• çərşənbə, 24 Aprel, 14:30
  • Baku Bakı 27°C

Saakaşvili Ukraynaya dönməkdə israrlıdır

19.08.17 09:00 1225
Saakaşvili Ukraynaya dönməkdə israrlıdır
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin başı üzərində qara buludlar əsməkdə davam edir. Bu dəfə Gürcüstan prokurorluğu onun ekstradisiyası ilə bağlı Ukraynaya rəsmi sorğu göndərib. Bu barədəQərb nəşrləri Gürcüstanın "İmedi” televiziya kanalına istinadla xəbər yayıblar. Məlumatda bildirilir ki, Gürcüstan prokurorluğu Ukrayna tərəfinə Saakaşvilinin ekstradisiyası ilə bağlı rəsmi sorğu göndərib və Gürcüstanın baş prokurorluğu hazırda Ukrayna prokurorluğu ilə bu məsələ ilə bağlı yaxından əməkdaşlıq edir. Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko iyulun 26-da Saakaşvilini vətəndaşlıqdan məhrum edib. Saakaşvili həmin vaxt Vaşinqtonda idi. O, avqustun əvvəllərində Vaşinqtondan Polşaya, sonra isə Litva və Macarıstana gedib. Qeyd edək ki, Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur. O, bu günlərdə bəyan edib ki, sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir. M.Saakaşvili vətəndaşlığını geri almaq üçün mübarizə aparacağını bəyan edib. M.Saakaşvili 2003-cü ildə "Qızılgül inqilabı” nəticəsində Gürcüstanda hakimiyyətə gəlib və iki müddət prezident olub. Amma sonradan populyarlığı getdikcə azalıb. Nəticədə parlament seçkilərində onun lideri olduğu "Vahid Milli Hərəkat” məğlub olub. Bundan sonra isə o, ölkəni tərk edib. 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı əlindən alınıb. Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.
Yeri gəlmişkən, M.Saakaşvili dünən bəyan edib ki, Ukraynaya dönməkdə israrlıdır. Siyasətçi ümidvardır ki, sərhəd-buraxılış məntəqəsi yaxınlığında onu minlərlə tərəfdarı qarşılayacaq. Lakin Ukrayna baş prokurorunun müavini Yevqeni Yenin bildirib ki, M.Saakaşvilini yalnız Ukrayna vizası olacağı təqdirdə ölkəyə buraxa bilərlər. "Mənim Ukraynada evim var və ora mənim daimi yaşayış yerimdir, Polşaya isə polyak dostlarımın dəvəti ilə gəlmişdim”, - deyə eks-prezident bildirib. O, əlavə edib ki, Varşavadadır və oradan Ukraynaya dönməyi planlaşdırır: "Mən həm də bura ona görə gəlmişəm ki, Polşa Ukraynadan uzaqda deyil”. M.Saakaşvili hesab edir ki, Ukraynaya gəlmək üçün tam ixtiyarı var. "Sizin diqqətinizə çatdırım ki, hətta vətəndaşlığım olmasa belə, Ukrayna Konstitusiyasına görə mən bütün hüquqlara malikəm. Ukraynaya qayıdıb, hüquqlarımı məhkəmədə müdafiə etməyə hazırlaşıram”.
"Rux- yeni qüvvələrin birliyi” partiyasının lideri Ukrayna hakimiyyət orqanlarının onu Gürcüstana ekstradisiya edə biləcəklərini istisna edir. Facebook yazdığı statusda o bildirib ki, əgər Poroşenko onu Gürcüstana təhvil vermək istərsə, bu, onun Rusiyaya təhvil verilməsinə bərabər olacaq: "Mən siyasi hərəkatın lideriyəm. Hansı əsasla məni sərhəddən buraxmalı deyillər. Düzdür, onlar nə istəsələr edə bilərlər. Lakin qanun onların tərəfində deyil”. M.Saakaşvili Ukraynanın hakimiyyət orqanlarını dönüşünü sirk mərasiminə çevirməməyə çağırıb. Onun sözlərinə görə, bu yaxınlarda kütləvi informasiya vasitələrində Gürcüstan daxili işlər naziri Georgi Mqebarişvili ilə özünü Ukrayna daxili işlər naziri Arsen Avakov kimi təqdim edən şəxs arasında gedən telefon danışığının mətni yayılıb. Həmin danışıq zamanı gürcü məmur bildirib ki, Gürcüstan eks-prezidentin ekstradisiyasında maraqlı deyil. Batumidə dincələn gürcü nazirin içkili vəziyyətdə olduğu iddia edilir. "Bu şəxs (Saakaşvilini nəzərdə tutur-müəl) bizə lazım deyil. O, yalnız və yalnız avantüra ilə məşğul olur. Mən baş nazirlə də söhbət etmişəm. Baş nazir məndən onun sözlərini çatdırmağı xahiş edib. "O dedi ki, bu axmağı bizə göndərməyin. Qoy bomj həyatı yaşamaqda davam etsin”. Odessa vilayətinin keçmiş qubernatorunun mətbuat katibi Darya Çij də sərhədçilərin bəyanatlarına baxmayaraq, Saakaşvilinin Ukraynaya dönmək planından əl çəkmək istəmədiyini bildirib.
Xanım bildirib ki, Saakaşvili artıq Ukrayna pasportu ilə Macarıstan, Litva və Polşada səfərdə olub və yerli sərhədçilərlə onun hər hansı bir problemi olmayıb. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, əgər onun pasportunu Ukrayna ilə sərhəddə əlindən alsalar, onda o öz hüquqlarını məhkəmədə qorumağa çalışacaq. Bəs görəsən, Ukrayna hakimiyyət orqanlarının, konkret olaraq prezident Poroşenkonun birdən-birə antisaakaşvili mövqeyində durmağa nə məcbur elədi? Bu ilk növbədə qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Məsələ ondadır ki, hazırkı prezident Mixail Saakaşvlini və onun rəhbəri olduğu yeni hərəkatı özünə ciddi rəqib görür. Hazırkı hakimiyyət sadə ukraynalılar arasında Odessanın sabiq qubernatorunun nüfuzunun durmadan artmasından narahatdır. Rəsmi Kiyevin Saakaşviliyə qarşı Qərbdən də ciddi dəstək və razılıq aldığı bildirilir. Məsələ ondadır ki, artıq Qərbin özündə də Saakaşviliyə qarşı ciddi rəğbət hiss olunmur. Belə ki, hər iki ölkə - Ukrayna və Gürcüstanla bağlı Avropa İttifaqının planları həyata keçib. Həm Tbilisi, həm də Kiyev ilə vizasız gediş-gəliş barədə sənədə imza atılıb. Belə olan halda Avropa İttifaqı bu ölkələrlə Saakaşviliyə görə münasibətləri pisləşdirmək istəməzdi. O ki qaldı Birləşmiş Ştatlara, okeanın o tayındakı strateqlər hələ ki, gözləmə mövqeyində durmağa üstünlük verirlər.
Azər
banner

Oxşar Xəbərlər