• cümə, 19 Aprel, 19:35
  • Baku Bakı 24°C

Saakaşvili va-banka gedir

12.02.19 19:03 720
Saakaşvili va-banka gedir
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xaricdə məskunlaşan soydaşlarını Bidzina İvanişviliyə qarşı birləşdirmək planını reallaşdırmaqda israrlı görünür. Lakin bu plan baş tutmaya bilər. Səbəb də odur ki, soydaşlarını daha çox öz problemləri narahat edir.
Belçikada miqrant soydaşları ilə ikinci görüşünü keçirən Saakaşvili "Birlikdə evə” hərəkatını daha da genişləndirmək istədiyini bildirib. Filadelfiyadan (ABŞ) sonra Belçikada toplantı keçirməyə müvəffəq olan Saakaşvili bu iclası əvvəlkindən daha hazırlıqlı keçirməyə müvəffəq olsa da, qalmaqaldan qaça bilməyib. Ümumi fəaliyyət planını təqdim etmək istəyən Saakaşviliyə maneçilik yaratmaq cəhdi olub. Vaxtilə Gürcüstanı tərk edib getməyə məcbur olan insanlar Saakaşviliyə və onun layihəsinə neqativ münasibətlərini ortaya qoyublar. Buna baxmayaraq, "Gürcü miqrantlarının ümumi konqresi” adını alan tədbirin qismən baş tutduğu bildirilir. Gürcü saytlarının yaydıqları xəbərə görə, Saakaşvili əleyhdarlarının iclasın keçirildiyi zala daxil olmasına imkan verilməyib. Zala sual vermək və müraciəti çatdırmaq istəyi ilə daxil olmaq istəyənlərə "İvanişvilinin muzdla göndərdiyi şəxslər” damğası vurulub. Qeyd olunub ki, İvanişvili onları konqresin işini dağıtmaq üçün Tbilisidən göndərib.
"Birlikdə evə” planını təqdim edən Saakaşvili ABŞ-da olduğu kimi burada da bəyan edib ki, Gürcüstana dönüşü dinc olacaq. "İndiki hakimiyyət də sülh yolu ilə dincəlməyə göndəriləcək. Biz Gürcüstanı onun üzərindəki əjdahadan xilas etməliyik”, - deyən eks-prezident "əjdaha” dedikdə təbii ki, Bidzina İvanişvilini nəzərdə tutub. Lyej şəhərindəki toplantıda çıxış edən Saakaşvilinin qənaətincə, rəqibinin ən böyük günahı xalqın hesabına varlanmaq istəyidir: "Bu şəxs bütün bunlar azmış kimi, indi də marixuananı leqallaşdırmağa çalışır. İvanişvili əlindən gələni edir ki, gənclər kütbeyinləşsin, narkotikə qurşansın. Məqsəd də odur ki, cəmiyyət tələb etmək istəyindən məhrum olsun. Onun özü isə asanlıqla belə tip insanları idarə edə bilsin. İvanişvili bunun hesabına öz cibini dolduracaq”. Gürcüstanın sabiq prezidenti hakimiyyət orqanlarının "planları”nın üstünü açdığını bəyan etsə də, unudur ki, artıq marixuana məsələsi gündəmdə deyil. Belə ki, "marixuananın tibbi məqsədlər üçün əkilməsi və ixracı” layihəsi artıq aktuallığını itirib. Parlament müxtəlif səbəblərdən qanun layihəsinin müzakirəsini təxirə salıb. M.Saakaşvili bildirib ki, miqrantlar hakimiyyətin istənilən mübahisə doğuran təşəbbüsləri ilə bağlı mövqelərini bildirmək imkanına malik olmalıdırlar. Onun qənaətincə, bunun üçün isə ləğv edilən elektron səsvermə sistemini işləyib hazırlamaq gərəkdir: "Bu sistemi seçkilər dövrü işə salmaq gərəkdir”. Eks-prezident hesab edir ki, başqa ölkənin vətəndaşlığını əldə edən gürcülər də Gürcüstan vətəndaşı olduqlarını yaddan çıxarmamalıdırlar. Eyni zamanda, siyasətçi Gürcüstanda doğulmuş və gürcü əsilli olan hər bir kəsə bu ölkənin vətəndaşlığının mütləq şəkildə verilməsinin tərəfdarı olduğu bəyan edib: "Səhiyyə, pensiya sistemi, seçkilərlə bağlı islahatlar aparılmalıdır. O zaman hamı Gürcüstana qayıtmağa çalışacaq. İndi isə məsələnin mahiyyəti odur ki, xaricdə Gürcüstanın alternativ hökuməti yaradılmalıdır”. Böyük ehtimalla bu məsələ miqrantların üçüncü konqresində müzakirə olunacaq. Növbəti tədbirin yazda Romada keçirilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, Saakaşvili miqrantlarla görüşündə hələ ki, Gürcüstana qayıtmaq üçün lazımi şərtlərin olmadığını da açıqlayıb. Gürcü siyasətçi buna baxmayaraq, bir gün mütləq vətəninə qayıdacağını vurğulayıb. "Məndən tez-tez soruşurlar: Siz nə zaman Gürcüstana qayıdacaqsınız? Cavabım budur: Məgər, Gürcüstandakı hazırkı situasiya bizim qayıdışımız üçün əlverişlidirmi? Hazırda o vəziyyət mövcud deyil. Lakin yaxın həftələrdə, aylarda biz o günü hazırlamalıyıq. Vətənin məhvinə uzaqdan baxmaq mümkün deyil”, - deyə Saakaşvili bildirib. Eks-prezident ölkəsində qaçılmaz hesab etdiyi dəyişiklikləri də sadalayıb. O əlavə edib ki, 1-1,5 milyon Gürcüstan vətəndaşı doğma vətənə geri qayıtmalıdır.
O ki qaldı rəsmi Tbilisinin Saakaşvilinin xaricdəki fəaliyyətinə və baş verənlərə reaksiyasına, hakimiyyət dözümlülük nümayiş etdirməyə çalışıb. Parlamentin spikeri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, "Vahid Milli Hərəkat” sərbəst şəkildə hər şeylə məşğul ola bilər: "Yox, əgər başını qaldırmaq istəsə, onda gürcü cəmiyyətinin cavab zərbəsi ilə üzləşəcək. Necə ki, bununla Saakaşvili özü Belçikada üzləşib. Hakimiyyət də lazım olsa, cəmiyyətə köməklik edər”. Parlamentin spikeri əlavə edib ki, baş verənləri stəkanda fırtına hesab edir.
"Gürcü arzusu”nun liderlərindən olan İrakli Sesiaşvilinin də cavabı lakonik olub. Xatırladıb ki, Saakaşvilini vətənə dönəcəyi təqdirdə həbs gözləyir. Məhkəmə də çox böyük ehtimalla onu vaxtilə prezidentliyi dövründə törətdiyi cinayətlərə görə bir neçə illiyinə həbs edəcək. Bu ittihamlar korrupsiya, büdcə vəsaitlərini mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və s. üzrədir. Parlamentinin vitse-spikeri İrma İnaşvili isə hesab edir ki, gürcü xalqı "Vahid Milli Hərəkat” Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir. Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır: "Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır? Bizim güc strukturlarımızın hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim "Gürcü arzusu”na təklifimdir”.
Ümumiyyətlə isə Lyejdə baş verənlər gürcü cəmiyyətindəki parçalanmanın növbəti əyani təzahürü olub. Çatlar təkcə ölkə daxilində deyil, həm də xaricdəki diaspor üzvləri arasında da geniş yayılıb. Bu, siyasi səhnədən başlamış idman, mədəniyyət, hətta kütləvi informasiya vasitələrinə də yayılıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər