• çərşənbə axşamı, 23 aprel, 19:18
  • Baku Bakı 20°C

Saakaşvilini həbs edə biləcəklərmi?

12.09.14 10:48 1056
Saakaşvilini həbs edə biləcəklərmi?
Eks-prezident Mixail Saakaşvilini nəyin bahasına olursa-olsun həbs etməyi qarşısına məqsəd qoyan Gürcüstan hökuməti bu dəfə onu dövlət çevrilişinə cəhddə ittiham edib. İttiham isə daxili işlər naziri Aleksandr Çixaidze tərəfindən səslənib.
Nazirin sözlərinə görə, eks-prezident ölkədə qeyri-sabit vəziyyət yaratmaq, ardınca da dövlət çevrilişi həyata keçirmək niyyətindədir. DİN rəhbəri əlavə edib ki, Mixail Saakaşvili artıq planını reallaşdırmağa başlayıb. Keçmiş prezident lideri olduğu “Vahid Milli Birliy”in üzvlərinə və bir sıra qeyri-hökumət təşkilatlarının liderlərinə ölkədə dövlət çevrilişinə gətirib çıxaracaq qeyri-sabit vəziyyət yaratmaq tapşırığı verib. Ən əsası ölkədə xaos yaratmaq üçün Saakaşvili mobil qruplara bölünəcək 500 nəfərdən ibarət qrup yaratmağı tapşırıb. Onlar polisi təxribata çəkməyi, fors-major vəziyyət yaratmaq, ən müxtəlif mövzular üzrə aqressiv etiraz aksiyaları keçirməli olacaqlar. Onların məramı gürcü cəmiyyətində və əcnəbi kütləvi informasiya vasitələrində neqativ fon yaratmağa yönəlib. Qəsd məsələlərinə milli azlıqlar da cəlb edilib» - deyə Çixaidze vurğulayıb. DİN rəhbəri qeyd edib ki, qəsdçilər ilk zərbəni onun özünün idarəsinə endiriblər. Məsələn, bu yaxınlarda “Vahid Milli Birlik” bəyan edib ki, ölkədə cinayətkarlığın səviyyəsi artıb. Buna görə də daxili işlər naziri Çixaidzeni ittiham edərək onun dərhal istefa verməsini tələb ediblər. Nazir də cavabında cinayət işi açdırıb: “Mən bəyan edirəm - bu planı reallaşdıra bilməyəcəklər. Onlar ölkədə anarxiyanın hökm sürdüyü haqqında xaos yaratmağa nail olmayacaqlar. Qoy hamı bilsin - kim ki, antikonstitusion yolla gedəcək, qanun qarşısında cavab verməli olacaq. Biz antidövlət fəaliyyətin qarşısını almaq üçün bütün qanuni vasitələri işə salacağıq. Biz artıq konkret addımlar da atmışıq. Əldə etdiyimiz məlumata görə, dövlət çevrilişi həyata keçirməkdən söhbət gedir”.
Qarşı tərəf, yəni Saakaşvilinin partiyadaşları isə səslənən ittihamları absurd adlandırırlar. Müxalifətçilər Çixaidzenin yaddaşına ilin əvvəlində səsləndirdikləri bəyanatı xatırladıblar. O zaman Çixaidze “Vahid Milli Birli”yi “gürcü maydanı” təşkil etmək cəhdində günahlandırmışdı. Çixaidze bildirirdi ki, müxalifət Ukrayna fəallarını Gürcüstana dəvət edib, hətta çoxlu sayda yandırmaq üçün təkərlər sifariş edib. Saakaşvilinin partiyasından olan deputat Serqo Ratiani hesab edir ki, Çixaidze qəsdlə bağlı ittihamları ortaya atmaqla ictimaiyyətin diqqətini öhdəsindən gələ bilmədiyi real problemlərdən yayındırmağa çalışır: “Kriminal vəziyyət ağırdır. Mövcud hakimiyyət bunun öhdəsindən gələ bilmir. Təkərlər barədə nağıllar, qəsdlər və digər məsələləri ortaya atmaqla bizlərin diqqətini bu kimi problemlərdən yayındıra bilməzlər”.
