Saakaşvilinin həbsinə hazırlıq gedir?

Saakaşvilinin həbsinə hazırlıq gedir?

Təfsilat
28 May 2013, 09:29 938
Gürcüstanda ikihakimiyyətlilik davam edir. Qarşıdurma ölkənin müstəqillik günü də davam edib. Belə ki, baş nazir Bidzina İvanişvilinin qərarı ilə prezidentin qəbul etməli olduğu ənənəvi hərbi parad tədbiri ləğv olunub. Ekspertlər istisna etmirlər ki, postuna tərk etməkdə olan prezidentə qarşı hücum onun yaxın silahdaşı Vano Merabişvilinin həbsindən sonra da davam edəcək. Və sonda növbə elə prezidentin özünə çata bilər.
“Axı Gürcüstana öz hərbi qüvvəsini nümayiş etdirmək nəyə lazımdır” - deyə baş nazir müstəqillik günü hərbi paradın keçirilməsini qadağan etməsi ilə bağlı qəbul etdiyi qərarını belə izah edib. Müxalifət isə əmindir: paraddan yalnız bir səbəbdən imtina edilib. “Hakimiyyət prezident Saakaşviliyə sonuncu dəfə onlara komandanlıq etmək imkanı vermək belə istəməyib. Öz rəqibi Saakaşvilinin acığına İvanişvili vacib dövlət tədbirini ləğv etdi” - deyə prezident yönümlü “Milli Birlik hərəkatı”ndan olan deputat Nuqzar Çiklauri vurğulayıb. Qeyd edək ki, bu dəfəki bayramın prezident və baş nazir arasında ciddi qarşıdurma şəraitində keçəcəyi əvvəlcədən də bəlli idi. Belə ki, parlament qarşısında iki il bundan əvvəl keçirilən aksiyanın ildönümü münasibətilə tədbir keçirilib. O zaman dağıdılan aksiya zamanı dörd nəfər həlak olmuşdu. Aksiyanın təşəbbüskarı eks-spiker Nino Burcanadze mərkəzi prospektə oğlu və onun övladları ilə birgə gəlib: “Biz ölkəmizin tarixində ən sərt aksiyanın zorla dağıdılmasını qeyd edirik. Lakin vaxtilə burada tökülən qan əbəs olmadı və günahkarlar öz cəzalarını alırlar”. Burcanadze bununla o zaman DİN rəhbəri olmuş Vano Merabişavilinin həbsinə işarə edib. Artıq prokurorluq ona 2011-ci ildə baş verən aksiya zamanı səlahiyyətlərini aşma ittihamı irəli sürüb. Apelyasiya Məhkəməsi də keçmiş baş nazir barəsində çıxarılan iki aylıq həbs qəti imkan tədbirini qüvvədə saxlayıb. O ki qaldı baş nazir İvanişvilinin həbslərə münasibətinə - o vəd edir ki, istənilən ədalətsizliyə qarşı olacaq: “Qanun qarşısında dinindən, etnik və seksual baxışlarından asılı olmayaraq hamı bərabərdir”.

Ekspertlər isə hesab edir ki, məhz keçmiş DİN rəhbərini həbs etməklə hakimiyyət prezidentin həbsinə hazırlıq görür. Bidzina İvanişvili və Nino Burcanadze də dəfələrlə bildiriblər ki, aksiyanın dağıdılması barədə qərarı yalnız prezident Saakaşvili verə bilərdi. Tbilisinin hazırkı meri Qiqi Uqulava da həbsini istisna etmir. Prezidentin yaxın ətrafında təmsil olunan bu şəxs bildirib ki, əgər vətənin azadlığına yol həbsxanadan keçirsə, o buna hazırdır. Bu şəxs də prezidentliyə əsas namizədlərdən sayılır. Növbəti həbs ediləcək şəxs məhz o ola bilər. Hakimiyyətə yaxın mənbələrdən daxil olan məlumata görə, bunun üçün kompromat yığımına başlanılıb. Ekspertlər isə əmindirlər ki, prezidentlə baş nazir arasında sərt qarşıdurma şəraitində baş nazirə ölkənin əvvəlki xarici siyasət kursunu qoruyub saxlamaq çətin olacaq. “Müxalifət liderlərinin həbsi qərblə münasibətlərdə çatlar yaradacaq” - deyə politoloq Georgi Nodiya bildirib. Onun sözlərinə görə, İvanişvilinin çox tezliklə Putinə baş əymək üçün Moskvaya getməkdən başqa yolu qalmayacaq.

Son məlumatlara görə, ötən gündən başlayan xüsusi əməliyyat nəticəsində Gürcüstan daxili işlər nazirinin sabiq müavini Giya Lortkipanidze və bir neçə keçmiş polis əməkdaşı saxlanılıb. Bu polislər 2001-ci ildə hazırkı daxili işlər nazirinin qanunsuz silah gəzdirməkdə günahlandırılan qayınatası Tamaz Tamazaşvilini saxlamışdılar. "Gürcü arzusu" koalisiyası 2012-ci il okyabrın 1-də parlament seçkilərində qələbə qazandıqdan sonra Tamazaşvili azadlığa buraxılıb. Saxlanılan sabiq polis işçilərinin sözlərinə görə, Tamazaşvilinin bəraət alması üçün onlardan tələb edilib ki, guya özlərinin bilərəkdən nazir İrakli Qaribaşvilinin qayınatasının cibinə tapança qoyduqlarını etiraf etsinlər.

Beləliklə, Gürcüstan prezidenti ilə baş nazir arasındakı münasibətlər artıq dalana dirənib, desək yanılmarıq. İvanişvili hakimiyyətə gələndən sonra belə bir inam var idi ki, yeni hökumət iqtisadi-sosial problemlərin həllinə önəm verəcək. Amma gözləntilər özünü doğrultmadı. İvanişvili bütün diqqətini rəqibini aradan götürməyə yönəltdi. Politoloqların sözlərinə görə, prezidentlə baş nazir arasındakı narazılıqlar Gürcüstan üçün yaxşı heç nə vəd etmir. Və tərəflər arasındakı gərginlik artıq ölkənin xarici siyasətində də özünü göstərəcək. Ekspertlər hesab edir ki, tərəflər arasında hər hansı bir ciddi qarşıdurma yaransa, Saakaşvili tərəfdarı olan namizədin oktyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmə ehtimalı yüksələ bilər. Çünki Saakaşvili bir partiya lideridir, onu dəstəkləyən güclü bir partiya var. İvanişvilinin arxasında isə partiya yox, blok dayanıb. Müxtəlif qrupların yer aldığı bu koalisiyanın isə sabah dağılması istisna deyil.

Azər NURİYEV