• çərşənbə axşamı, 23 aprel, 19:27
  • Baku Bakı 20°C

Saakyan erasının da sonu çatır

05.06.18 18:42 807
Saakyan erasının da sonu çatır
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əhali ümid edirdi ki, onların həyatında, yaşayış tərzində müəyyən yeniliklər olacaq, islahatlar aparılacaq. Lakin bu gözləntilər özünü doğrultmur. Artıq gərginlik işğal altında olan Azərbaycan torpaqlarında da yaşanır. Bölgədə bir neçə gündür ki, gərgin vəziyyət hökm sürür. Separatçı bölgədə yerli güc strukturlarının özbaşınalıqlarına, hərbi-polis rejiminə etiraz olaraq ötən həftə sonu başlayan etiraz aksiyaları dayansa da, gərginlik səngimir. Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətindən sonra aksiyalar müvəqqəti dayanıb. Yeri gəlmişkən, Epress.am saytı Xankəndində keçirilmiş son mitinqdəki çıxışlardan bəzi fraqmentləri yayıb. Çıxış edənlər Dağlıq Qarabağda hökm sürən hərbi-polis rejimindən, bir qrup adamın talançılıqla varlanmasından və sadə ermənilərin "it günündə yaşamasından” danışıblar. Natiqlərdən biri Qarabağı "sərbəst məskunlaşma rejimli həbsxana” adlandırıb. "Biz ədalət tələb edirik. Əgər bu gün bütün güc strukturları istefa verməsə, əsl sifətlərini göstərmiş olacaqlar. Biz güc tətbiq edən deyilik, əllərimizi qaldırıb təslim olmağa hazırıq. Əgər istəyirlərsə qoy gəlsinlər, biz əllərimizi qaldırıb onları gözləyəcəyik. Biz bir sadə səbəbə görə bura toplaşmışıq: ədalət tələb etmək üçün. Onlardan soruşanda deyirlər ki, hər şey yaxşı olacaq. Qardaş, hər şey sizin üçün yaxşıdır, xalq üçün deyil. Siz yəqin xatırlayırsınız, sovet dövründə elə ailə yox idi ki, bankda əmanəti olmasın. İndi tərsinədir:elə ailə yoxdur ki, banklara borcu olmasın. Bu, necə baş verib? Bir halda ki, Qarabağ boşalır, nə yaxşı olacaq? Hər şey 7-8 nəfər üçün yaxşıdır. Yaxşı olsaydı xalq borc içində olmazdı, hər il dəniz sahilində dincələrdi, üzünü səliqə ilə qırxardı, şənlənərdi. Yaxşı olmaq bax, budur”, - deyə çıxışçılardan biri bildirib. Başqa biri isə bildirib ki, son 20 ildə siyasət çox primitiv formula əsaslanıb: "Bizim hakimiyyət xalqı düşmənlə qorxudur, deyir baxın, türk (azərbaycanlılar nəzərdə tutulur) buna nə deyər və ya nə edər? Və bu yolla onlar ciblərini doldururlar. Gördük də türklər fəallaşanda sadə fəhlə sinfi özünü necə aparır, məmurlar necə aparır:fəhlə sinfi aşağıya, cəbhə xəttinə, ciplər –Yerevana. Situasiya qaydaya düşəndə onlar qayıdırlar və öz yerlərini tuturlar, "loxlar” isə, mən bu ifadəyə görə üzrə istəyirəm, özümü də belələrindən hesab edirəm, əvvəlki kimi onlara hamballıq edirlər. Sanki biz bunların qullarıyıq. Siz birdən səsinizi çıxararsız a, biz burada öz soyğunçuluğumuzla məşğul olacağıq, səsinizi çıxarsanız daha betər olacaq”.
"Qarabağda iki seçim var: pis və çox pis. Heç bir söz azadlığı yoxdur. Deyirlər azad ölkə qururuq. Heç bir azad ölkə qurmayıblar. Bura daha çox sərbəst məskunlaşma rejimli həbs düşərgəsinə oxşayır. Və üstəlik bunu hüquqi dövlət adlandırırlar...nə hüquqi dövlət, bu, əsl polis rejimidir”, - deyə sayt çıxışçılardan birinin sözlərini sitat kimi verib.
Öz növbəsində Qarabağ üzrə təhlilçi Tiqran Qriqoryan etiraf edir ki, Ermənistanda Paşinyanın rəhbərliyi iləmüxalif qüvvələrin hakimiyyətə gəlməsi Qarabağda da vəziyyətin dəyişməsinə səbəb olub. "Hazırda tanınmamış DQR-in rəhbər strukturlarında bir növ şaşqınlıq hiss olunur. Nümayişçilərə qarşı zorakılıq əks nəticəyə, etirazçılara daha çox sakinin qatılmasına səbəb ola bilər. Fəaliyyətsizlik isə hakimiyyətin zəifliyi kimi qarşılanar”, - deyə şərhçi vurğulayıb. Onun sözlərinə görə, baş verən hadisələr Bako Saakyanın devrilməsi prosesinin başlanğıcı kimi nəzərdən keçirilə bilər: "Bir şey aydındır ki, Bako Saakyanın siyasi karyerası başa çatmaqdadır və 2020-ci ildə o, rəhbərlikdə olmayacaq”. 2017-ci il "konstitusiya islahatı”ndan sonra "DQR prezidentinə” geniş səlahiyyətlər verilib. Həmin il parlament tərəfindən "keçid mərhələsinin prezidenti” seçilən Bako Saakyan 2020-ci ildə də ümumxalq seçkilərində namizəd qismində iştirak edə bilər. Bu "konstitusiya islahatları” təhlilçilər tərəfindən Ermənistan rəhbərliyinin tanınmamış "Dağlıq Qarabağ Respublikası” hakimiyyəti başında Yerevana loyal şəxsin qorunub saxlanmasına yönəlmiş fəndi kimi qiymətləndirilmişdi. B.Saakyan tanınmamış "DQR”-in rəhbəri vəzifəsini 2007-ci ildən tutur. Bundan əvvəl o, "Dağlıq Qarabağ Milli Təhlükəsizlik Xidmətinə” başçılıq edib. Daha əvvəl isə 4 il Rusiya Federal Təhlükəsizlik Xidmətində Ermənistan MTX təmsilçisi olub.
Yeri gəlmişkən, yayılan xəbərlərə görə, bölgədə separatçı rejimə qarşı üsyana hazırlıq gedir. Qeyd olunur ki, "Artsax işığı” adlı hərəkatın üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan B.Saakyan rejimi əleyhinə bəyanatla çıxış ediblər.Separatçı rejimin devrilməsinə çağırış edənlər bildiriblər ki, Ermənistanda hakimiyyət dəyişdi, Xankəndidə isə köhnə rejim davam edir. Onlar B.Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər