• şənbə, 20 Aprel, 12:27
  • Baku Bakı 23°C

Saakyan yenə də dilənir

22.11.17 11:00 2883
Saakyan yenə də dilənir
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivliyi artdığı bir müddətdə küncə sıxılan separatçı ermənilər Avropaya ayaq açmağa başlayıblar. Belə ki, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Fransaya gedib. Erməni mənbələrinin verdiyi məlumata görə, Saakyanın Fransada olduğu müddətdə "Hayastan” ümumerməni fondunun təşkilatçılığı ilə fondun yerli əməkdaşları və ianə toplanışına cəlb olunan yeni könüllülərlə görüşüb.

Maraqlıdır ki, bir müddət əvvəl İspaniyada Kataloniya hadisələri baş verərkən Avropa birmənalı şəkildə muxtar vilayətin separatçı rəhbərliyinin keçirdiyi referendumu tanımadı. Ardınca isə Kataloniya rəhbəri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumətin bir sıra üzvləri həbs edildilər. Amma Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan Fransada istədiyi kimi gəzir, görüşlər keçirir. Bu baxımdan, Avropa İttifaqının separatçı rejimlərlə bağlı ciddi addımlar atmaq niyyəti, heç də səsləndirilən fikirlərlə üst-üstə düşmədi. Çünki faktiki olaraq, bir separatçı rejimin rəhbəri həbs edirlər, digərinə qucaq açırlar. Dağlıq Qarabağ münaqişəsi Avropanın içərisində olmadığı üçün onun həllinə köməklik göstərilmir, əksinə Azərbaycana qarşı laqeydlik hələ də davam edir. Bu baxımdan, separatçı Saakyanın səfəri Avropanın, xüsusilə Fransanın Kataloniya və Dağlıq Qarabağ məsələsinə, burada mövcud olan rejimlərə ikili yanaşması deyilmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Avropanın bugünkü siyasəti ikili standartdan o yana keçmir: "Təsəvvür edin ki, Kataloniyanın rəhbəri Puçdemon kimi savadlı, nümunəvi bir şəxsi məhz separatçılığa görə həbs edib. İndi müzakirələr gedir ki, onu təkadamlı, yoxsa çoxadamlı kameraya yerləşdirsinlər. Amma heç bir savadı olmayan və cinayətkar, quldur olan, Rusiya xüsusi xidmət orqanına çalışan Bako Saakyan sərbəst şəkildə Avropanı, Fransanı gəzir. Bundan böyük ikili standart ola bilməz. Hesab edirəm ki, Fransa özünün siyasətinə səmimiyyət gətirməlidir. İndi başa düşürəm ki, nəyə görə Fransa böyük potensialı, tarixi və resursu ilə dünya, Avropa miqyasında elə də rol oynaya bilmir. Amma nə edirlər etsinlər, dövlət başçısının dəfələrlə dediyi kimi, Azərbaycan torpağında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək”.

M.Əhmədoğlu əlavə etdi ki, əgər Fransa özünə hörmət edirsə, B.Saakyan həbs edilməli və Azərbaycana ekstradisiya edilməlidir: "Amma əksinə, onun səfərinə və "Artsax” günləri keçirilməsinə şərait yaradılır. Fransanın bu addımı ikili standartdan başqa bir şey deyil”.

Politoloq Natiq Miri bildirdi ki, separatçı rejimin rəhbərinin bu səfəri Avropanın güclü dövlətlərindən biri olan Fransadakı erməni lobbisinin təşkilatçılığı ilə baş tutub: "Saakyanın Fransaya səfəri yalnız dilənmək üçün təşkil olunur. Görünür Qarabağ erməniləri, xüsusilə hərbiləşmiş mafiya yenidən pulsuzlaşıb və bu maliyyə dəstəyini də Ermənistandan ala bilməyincə, üzünü Rusiyaya deyil, Avropaya çevirib. Çünki Rusiyadakı erməni lobbisi əvvəlki illərdə olduğu kimi Qarabağdakı erməni xuntanı "yemləyə” bilmir. Bu baxımdan düşünürəm ki, Saakyanın səfəri Fransadakı güclü erməni lobbisinin bilavasitə təşkilatçılığı ilə baş tutub. Eyni zamanda onu da qeyd edim ki, Avropa İttifaqı kimi Fransada ikili standartlarla çalışan bir ölkədir. Bütün addımlar yalnız Fransa dövlətinin geosiyasi maraqları çərçivəsində atılır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Fransa hakimiyyəti bütün seçkilərdə güclü erməni lobbisinin dəstəyinə ehtiyac duyduğu üçün zaman-zaman onların bu yöndəki fəaliyyətinə və istəklərinə qırmızı xətt çəkmək istəmir. Ona görə də rəsmi Paris bu kimi məsələlərə ikili standartlardan yanaşır”.

N.Mirinin sözlərinə görə, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərinin Fransaya səfəri geosiyasi strateji əhəmiyyətə malik deyil. O qeyd etdi ki, bu səfər çərçivəsində hansısa ciddi siyasi nəticələrin olacağını gözləmək də əbəsdir: "Bu səfər qeyd etdiyim kimi, erməni lobbisinin təşkilatçılığı ilə baş tutub. Bako Saakyan isə növbəti dəfə dilənmək üçün Avropaya turist səfərinə çıxıb”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər