• cümə axşamı, 18 aprel, 21:15
  • Baku Bakı 21°C

Saakaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayırlar

07.10.17 11:30 1344
Saakaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayırlar
Gürcüstanda keçmiş iqtidar partiyası - "Vahid Milli Hərəkat” bu ayın sonu yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə təbliğat kampaniyasını özünəməxsus formada həyata keçirmək qərarını verib. Eks-prezident Mixail Saakaşvilinin partiyası yaydığı bəyanatda bildirib ki, seçki kampaniyasını etiraz rejimində həyata keçirəcək. Bu isə o deməkdir ki, keçmiş iqtidar partiyası seçkilərin keçiriləcəyi tarixə - 21 oktyabra kimi ölkə boyu küçə yürüşləri, etiraz aksiyaları keçirəcək. Aksiyalarda əsas tənqid hədəfi "Gürcü arzusu” və onun qeyri-rəsmi lideri Bidzina İvanişvili olacaq. Hakimiyyət isə buna cavab olaraq rəqibini hüquqi normalar çərçivəsində fəaliyyət göstərməyə çağırıb. Sərt təbliğat formalarına keçid barədə bəyanatı Tbilisi merliyinə namizəd Zaal Udumaşvili səsləndirib. Artıq bir neçə yerdə keçirilən aksiya zamanı polislə müxalifətçilər arasında insidentlər yaşanıb. Şübhəsiz ki, eks-iqtidar partiyasının fəallaşmasında onların lideri Mixail Saakaşvilinin Ukraynada aktivləşməsi əsas rol oynayıb. Lakin məsələ ondadır ki, Saakaşvilinin partiyasının ölkədə elə də ciddi reytinqi yoxdur. Keçirilən rəy sorğularında hakim "Gürcü arzusu” onu böyük fərqlə üstələyir. Tərəflər arasında vəziyyəti gərginləşdirən həm də Əsas Qanun - Konstitusiyaya ediləcək dəyişikliklər paketidir. Burada isə Saakaşvili tərəfdarlarına hazırkı prezident Georgi Marqvelaşvili güclü dəstək verə bilər. Məsələ ondadır ki, iqtidarın irəli sürdüyü yeni konstitusiya dəyişikliklərində prezidentin rolu daha da azaldılır, ümumxalq seçkiləri ləğv edilir.
Yeri gəlmişkən, Gürcüstan prezidenti Georgi Marqvelaşvili mübahisəli konstitusiya dəyişiklikləri ilə bağlı parlament çoxluğunun nümayəndələri ilə görüşüb. Yeni dəyişikliklər paketinə veto qoymazdan əvvəl bir daha hakim "Gürcü arzusu” koalisiyası üzvləri ilə görüşən prezident düzəliş və təkliflərin onu qane etməyən tərəflərindən danışıb. Müzakirələr getdiyi vaxt isə spiker İrakli Kobaxidze Venesiya Komissiyası ilə müzakirələr aparmaq üçün Venesiyaya yollanıb. Məlumat üçün bildirək ki, bu düzəlişlər və əlavələr paketi ölkədə böhrana gətirib çıxarıb. Yeni konstitusiyaya qarşı prezidentlə yanaşı, bütün müxalifət, bir neçə nüfuzlu QHT və ekspertlər çıxış edir. Venesiya Komissiyası isə bəyan edib ki, yekun nəticəni ən sonda elan edəcək.
Bütün bunlara baxmayaraq, hakim koalisiya yeni Konstitusiyanı təsdiq üçün prezidentə göndərib. Müxalifət isə prezidentdən öz hüquqlarından istifadə edərək, sənədə veto qoymağa çağırış edib. Sonuncu də bu addımı atacağını vəd edib. Lakin məsələ ondadır ki, gürcü reallığında prezidentin vetosu formal xarakter daşıyır. Əsas parlament çoxluğudur ki, orada da əksəriyyət hakimiyyət nümayəndələridir. Lakin "Gürcü arzusu” gözlənilməz qərar qəbul edib – onlar prezidentdən sənədə veto qoymağa çağırıblar. Görüş zamanı prezidentdən sadəcə, dəyişikliklərin elə də ciddi əhəmiyyət kəsb etməyən hissələrinə veto qoyması istənilib. Lakin Marqvelaşvili bu cür kombinasiyaya gedəcəkmi? Axı onun və müxalifətin yeni konstitusiya ilə bağlı iradları çoxdur. Söhbət 2020-ci il seçkilərində majoritar sistemin saxlanılması və yalnız 2024-cü ildə ondan imtina edilməsindən gedir. Eləcə də, ən əsas məsələ prezidentin ümumxalq seçkiləri ilə seçilməsinin ləğvindən gedir. Yeni dəyişikliklərə görə, 2024-cü ildə prezidenti xalq yox, 300 nəfərlik seçicilər kollegiyası seçəcək. Bu komissiyaya parlament üzvləri, muxtar və yerli hakimiyyət orqanları nümayəndələri daxil olacaq. Məhz bunlar da müxalifəti ən çox narazı salan məsələlərdir. Onlar hesab edirlər ki, bununla hakim koalisiya hakimiyyəti tam şəkildə mənimsəyir. Hakimiyyət əleyhdarlarının qənaətincə, majoritar seçkiləri indidən ləğv etmək gərəkdir və 2020-ci ildə yalnız proporsional seçkilər yolu ilə parlament formalaşmalıdır. Prezidenti isə ümumxalq seçkiləri ilə seçmək gərəkdir. Lakin məsələ ondadır ki, Venesiya Komissiyası da prezidentin 300 seçici kollegiyası tərəfindən seçilməsində israr edir.
Beləliklə, əsas diqqət spiker İrakli Kobaxidzenin Venesiya Komissiyası üzvləri ilə keçirəcəyi görüşün nəticələrinə yönəlib. Spikerin onları razı salıb-salmayacağı bəlli olmasa da, hər halda, ciddi dəyişikliklər olacağı proqnoz edilmir.
Azər
banner

Oxşar Xəbərlər