Ekspertlər isə səslənən ittihamlara birmənalı qiymət verməkdə çətinlik çəkirlər. Onlar hakimiyyətin arqumentlərinin o qədər də əsaslı olmadığı qənaətindədirlər. Lakin politoloq Vaja Beridze hesab edir ki, belə bir yüksək ranqlı məmurun ittihamlarına reaksiya verməmək mümkünsüzdür. Onun sözlərinə görə, əgər nazir bu tip bəyanat verirsə, onda hansısa bir informasiyaya malikdir. “Ümidvaram ki, etibarlı xəbərlərdir. Müsahibəni dərc edən “Alia” nəşri də ciddi nəşrlərdəndir, Çixaidze də nazirdir. Belə bir xəbərlərə ictimaiyyət də diqqət ayırmaya bilməz. Bu faktın özünün nə qədər reallığı əks etdirməsinə gəlincə, mən heç nəyi istisna etmirəm. Saakaşvilidən nə desən gözləyə bilərsən. Biz bilirik ki, o, çox riskli bir adamdır. O, vergi verilmiş bir siyasətçidir və heç bir vaxt avantüraların nəticələri barədə düşünmür” - deyə politoloq vurğulayıb.
Öz növbəsində baş nazir İrakli Qaribaşvili də DİN rəhbərinin səsləndirdiyi ittihamları şübhə altına almır. Baş nazir mediaya bildirib ki, Saakaşvili destruktiv bir lider, kütləvi etiraz aksiyaları keçirməyin təşəbbüskarı kimi tanınır. Bununla yanaşı o xəbərdar edib ki, istənilən destruktiv addımın qarşısı alınacaq”. O bu cür hallara yol verənlərin axırının heç də yaxşı qurtarmayacağını da bəyan edib.
Ekspertləri hazırda bir sual düşündürür - eks-prezidentə qarşı ittihamlar irəli sürüləcəkmi? Bundan əlavə ortaya belə bir sual çıxır: DİN rəhbərinin bəyanatı yeni həbslərin anonsu deməkdirmi? Onun bundan əvvəlki “gürcü Maydanı” barədə bəyanatı heç bir real nəticələrə gətirib çıxarmamışdı. Özü də o zaman Çixaidze cinayət işi barədə heç nə deməmişdi. Hələ ki, gürcü prokurorluğu İnterpola Saakaşvilinin beynəlxalq axtarışa verilməsi barədə sənədləri göndərib. İnterpol da gürcü tərəfinin müraciətini qəbul edib, lakin hansısa bir qərarın qəbul edildiyi bəlli deyil. Yalnız ötən həftə yunan polisi Saakaşvilini 4 saat saxladıqdan sonra buraxıb. Yeri gəlmişkən, hazırda qəsd məsələsi gürcü KİV-lərinin müzakirə etdiyi məsələlərdən biridir. Dövlət çevrilişinə hazırlıqla bağlı bu günlərdə Leyborist Partiyasının keçmiş lideri, hazırda “Sol Alyans”ın lideri Soso Şatberaşvili də məlumat vermişdi. Onun məlumatına görə, Saakaşvili bu məqsədlərə çatmaq üçün bir milyard dollar ayırıb. Bu vəsaitlə əvvəlcə vəziyyətin nəzarətdən çıxarılması, sonra isə dövlət çevrilişi etmək nəzərdə tutulub. O bildirib ki, baxmayaraq ki, bu milyardlara Bidzina İvanişvili də malikdir, lakin sonuncu Saakaşvilidən fərqli olaraq lazımi qədər siyasi təcrübəyə, eləcə də dövlət çevrilişi təşkil etmək təcrübəsinə malik deyil. Onun qənaətincə, mövcud durum da, Saakaşvilinin planlarına kömək edə bilər. Belə ki, Şaterbaşvilinin qənaətincə, dünyada yaranmış vəziyyət, Ukrayna böhranı Saakaşviliyə yardımçı ola bilər. Yəni Saakaşvili bu dəqiqə onlar üçün maraqlı deyil və bu səbəbdən də eks-prezidentin qiyam həyata keçirməsi üçün yaxşı şərait yetişib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər