Saakaşvilini yoxlamaq üçün komissiya yaradıldı

Saakaşvilini yoxlamaq üçün komissiya yaradıldı

Siyasət
22 Oktyabr 2012, 17:07 1283
Gürcüstanda yeni seçilmiş parlament rəsmi olaraq öz işinə başlayıb. Kutaisidə keçirilən ilk iclası prezident Mixail Saakaşvili açıq elan edib. Maraqlıdır ki, Saakaşvili salona daxil olarkən parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” blokunun deputatları ayağa durmayıb. Baş nazir vəzifəsinə namizəd Bidzina İvanişvili isə sessiyaya qonaq statusunda qatılıb. Açılış nitqi ilə çıxış edən M.Saakaşvili hakimiyyət dəyişikliyinin güc yolu ilə yox, demokratik seçkilərlə reallaşmasına görə məmnunluq duyduğunu bildirib: “Bu gün Kutaisidə xüsusi ab-hava var və mən sevinirəm ki, burada 2008-ci ildə öz mandatlarından imtina etmiş şəxsləri görürəm. İndi siz parlament üzvlərisiniz və hətta daha yüksək vəzifələri hədəf seçmisiniz. Bu, bizim yaratdığımız sistemin nailiyyətidir və indi xalq nəyin yaxşı, nəyin pis olduğunu özü görəcək. Qalibin hər şeyi əldə etdiyi zaman artıq keçib. Bu gün bir qüvvə müxalifətdədir, digəri isə hakimiyyətdə və təsəvvür edin ki, növbəti seçkilərdə hər şey dəyişə bilər”. M.Saakaşvili deputatları dövlət quruculuğunu davam etdirməyə və siyasi azlığı ölkəni inkişafa aparacaq proseslərdə hakimiyyətlə əməkdaşlıq etməyə çağırıb. Gürcüstan prezidentinin fikrincə, parlamentdə mübahisələr adi haldır, amma etika qaydalarından kənara çıxmaq olmaz. O qeyd edib ki, əgər müxalifət olmasa, ölkə qəbiristanlığa çevrilə bilər. Amma prezident söz verib ki, Gürcüstan qəbiristanlığa çevrilməyəcək. M.Saakaşvilinin sözlərinə görə, yeni hakimiyyət işğalçı ölkənin tələsinə düşməməlidir.

Qeyd edək ki, Gürcüstan Rusiyanı 2008-ci il müharibəsindən sonra işğalçı ölkə adlandırır. Prezident M.Saakaşvili çıxışdan sonra sessiyanı aparmaq səlahiyyətlərini qocaman deputat İvan Kiquradzeyə verib.

Məlumat üçün bildirək ki, oktyabrın 1-də Gürcüstan parlamentinə keçirilən seçkilər nəticəsində Bidzina İvanişvilinin rəhbəri olduğu “Gürcü arzusu” 85 yerə, Saakaşvilinin “Vahid Milli Hərəkatı” 65 yerə sahib olub. Artıq ölkə başçısı Mixail Saakaşvili öz partiyasının müxalifətə keçdiyini bildirib.
Spiker seçilən David Usupaşvili yeni hökuməti və parlamenti Gürcüstanın Qərbə, Avropa İttifaqı və NATO-ya yönəlik xarici siyasətini davam etdirməyə çağırıb. Seçildikdən sonra proqram nitqi ilə deputatların qarşısında çıxış edən D.Usupaşvili hökuməti xalqın istək və dərdini daha yaxşı bilmək üçün ümumxalq birliyi naminə sadə insana yaxın olmağa, demokratikləşmə prosesini davam etdirməyə çağırıb. O, həmçinin seçkilərdə qələbə çalmış koalisiyanın Gürcüstan Konstitusiyasına yenidən baxmaq niyyətini təsdiqləyib. Onun sözlərinə görə, yeni parlament hökumətin tərkibini oktyabrın 25-də təsdiq edəcək. Spikerin sözlərinə görə, prezident artıq hökumətin yeni tərkibini parlamentin müzakirəsinə təqdim edib.

Qeyd edək ki, səsvermə zamanı parlamentin iclasında iştirak etmiş 150 millət vəkilindən 88-i D.Usupaşvilinin namizədliyinin lehinə səs verib. Parlamentdə azlıqda olan prezidenti M.Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasından olan millət vəkilləri səsvermədə iştirak etməyiblər.
“Gürcü arzusu” koalisiyasının lideri B.İvanişvili isə vəd edib ki, ölkədə əsl xalq hakimiyyəti formalaşacaq: “Gürcüstanda seçkilər əvvəllər də olub - Qamsaxurdiyanın və Mixil Saakaşvilinin dövrlərində. Ancaq Saakaşvili vəd etdiklərinin əksini həyata keçirib” - deyə o bildirib. Müdafiə naziri postuna namizəd İrakli Alasaniya isə bəyan edib ki, regionlarda qanunsuz silahlı birləşmələr mövcuddur. “Onlar keçmiş yüksək rütbəli dövlət məmurları tərəfindən yaradılıb. Hazırda onlar milli təhlükəsizliyə ciddi təhlükə olaraq qalırlar. O ki qaldı DİN və Müdafiə Nazirliyinin yüksək rütbəli keçmiş əməkdaşları Baçan və Data Axalaya qardaşlarına, eləcə də ədliyyə naziri Zurab Adelaşviliyə, Alasaniya bildirib ki, həmin şəxslərin harada olmaları onu az maraqlandırır: “Lakin əgər hüquq mühafizə orqanları onların günahını müəyyən etsələr, onda onları tapmaq çətin olmayacaq. Və onlar mütləq ədalət məhkəməsi qarşısında durmalı olacaqlar”. O da bəlli olub ki, parlament seçkilərindən sonra ABŞ-a ezamiyyətə yollanan Gürcüstan müdafiə naziri səlahiyyətlərini icra edən Dmitri Şaşkin hələ də ölkəsinə dönməyib. Bu barədə nazirliyin mətbuat katibi bildirib.

Qeyd edək ki, onun ezamiyyət müddəti oktyabrın 6-da başa çatıb. Lakin Şaşkin “Facebook” şəbəkəsində bildirib ki, ölkəni nə vaxtsa geri qayıtmaq arzusu ilə tərk edib. Şaşkin hara getdiyini isə açıqlamayıb. O, M.Saakaşvili hökumətində işləməkdən qürur duyduğunu bildirib: “Dövlət xidmətində şəkər xəstəliyi qazandım. Mən ömrünün ən xoşbəxt dörd ilini Saakaşvili hökumətində keçirdim. Biz inanırdıq ki, pul əsas deyil, hər şeyi ideya və zəhmətlə qazanmaq olar”. D.Şaşkin həmçinin yeni hökumətin NATO-ya inteqrasiya götürməyəcəyinə inandığını da deyib. “Allah eləsin ki, mən səhv edim” - deyə o əlavə edib.

Maraqlıdır ki, yeni parlamentin ilk qərarlarından biri gözlənildiyi kimi, M.Saakaşvili hökumətinin fəaliyyətinin araşdırılması ilə bağlı olub. Parlament 2004-2012-ci illərdə prezident Mixail Saakaşvilinin və onun sədri olduğu Vahid Milli Birlik Partiyasının fəaliyyətini araşdırmaq barədə də qərar qəbul edib. Komissiyaya kompromissizliyi ilə məşhur olan Tina Xidaeşvili başçılıq edir. O artıq indidən vəd edib ki, həmin dövrdə qanunu pozanlar mütləq cəzalarını alacaqlar. “Parlament komissiyası elitar korrupsiya və siyasi motivlərinə görə izlənmələri araşdıracaq» deyə fraksiyanın deputatı David Berdanezişvili vurğulayıb. Onun sözlərinə görə, Xidaşelinin hakimiyyətin ən yüksək eşalonlarına əli çata biləcək. Ən əsas məsələlər sırasında Zurib Jvaniyanın ölümünün səbəblərinin araşdırılması duru. Bu iş üzrə aparılan təhqiqat hələ də bağlanmayıb. Yeni parlamentdə mərhum baş nazirin qardaşı Georgi Jvaniya da təmsil olunur. Hərbi mütəxəssisləri isə narahat edir ki, necə olur ki, müdafiəyə milyardlarla dollar sərf edən Gürcüstan Rusiya ilə müharibəni yarım gün ərzində uduzdu. Artıq gələcək müdafiə naziri Müdafiə Nazirliyini «korrupsiyanın yuvası» adlandırıb. Elit korrupsiyanı araşdıran müstəqil ekspertlər klubunun rəhbəri Soso Çiskarişvili bildirib ki, Gürcüstan iqtisadiyyatının 72 faizi kölgədədir.

Yeri gəlmişkən, parlament seçkilərindən sonra Gürcüstanda vaxtilə hakimiyyətin ələ keçirdiyi mülkiyyətlərin əsl sahiblərinə qaytarılması prosesi də yaşanır. Artıq «İmedi» telekanalı mərhum milyarder Badri Patarkaçişvilinin ailəsinə qaytarılıb. Yeni parlamentin qərarı onun opponentləri arasında narazılıqlarla qarşılanıb. Politoloq Ramaz Sakvarelidze bildirib ki, parlament çoxluğu bildirmək istəyib ki, mübarizə başa çatmayıb və bu parlamentdə mənəvi və hüquqi mübarizə fonunda davam edəcək. “Çoxluqla qələbə eyforiyası, azlıqda isə revanşist əhval-ruhiyyə var və bu da təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Azər NURİYEV