• çərşənbə, 24 Aprel, 21:35
  • Baku Bakı 23°C

Saakaşvili Ukraynanın “xilaskar”ı olmaq iddiasındadır

15.09.17 09:15 1459
Saakaşvili Ukraynanın “xilaskar”ı olmaq iddiasındadır
Qalmaqallı hərəkətləri ilə gündəmi tutan Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna rəhbərliyini hədələməkdə, ölkədə siyasi gündəmi dəyişmək kampaniyası aparmaqda davam edir. O, xüsusən də Qərbdən aldığı dəstəkdən sonra daha da pərvazlanaraq özünü Ukrayna siyasətinin lideri hesab etməyə başlayıb. Xatırladaq ki, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna prezidenti Petro Poroşenkoya Mixail Saakaşvilini sakit buraxaraq başqa məsələlərlə məşğul olmağı məsləhət görüb.
Volkerin bu sözləri M.Saakaşvilinin Facebook səhifəsində yerləşdirilib. "Əgər Ukrayna hüquqi dövlət qurursa, Mixail Saakaşviliyə öz vətəndaşlığını məhkəmədə müdafiə etməsi üçün imkan yaradılmalıdır. Poroşenko Saakaşviliyə daha az dramatik yanaşmalı və ölkənin inkişafı, korrupsiya ilə mübarizəyə diqqət etməlidir”, – deyə o bildirib. Bu sözlər Saakaşvili tərəfindən dəstək kimi qəbul edilib.
Ötən gün itdiyi barədə mediada məlumatlar gedən Mixail Saakaşvili qəfildən ölkənin qərbində peyda olub və burada bir sıra bəyanatlar səsləndirib. Çıxışında deyib ki, ölkədəki "siyasi böhran”ın həllinə köməkdən ötrü qayıdıb və gələn həftə Kiyevə getmək fikrindədir. Gürcüstanın keçmiş prezidenti həm Ukrayna dilində, həm də rusca danışıb. O, Çernovtsı şəhərində tərəfdarlarına deyib ki, bu həftə ölkəyə qayıdışının məqsədi "sadəcə” Ukrayna vətəndaşlığının ləğvini mübahisə mövzusuna çevirmək deyil. "Sizinlə birlikdə Ukraynaya əsas məsələnin həllindən ötrü qayıtdım: hazırda ölkədə mövcud olan siyasi böhrandan necə çıxmalı”, - deyə o bildirib. O, Çernovtsıda deyib ki, sentyabrın 19-da Kiyevə getməmişdən öncə digər şəhərlərə də dəstək toplamaq məqsədiylə baş çəkəcək. O, paytaxtın "təcili xilas edilməli olduğunu” vurğulayıb. Ukrayna siyasətinə yenidən qoşulmağa və Kiyevdə müxalifəti birləşdirməyə ümid edir. "Demək istəyirəm ki, bu, savaşımın başlanğıcıdır”, - Saakaşvilisöyləyib. "Mən korrupsiyaya, oliqarxların Ukraynaya faktiki nəzarət etməsinə, Maydana xəyanətə qarşı vuruşuram. Ölkəmizdə demokratiya olmalıdır, oliqarxların diktəsi işləməməlidir”, - deyə əlavə edib. Saakaşvili iddia edib ki, BMT-nin qaçqınlar üzrə agentliyi – UNHCR onu "dövlətsiz” kimi tanıyıb və Ukrayna məhkəməsinə vətəndaşlığının alınması barədə müraciət edəcək. O, Ukrayna vətəndaşlığının vaxtilə müttəfiqi olan Ukrayna prezidenti Petro Poroşenko tərəfindən alındığını deyib, çünki fikrincə, Poroşenko ona təhlükə kimi baxır. Ancaq onu da bildirib ki, özü üçün prezidentlik deyil, bu posta yeni, gənc siyasətçinin gətirilməsini istəyir.
Çıxışın videosunuUkraynanın TSN televiziyası Facebook səhifəsində yerləşdirib. Vətəndaşlığı ləğv edilən Saakaşvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib. İki gün sonra Lvov rəsmiləri Saakaşviliyə rəsmi bildiriş veriblər, onun sərhədi qanunsuz keçdiyi, bir neçə sərhədçinin insident zamanı xəsarət aldığı bildirilir. Yerli medianın yazdığına görə, o, sentyabrın 18-də insidentlə bağlı məhkəmədə olmalıdır.
Gürcüstan hökuməti Saakaşvilinin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur. Özü isə ittihamları rədd edir, deyir ki, Gürcüstanın ekstradisiya xahişi onun Ukraynada olmasından qorxan oliqarxların adından verilib.
Öz növbəsində Ukraynanın baş naziri Volodimir Qroysman Facebook səhifəsində bu insidenti Ukrayna dövlətçiliyinə hücum adlandırıb. Ukraynanın daxili işlər naziri Arsen Avakov Saakaşvilinin sərhədi keçməsini "ölkənin əsas institutlarına hücum” adlandırıb. Poroşenkoisə deyib ki, Saakaşvili Ukrayna vətəndaşlığının alınmasıyla bağlı qərarla razılaşmırsa, onu məhkəmə müstəvisində həll etməlidir.
Xatırladaq ki, Saakaşvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru kimi işləməyə başlayıb. Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.
Bir faktı da qeyd edək ki, Saakaşvili sərhədi keçəndə keçmiş baş nazir, Ukraynanın ən böyük müxalifət partiyalarından birinin lideri olanYuliya Timoşenkoona qoşulub. O, hazırda rəy sorğularında Poroşenkodan öndə gedir. İslahatçı deputat, Maydan etirazlarının liderlərindən biri olmuş, parlamentdə Poroşenkonun fraksiyasının üzvü Mustafa Nayyem də Saakaşvili ilə birlikdə gəzib və Kiyev hakimiyyətini opponentlərini susdurmaq cəhdində ittiham edib. "Biz Maydanda qalanda istədiyimiz ölkə bu deyildi. Biz opponentlərin, o cümlədən siyasi opponentlərin istədiklərini dilə gətirdikləri bir ölkə istəyirdik”, - Nayyem deyib.
Beləliklə, proseslər çox maraqlı bir məcraya yönələ bilər. M.Saakaşvilinin Qərbdən açıq dəstək aldığını görən Poroşenko hökuməti baş verənlərin qarşısında aciz bir duruma düşüb. Qərblə münasibətləri prioritet hesab etdiyindən, hər hansı bir sərt addım atmaqdan çəkinir. Zaman isə hazırda Saakaşvilinin xeyrinə işləyir.
Kamran
banner

Oxşar Xəbərlər