq, göz nuru və əl-qol verib. Şükürlər olsun ki, kiməsə möhtac deyiləm. Alnımın təri ilə zəhmət çəkib çörəyimi qazanıram. Hər saatı təqribən 3-6 manata təmir edirəm. İşimi yaxşı gördükdən sonra gəlirlərim daha yaxşı olur. Necə deyərlər, müştəri müştəri gətirir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər