• cümə, 19 Aprel, 15:52
  • Baku Bakı 25°C

Saakaşvilinin tərəfdarları fasiləsiz aksiyalara start verdilər

17.12.18 18:48 510
Saakaşvilinin tərəfdarları fasiləsiz aksiyalara start verdilər
Kaxetiya çarlığının keçmiş paytaxtı Telavidə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi başa çatsa da, gərginlik səngimir. Dünən "Güc birlikdədir” müxalif birliyi dekabrın 18-dən etibarən fasiləsiz etiraz aksiyalarına başlamaq barədə qərar qəbul edib. Bu barədə müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Qriqol Vaşadze mətbuat konfransında bildirib. O, aksiyaların dinc və qanun çərçivəsində olacağını deyib: "Birləşmiş müxalifət qəti olaraq mümkün qədər qısa vaxt ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki qanunvericiliyinin dəyişdirilməsi və seçkilərin proporsional sistem əsasında keçirilməsini tələb edir. Biz həmçinin, prezident seçkilərində saxtakarlığa yol verən şəxslərin və ötən gün dinc sakinlərə hücum edənlərin cəzalandırılmasını tələb edirik”. Q.Vaşadze növbədənkənar parlament seçkiləri təyin olunmayanadək aksiyalara bir gün belə, ara verilməyəcəyini söyləyib.
"Biz bundan sonra da dinc etiraz aksiyalarımızı müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə keçirəcəyik”. Bunu isə Gürcüstanın birləşmiş müxalifətinin liderlərindən olan Georgi Baramidze deyib. Onun sözlərinə görə, dinc etiraz aksiyalarında İvanişvili və onun rejiminə qarşı etirazlar dilə gətiriləcək: "Bizim mübarizəmiz başlayıb. Dinc etirazlara start verilib və bu mübarizə daha intensiv olacaq. Dinc etiraz aksiyaları hakimiyyət dəyişənə qədər davam edəcək”.
Yeri gəlmişkən, Zurabişvili tərəfindən (böyük ehtimalla Bidzina İvanişvilinin istəyi ilə) inauqurasiya üçün Telavinin seçilməsi müxalifət tərəfindən birmənalı qarşılanmır. Məhz burada, 1783-cü ildə gürcü çarı İkinci Baqration Rusiyanın tərkibinə daxil olmaq haqqında sənədə imza atıb. Rəsmi Tbilisinin bununla bir növ Rusiyaya "gizli siqnal” göndərdiyi iddia olunur. Lakin yeni prezident inauqurasiya çıxışında bu iddiaları təkzib etməyə çalışıb. Onun sözlərinə görə, Rusiya ordusu tərəfindən 1921-ci ildə öz doğma torpağından qovulan gürcü miqrantının nəslindən olan birinin prezident seçilməsi simvolik məna kəsb edir. Ardınca da, indiki Rusiyanı Abxaziya və Cənubi Osetiyanı işğal edən işğalçı dövlət adlandırıb. Zurabişvili hər iki ərazinin işğalı ilə barışmayacağını dilə gətirib. Prezidentliyinin əsas prioriteti kimi isə NATO və Aİ-yə inteqrasiyanı göstərib. Eləcə də, Rusiyanın Qafqazda tarixi rolunun bərpası çağırışı ilə çıxış edib: "Əgər Rusiya beynəlxalq aləmin tam hüquqlu üzvü olmaq istəyirsə, onda bunu sübut eləməlidir”. Rusiyanı "Qafqazdakı qonşu” adlandırıb, onu Qafqaz ölkələri ilə sivilizasiya və qarşılıqlı münasibətlər normalarını öyrənməyə çağırıb: "Gürcüstanın yerləşdiyi region dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasına geniş imkanlar yaradır. Bu regionda daha böyük layihələr həyata keçirə bilərik. Biz, iqtisadi təhlükəsizliyin mərkəzi olmalıyıq və bununla ölkənin cəlbediciliyini artırmalıyıq. Bunun üçün daha çox təşəbbüs və innovasiyalara ehtiyac var. Mən bütün qüvvəmlə investisiyaların cəlb olunması və yeni ideyaların təşviqini dəstəkləməyə hazıram. Gürcüstan Qafqazda öz mövqeyini gücləndirməlidir. Biz regionda tarixi rolumuzu qaytara və bu cavabdehliyi üzərimizə götürə bilərik”.
İnauqurasiya mərasiminə 55 ölkədən qonaqlar, o cümlədən Fransanın keçmiş prezidenti Nikola Sarlozi gəlib. Sarkozinin bu addımı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qəzəbinə səbəb olub. Xalqa müraciətində eks-prezident bildirib ki, Sarkozi kim ona pul verirsə, orada peyda olur: "Bu dəfə Sarkozi Moskvanın adamı olan Salome Zurabişvilinin prezidentliyinə legitim don geyindirmək üçün və rusiyalı milyarder Bidzina İvanişvilinin arzusunu yerinə yetirmək üçün ruslardan pul alacaq”. Elə həmin müraciətində Saakaşvili müxalifətin seçkilərdə namizədi olmuş Qriqol Vaşzadzeyə səs vermiş yüz minlərlə tərəfdarını Telaviyə getməyə səsləyib. Və rusiyayönümlü qüvvələrin radikal çağırışlarına radikal cavab verməyə çağırıb. Gürcüstanın eks-prezidenti xalqa müraciətində bütün bölgələrin nümayəndələrini Tbilisiyə toplaşmağa səsləyib. O, taksi və marşrut sürücülərinə müraciət edərək, onları paytaxta insanları pulsuz gətirməyə çağırıb: "Bu gün əsas olan dinc konsolidasiyadır. Bacara bilən hər kəs Tbilisiyə toplaşmalıdır”.
Yeri gəlmişkən, S.Zurabişviliyə məğlub olan "Birləşmiş müxalifət” və onun lideri Q.Vaşadze inauqurasiyanın keçirilməsinə mane olmaq istəsə də, buna imkan verilməyib - Tbilisidən Telaviyə gedən bütün yollar bağlanıb. Polis müxalifətçiləri mərasimin keçirildiyi əraziyə buraxmayıb.
Gürcü çarı İraklinin sarayı önündə müsahibələr verən Vaşadze Zurabişvilini qeyri-legitim prezident adlandırıb. Müxalifətin nümayəndəsi Nika Meliya isə polis patrulunun rəisi Temur Kupatadzeni kriminal və korrupsiyaçı adlandırıb və bu vaxt qarışıqlıq və qarşıdurma yaranıb.
Qeyd edək ki, Zurabişvilinin prezidentliyinin rəsmiləşməsi sayəsində Gürcüstanda bir neçə dəyişiklik baş verib. Dünəndən etibarən ölkənin seçki sisteminə dəyişikliklər haqqında qanun qüvvəyə minib. Yeni dəyişikliklərə əsasən, 2020-ci il seçkisindən sonra Gürcüstanda majoritar sistem tam olaraq proporsional sistemlə əvəzlənəcək. Üstəlik, 2020-ci il seçkisində iştirak edəcək blokların parlamentə düşməsi üçün baryer 3%-ə endirilib. Daha bir dəyişikliyə əsasən, Gürcüstan Silahlı Qüvvələri bundan sonra Müdafiə Qüvvələri adlanacaq. Üstəlik, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələsi konstitusion öhdəlik statusuna malik olacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər