Saakaşvilinin partiyası parçalanır?
Sözsüz ki, ötən il Gürcüstanda keçirilən parlament seçkiləri və onun
nəticələri ölkə tarixinə ən əhəmiyyətli hadisələrdən biri kimi düşəcək. Hakim
"Gürcü arzusu”nun proqnozların əksinə olaraq parlamentdəki yerlərin böyük
əksəriyyətini qazanması eks-prezident Mixail Saakaşvili və onun lideri olduğu
"Vahid Milli Hərəkat” üçün şok oldu. Ən maraqlısı isə sonra yaşandı. Odessanın
sabiq qubernatoru M.Saakaşvilinin etiraz və təkidlərinə baxmayaraq, onun
partiyası parlamentə getmək barədə qərar qəbul etdi. Bununla da partiyada
ikitirəlik daha da güclənmiş oldu.
İlin əvvəlindən bu yana isə ziddiyyətlər daha da dərinləşib. Gürcü
nəşrlərinin yaydığı məlumata görə, keçmiş hakimiyyət partiyasının rəhbər
sıralarında narazılıq kritik həddədir. Partiyanın parlament fraksiyasının
rəhbəri Niki Meliyanın tutduğu postdan uzaqlaşdırılması barədə qərar qəbul
edilib. Parlament fraksiyası Saakaşvili tərəfdarı olan bu şəxsin fəaliyyətindən
narazıdır və onun yerinə başqasının seçilməsini istəyir. Meliya isə əvəzində
həmkarlarını "uşaq kimi Bokeriya-Bakradze cütlüyünə qulaq asmaqda”, eləcə də
Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvili ilə gizli əlaqələr qurmaqda
ittiham edib. Qeyd edək ki, 2012-ci il məğlubiyyətindən sonra əksəriyyət hesab
edirdi ki, Saakaşvilinin partiyası bir daha özünə gələ bilməyəcək. Partiyanın
yüksək rütbəlilərinin həbsindən sonra ehtimal daha da gücləndi. Lakin
hakimiyyətin pressinqlərinə baxmayaraq "Vahid Milli Hərəkat” nəinki ayaq üstə
durmağa müvəffəq oldu, hətta mövqeyini də gücləndirdi. Lakin 2016-cı il
seçkilərinə az qalmış partiya sıralarında ciddi narazılıq yarandı. Partiyanın
dörd nüfuzlu lideri rəhbərliyin yeritdiyi siyasətlə razılaşmayaraq öz yolları
ilə gedəcəklərini bəyan etdi.
Ən qalmaqallı vəziyyət isə seçkilərin nəticələri elan edildikdən
sonra yaşandı. Seçkiqabağı kampaniya zamanı belə bir söhbət geniş yayılmışdı
ki, Gürcüstanın Təhlükəsizlik Şurasının keçmiş katibi, "Vahid Milli Hərəkat”ın
ideoloqu Qiqa Bokeriya Odessanın qubernatoru vəzifəsində çalışan Saakaşvilinin
onların nəzarətində olan "Rustavi-2” telekanalındakı təbliğat çıxışlarından
ciddi şəkildə narazıdır. Bokeriya və onun həmfikirləri ehtiyat edirdilər ki,
Saakaşvilinin aqressiv ritorikası və onun həlli mümkün olmayan populist
çıxışları onlara əlavə səs gətirməyəcək, əksinə. insanları daha da
uzaqlaşdıracaq. Bütün bu ehtimallar da seçkilərin nəticələrində təsdiq olundu.
"Vahid Milli Hərəkat” ciddi şəkildə uğursuzluğa düçar oldu, onun rəqibi "Gürcü
arzusu” isə konstitusion çoxluğu formalaşdırmaq üçün lazımı səsləri toplamağa
müvəffəq oldu. O zaman Saakaşvili partiyadaşlarını mandatlarından imtina etməyə
çağıraraq küçələrə çıxmağa və hakimiyyətə qarşı aksiyalar keçirməyə,
hakimiyyəti növbəti dəfə inqilabi yolla ələ keçirməyə səslədi.
Lakin Bokeriya
və partiyanın digər üzvləri, o cümlədən parlamentin keçmiş spikeri David
Bakradze siyasi mübarizəni ali qanunverici orqanın divarları içində davam
etdirmək yolunu seçdilər. Partiyanın dağılmasında katalizator hadisə Tbilisinin
keçmiş meri Qiqi Uqulavanın həbsxanadan azad edilməsi oldu. Apelyasiya
Məhkəməsinin qərarı ilə azadlığa buraxılan sabiq mer beş il idi ki, həbsxanada
idi. Hələ cəza çəkərkən o, bir neçə dəfə bəyan etmişdi ki, Mixail Saakaşvili
onun azadlığa çıxması üçün heç bir cəhd göstərmədi. Ekspertlər hesab edir ki,
partiyanın gələcəyi Saakaşvili mövqeyini açıqladıqdan sonra bəlli olacaq. Çox
böyük ehtimalla eks-prezident yeni partiya yaratmağa üstünlük verəcək.
Ötən gün isə "Vahid Milli Hərəkat”ın icraçı katibi Serqo Ratiani
partiyanın buraxılmasını nəzərdə tutan qərarı elan edib. O bildirib ki, Uqulava
və Saakaşvili yaxın günlərdə məsləhətləşmələri davam etdirmək barədə razılıq
əldə ediblər.
Yayılan xəbərlərə görə, Saakaşvili yeni yaradacağı təşkilata ad da
tapıb. Bu, "Avropa Gürcüstanı” adlanacaq. Sabiq prezidentlə ola bilsin, "Vahid
Milli Hərəkat”ın müəyyən qismi qalsın. Lakin "vahid” sözünü ona şamil etmək
artıq olacaq. Onsuz da partiyada xarizmatik tanınmış liderlər də qalmayıb.
Barəsində axtarış elan edilən Saakaşvili isə bundan sonra ona sadiq qüvvələrdən
real siyasi qüvvə yetişdirmək üçün mübarizə aparacaq.
Azər