AZE | RUS | ENG |

Saakaşviliyə impiçment hazırlanır

Saakaşviliyə impiçment hazırlanır
Gürcüstan daxili işlər nazirinin sabiq müavininin həbsi keçmiş nazirə, daha sonra isə prezidentə doğru cığır aça bilər


Gürcüstanda həbslər səngimir. Parlament seçkilərində qələbə qazanaraq hakimiyyətə gələn Bidzina İvanişvili tərəfindən rəqiblərinə qarşı həbslər ara vermir. Əvvəlcə «həbsxana qalmaqalı»nda adı hallanan şəxslər həbs edildi. Bu dəfə isə Gürcüstan daxili işlər nazirinin sabiq müavini Şota Xizanişvili iki ay müddətinə həbs olunub. Qərarı Tbilisi Şəhər Məhkəməsi çıxarıb. O, 2012-ci ilin parlament seçkisi kampaniyası zamanı müxalifət liderlərinin telefon danışıqlarının qanunsuz dinlənməsində günahlandırılır. Gürcüstanda hökumət dəyişəndən sonra Şota Xizanişvili Tbilisi merinin müavini postunu tuturdu. Məlumat üçün bildirək ki, noyabrın 7-dən bəri Gürcüstanda keçmiş hökumətin 10-dan çox rəsmisi həbs olunub. Onların arasında sabiq müdafiə naziri Baço Axalaya, Silahlı Qüvvələr Birləşmiş Qərargahının rəisi Georgi Kalandadze də var. Bu iki şəxsi qanunsuz həbslərdə və işgəncələrdə ittiham edirlər. Oktyabrın 1-də Gürcüstanda parlament seçkisi keçirilib. Seçki müxalif “Gürcü arzusu” blokunun qələbəsi ilə başa çatıb. Oktyabrın 25-dən hökumətə bu blokun lideri Bidzina İvanişvili rəhbərlik edir. Ekspertlər əmindirlər ki, prokurorluğun əsas hədəfi sabiq daxili işlər naziri Vano Merabişvili, son nəticədə isə dövlət başçısının özüdür. Onun impiçment oluna biləcəyi ehtimalı isə günbəgün artır. Prokurorluq hesab edir ki, Şota Xizanişvili «Gürcü arzusu» koalisiyasının liderlərinin qanunsuz olaraq telefonlarının dinlənilməsi əməliyyatına rəhbərlik edib. Bunun üçün xüsusi proqramlardan istifadə olunub. Bu proqram onların kompüterlərinə daxil edilib və kompüterin olduğu otaqda nə baş verirsə, audio və videoçəkilişini həyata keçirir. Bu proqramın köməyi ilə Xizanişvili müxalifətçi siyasətçiləri şantaj edə biləcək materiallar əldə etməyə müvəffəq olub. Parlament seçkilərinə bir müddət qalmış Bidzina İvanişvilinin mühafizəçisi Besika Surmava bununla bağlı xəbərləri «YouTube»da yerləşdirdi. O, videoya görə məsuliyyəti öz üzərinə götürdükdən sonra Şota Xizanişvili onun Tbilisi mehmanxanalarından birində intim görüşünün videosunu yerləşdirməklə hədələdi. Surmava isə mənəvi ziyan kimi Xizanişvilidən 150 avro kompensasiya aldı. Tbilisidə Şota Xizanişvilinin keçmiş rəisi – keçmiş daxili işlər naziri Vano Merabişvilinin həbsini də istisna etmirlər. “Ola bilsin, Xizanişvili bunları öz təşəbbüsü ilə etməsin. Bu, kiminsə sifarişi ola bilər» deyə ekspert Georgi Xuxaşvili bəyan edib. Əgər sübut bazası qəti olarsa, istisna deyil ki, Meraibşvilinin məsuliyyəti məsələsi də ortaya çıxsın. «Kommersant»ın mənbəsi isə bu qənaətdədir ki, prezidentyönümlü «Vahid Milli Birlik»də baş katib postu Merabişvilinin günahlarını yumayacaq. Elə eks-nazir də şübhə etmir ki, Xizanişvilini həbs etməklə bir gün onun da qapısını döyəcəklər. «Onlar növbəti zərbəni mənə vurmağa hazırlaşırlar» - deyə Merabişvili xüsusi çağırılmış brifinqdə vurğulayıb. Əgər baş prokurorluq Merabişvilinin tabeliyində olanların ifadəsi əsasında eks-naziri həbs etsə, onda hakimiyyət orqanları birbaşa olaraq prezident Mixail Saakaşviliyə çıxış əldə edəcək. Qanunsuz dinləmə impiçment məsələsini qaldırmaq üçün ən optimal variantdır. Baş nazir İvanişvili hələ ki bu cür planların olduğunu inkar edir. Lakin bunu elə də inandırıcı şəkildə etmir. «Şəxsən mənim Saakaşvilini impiçment etmək arzum yoxdur. Çünki Avropada bunu başa düşməyəcəklər» deyə baş nazir «Die Presse»yə müsahibəsində bildirib: «Lakin mən ədliyyə maşınını dayandıra bilmərəm». Prezidentə qarşı impiçment, həmçinin 2005-ci il 15 iyulda baş verən “Gelaşvili” işi ilə də bağlı qaldırıla bilər. Biznesmen və deputat Valeri Gelaşvili xüsusi təyinatlı polis əməkdaşları tərəfindən döyülmüşdü. Bu isə o zamankı DİN rəhbəri Merabişvilinin əmri ilə həyata keçirilmişdi. Az sonra keçmiş baş prokuror İrakli Okruaşvili bəyan etmişdi ki, bu əmri birbaşa olaraq prezident verib, DİN rəhbəri isə sadəcə onun icrasını həyata keçirib. Saakaşvilini özündən çıxaran isə Gelaşvilinin müsahibəsi olub. Orada o, ölkənin birinci ledisi Sandra Rulofs barəsində mənfi fikirlər səsləndirmişdi. «Gelaşvilin işi»nə çox yaxın vaxtlarda parlamentin istintaq komitəsində baxılacaq və onun gəldiyi qənaət dövlət başçısının impiçmentinə gətirib çıxara bilər. Prosesin gedişində çox şey Merabişvilinin verəcəyi ifadədən asılı olacaq. Yeri gəlmişkən, parlament seçkilərindən sonra ilk dəfə olaraq ABŞ-ın yüksək rütbəli əməkdaşı Filipp Qordon Tbilisiyə gəlib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin səfəri yeni gürcü lideri və Saakaşvili aramında münaqişənin aradan qaldırılmasına yönəlib. «Gürcü arzusu» koalisiyasının liderlərindən olan spiker David Usupaşvili bildirib ki, görüşdə amerikalı diplomat ən çox bu problemlə maraqlanıb: «Mən qeyd etdim ki, siyasi fikir ayrılıqları tükənməyib. Saakaşvilinin yaxın ətrafında olan və cinayət törətmiş şəxslərin mövcudluğuna isə psixoloji cəhətdən hazırlaşmaq gərəkdir». Prezidentin tərəfdarları isə ehtiyat edirlər ki, eks-naziri həbs edib, prezident əleyhinə ifadə almaq üçün ona təzyiq edə bilərlər. Elə Qordona da bu məsələ ilə bağlı şikayət edilib. Və onların arasında sabiq spiker David Bakradze də olub. İlk növbədə o, NATO-nun baş katibi Anders Foq Rasmussenin «siyasi opponentlərin həbsi» bəyanatına istinad edib. Lakin Qordon Rasmussen kimi sərt bəyanat verməyib. Sadəcə, məsələnin siyasi yolla həllinin vacibliyini bildirib. Bütün bunlara baxmayaraq, Rasmussenin bəyanatı Gürcüstanda çox ciddi narazılıq yaradıb. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze onun səsləndirdiyi bəyanatdan özünü «təhqir olunmuş» hesab etdiyini deyib. Eks-prezident bəyan edib ki, Qərbdə bir çoxları Saakaşvilinin yenidən hakimiyyətdə qala bilməməsindən məyus olublar. “Qərb siyasətçilərinin bir hissəsi Saakaşvilini müdafiə etməyə hazır olsalar da, Gürcüstanın taleyini xalq müəyyən etdi” - deyə o bəyan edib. Şevardnadze vurğulayıb ki, tarix Saakaşvili hakimiyyətə gəldikdən sonra bu qədər həbslərin həyata keçirilməsinin şahidi olmayıb. Onun sözlərinə görə, Gürcüstan xalqı Rasmussenin bu cür bəyanatlarını sadəcə, qəbul edə bilməz. Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917