• cümə, 29 Mart, 18:18
  • Baku Bakı 14°C

Sağaldan sevgilər...

17.12.13 08:42 1376
Sağaldan sevgilər...
...gecənin bir aləmi oturub bir başdan xarab yazı yazasan və düşünəsən ki, ilahi sən bu dəlinə ağıl ver. Bu ilahi səssizlikdə bir də saz havası çalına qulağına, yerindən durmadan qol götürüb oynayasan o havanın dəminə. O çala sən oynaya, havan səndən uzaqlara qanad götürə. Nədi dəli könül? (nə vaxt cavab aldın ki, yenə soruşursan...)
...di düş mövzu dərdinə. Ürək deyir sarı simdə sarı çiçəyin hekayəsini dinlə qələm deyir durma yaz. Mən də qovuşum sətirlərə.
...uşaq vaxtı bir hekayə oxumuşdum. Dəqiq bilmirəm amma mənim yaddaşıma qazınan o məqam təxminən beləydi. Bir Ananın şəhərdə tələbə olan oğlu kəndə gəlir və tətili qurtarıb geriyə qayıdanda ona istədiyi qədər pul verməyən, daha doğrusu verə bilməyən Anasıyla görüşmədən yola çıxır. Kənd yolunun üstə çıxıb şəhərə gedən maşınların birinə yenicə oturur ki, sürücü əyləci basır. Maşının arxasınca bir qadın qaçır və oğlan geri baxır ki, o qaça-qaça gələn qadın öz Anasıdı. Bəlkə pul gətirib ümidilə tez maşından düşür amma...
...amma... bax o məqamda mən həqiqətən də qatil olmaq istəmişdim. Qatil olub o Ananın əllərinə toxunan o "gədə"nin əllərini kəsmək, onu barmaqlarımla boğmaq istəmişdim. Çünki, ona Anası pul deyil, sovqat çantasına qoyduğu yumurtalara vurmaq üçün kağıza bükülü duz gətirmişdi...
Oğlansa Anasının əllərinə hirslə vurub duzu yerə tökmüşdü və şəhərə doğru yola çıxmışdı.
...belə...
...indi deyəcəksiz ki, bu qız niyə uzun-uzadı yazır bunları. Haqlısız. Bunlar demək istədiklərimə bir girişdi sadəcə.
...Yazımın adı "sağaldan sevgilər"di. Sağaldan... indi mən deyim siz qulaq asın. Mənim uşaq təxəyyülümdə o oğlan o gün anasındakı bala sevgisini, özündəki Ana sevgisini yaralamışdı və onun əzabını ən çox özü çəkəcəkdi. Anası onu bağışlayacaqdı bəlkə də, ya da onun elədiyinin günahını özünün kasıb olmağında görəcək, özünü suçlayacaqdı, gələn dəfə gələndə onun cibinə pul qoya bilsin deyə özünü paralayacaqdı amma o oğlan ADAM olmayacaqdı və hər dəfəsində o çırpdığı əl vicdanına tərs şapalaq kimi açılacaqdı. Mən bundan əminəm. Əminəm ki, bu elə belə olacaqdı.
Əmin olmadığım... mən onu nə vaxtsa bağışlaya biləcəmmi? bilmirəm. O mənim uşaqlığımı da yaralamışdı və mən hər dəfə Anamı düşünəndə o Ananın o halını təsəvvürümdə canlandırıram və ürəyim qanayır...
Yaramı... o "gədə"nin balaca məndə açdığı o yaranı yenə də öz Anam sarıyar.
Bəli, bu dünyada sağaldan sevgilər var. Atanın bağrı, Ananın sevgisi, qardaşın qüruru, bacının qayğısı...
Bütün bəşəriyyətin sənə vurduğu ziyanı bu adamlar ödəyər. Cəmiyyətin səni qəbul eləyib eləməyindən asılı olmayaraq bu adamlar səni qeyd-şərtsiz sevər. Güvənər!
Sən gözəl bir kollektivdə işləyə bilərsən, yaxşı maaşın olar, o idarənin qapıları sənə bir gün bağlana bilər amma Atanın qolları sənə hər zaman açıqdı!
Evin, malın-mülkün, banklarda pulun ola bilər, buna görə sənə qulluq eləyənlər ola bilər amma sənin soyutma yumurtana duz tökməyi bircə Anan unutmaz!
Ən bahalı gecə geyimlərində dünyanın ən gözəl qadını ola bilərsən, iltifatlar başından yağar amma sənin açıq çiyinlərini kimsə görməsin deyə təkcə Ananın şalı örtər...
Zirvədən-zirvəyə qoşarsan, əllərindən tutub yuxarı çəkmək istəyənlər çox olar amma çiyninə qabar bağlamış tək bir əl qonar...
Qardaşının əli...
Sən orda möhkəm durasan deyə çörəyini daşdan çıxaran qardaşının...
Onlarla rəfiqən, qaşına-gözünə diqqət edən bir aləm qız dostun olar amma səssizcə qayğını çəkən bir xanım olar. Bacın olduğunu "bacısı ölsün, işi yaman ağırdı" kəlməsində bildirən bacın...
Kimin nə deməyindən asılı olmayaraq "o nə edərsə doğru edər" deyib arxanda dağ kimi duran dostların...
Ailən...
Sevdiklərin...
Bir də...
Bir də sənin sevdiklərini sənin sevdiyin kimi sevə bilən həyat arxadaşın. Sevdiyin!!!
Bütün günü sənə deyil, səninlə eyni yerə baxan, eyni şeyi düşünən, eyni yolu gedən o adam...
Bax bütün bunlar sağaldan sevgilərdi.
İçində qosqoca bir yara açan yox, səni dimdik ayaqda tutan! Sənə niyyətli əl uzadanların əllərini qıracaq gücü verən, "mən bu yolu gedərəm!" dedirdən sevgilər.
Sevin, dostlar! Ananınızı, Atanızı, ailənizi, işinizi, dostlarınızı sevin.
İnsan sevincə güclüdür.
Sevincə bu cəhənnəm dünya gözündə cənnətə dönür.
Sevincə QƏLƏBƏ qazanır!
Və sevincə...
ADAM olur!!!
Dünyanın ən DƏLİ adamı!)
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər