• çərşənbə axşamı, 19 mart, 08:31
  • Baku Bakı 8°C

Saakaşvili Ukraynada vəziyyəti dəyişə biləcəkmi?

26.09.17 09:30 900
Saakaşvili Ukraynada vəziyyəti dəyişə biləcəkmi?
Sabiq Odessa qubernatoru Mixail Saakaşvili hazırda Ukraynada, Qərbdə və postsovet məkanında ən çox müzakirə olunan bir fiqura çevrilib. Gürcüstanın sabiq prezidentinin gələcəyi ilə bağlı ən müxtəlif ehtimallar səslənir. Bura onun Qərbin layihəsi olmasından tutmuş, Ukraynanı parçala biləcəyi barədə hər cür fikir və ssenarilər daxildir. Nüfuzlu "The Spectattor” nəşri yazır ki, vaxtilə Gürcüstan prezidenti postunu tutan Mixail Saakaşvili hakimiyyətə dönməkdə qətiyyətli görünür. "Lakin ölkəsinə yox, Ukraynaya. Dahi və ziddiyyətli şəxs kimi tanınan eks-prezidentin tərəfdarları əsas etibarilə təhsillilər və gənc gürcülərdir. Ukraynalılar isə onun timsalında düşüncəli, neopotizmin (qohumbazlıq) istənilən şəbəkəsini dağıtmağa qadir qorxmaz lider görürlər. Saakaşvili onun tərəfindən işdən qovulan yüz minlərlə məmur, o cümlədən skeptiklərin gözündə qüsurlu, 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsinə gətirib çıxaran hərəkətlərə yol verən bir avantüristdir. Həmçinin, Saakaşvilini özünü reklam etməyi xoşlayan biri kimi qələmə verirlər”, - deyə məqalədə vurğulanıb.
Müəllif daha sonra yazır ki, Saakaşvili ilə 2008-ci il hərbi əməliyyatları zamanı tanış olub. "O zaman onun işi ancaq qırmızı şərab içməkdən ibarət idi. Daha sonra isə prezidentlikdən sonra Nyu-Yorkda onunla bir müddət bir yerdə oldum. Saakaşvilidə özünə güclü bir inam hissi var. Bu da onu müasir dövrün inamverici və hələ təkmilləşməmiş siyasi xadimi edir. Saakaşvili 2013-cü ildə öz postundan gedib, onun bir vaxtlar populyar olan partiyası isə az keçməmiş seçkilərdə uğursuz nəticə əldə edib. Onun yerinə gələn rejim isə Saakaşviliyə qarşı korrupsiya və xidməti vəzifəsindən sui-istifadə ittihamı irəli sürərək, onu vətəndaşlıqdan məhrum etdi. Lakin onun siyasi karyerası 2015-ci ildə yenidən şans əldə etdi. Həmin tarixdə Ukrayna prezidenti Petro Poroşenko onu Odessa qubernatoru təyin etdi. Ukrayna dünyanın ən korrupsiyalaşmış rejimlərindən biridir - Odessa isə ən biabırçı vəziyyətdə olan region kimi tanınır. Saakaşvili isə qısa zaman kəsiyində onların öhdəsindən gəldi. Gürcüstanda islahatlara rüşvətxor yol polislərindən başlayan Saakaşvili zabitlər istisna olmaqla hamını işdən qovdu. Poti limanını da korrupsiyadan təmizlədi. O zaman prezident kürsüsündə əyləşən Saakaşvili hesab edirdi ki, bu taktika Odessada da işləyəcək. Mafiyanın idarə etdiyi limanın direktoru vəzifəsinə 27 yaşlı siyasi fəal Yuliya Maruşevskiyanı, polis rəisi vəzifəsinə isə yaxın tərəfdarı Georgi Lortkipanidzeni təyin etdi. Başlatdığı islahatlara xarici müşavirlər, o cümlədən London polisindən və Avropa İttifaqından da mütəxəssislər cəlb etdi. Bəziləri artıq proqnoz edirdilər ki, Odessa yaxın vaxtlarda Şərqi Avropanın ən varlı şəhərlərindən birinə çevriləcək. Lakin bu, baş vermədi.
2016-cı ilin noyabrında Saakaşvili və Lortkipanizde öz postlarını tərk etdilər. Saakaşvili Odessada kriminal sindikatların məhv edilməsi ilə bağlı səylərinin qarşısınınprezident Poroşenko tərəfindən alındığını açıq şəkildə bəyan etdi. Reytinq problemi ilə üzləşən, Rusiya ilə müharibə vəziyyətində olan Poroşenko seçim qarşısında qaldı. Bir tərəfdə siyasi asılılıqda olduğu kriminal ünsürlərin qəzəbi, digər tərəfdə isə Saakakvilinin müxtəlif qurumlarda islahatlar aparmaq istəyi var idi. Sonda o, birincilərə üstünlük verdi. Bir müddət sonra isə Saakaşvilini Ukrayna vətəndaşlığından da məhrum etdi. O zamandan etibarən də Saakaşvilin vətəndaşlığı yoxdur”, - deyə qəzet yazır. Müəllif yazır ki, eks-prezidentin çox asanlıqla siyasi sığınacaq üçün müraciət etmək şansı olsa da, o, bundan imtina etdi, Ukrayna siyasətinə dönməyə üstünlük verdi. "Poroşenko bütün qüvvələrini mobilləşdirib onun qarşısını almağa cəhd göstərsə də, səyləri nəticəsiz qaldı. Sabiq qubernator ölkəyə qayıda bildi. Açıqlamalarında da bəyan edir ki, vətəndaşlığının ləğvi qanunsuzdur və məhkəmədə hüquqlarını müdafiə edəcək. Lakin onun çox güclü şəkildə risk etdiyi də bəllidir. Belə ki, gürcü tərəfi onun ekstradisiyasını tələb edir. Düzdür, Ukraynanın baş prokuroru Saakaşvilini qanunsuz olaraq sərhədi keçdiyinə görə məsuliyyətə cəlb edilmədiyini bildirsə də, onun azadlığı məsələsi hazırda yerli hakimiyyətin əlindədir. Poroşenko Saakaşvilidən əzabkeş, özündən isə beynəlxalq yetim obrazı yaratmaq istəyir. O, ümidsiz şəkildə gözünü Qərbin və Beynəlxalq Valyuta Fondunun dəstəyinə dikib. Lakin Qərbin sevimlisi olan Saakaşvili Poroşenkonun ümidlərini heçə endirir. ABŞ-ın da ona dəstəyi hava-su kimi gərəkdir. İyul ayında Poroşenko Rusiyaya qarşı təzyiqləri gücləndirmək və özünə dəstək qazanmaq üçün Vaşinqtona səfər etdi. Bundan əlavə, ABŞ prezidenti Donald Trampdan Ukraynaya silah verilməsini xahiş etdi”, - deyə müəllif yazır.
Sonda müəllif belə bit sualla çıxış edir. "Ən mürəkkəb məsələ odur ki, Saakaşvili parlaq və aqressiv manerası sayəsində özünün səlib yürüşündə uğur qazana və Ukraynanı mafioz dövlətdən, çiçəklənən və rifah halı yüksək olacaq bir Avropa ölkəsinə çevirə biləcəkmi? İyun ayında siyasi partiya təsis edən Saakaşvili əsas deviz olaraq korrupsiya ilə mübarizəni seçib. Bu yaxınlarda isə gələcək seçkilərdə Poroşenkoya qarşı çıxacağını bəyan edib. Hazırda stol üzərində çox şey qoyulub – Saakaşvilinin azadlığı və siyasi karyerası. Qərbin keçmiş Sovet İttifaqına, o cümlədən Rusiyaya qarşı xarici siyasətinin bütün vektoru hərtərəfli islahatların aparılmasıdır. Ukraynada iki (2004 "narıncı” və 2014 Maydan) və Gürcüstanda bir (2004-cü il Qızılgül inqilabı) inqilab Moskvanın dəstəklədiyi rejimlərin məğlubiyyəti ilə nəticələnib. Hər üç inqilabdan gözləntilər Rusiyanın müdaxiləsi ilə özünü doğrultmadı və çox biabırçı şəkildə məhv oldu”, - deyə müəllif yazıb.
Bütün bunlardan çıxış edərək söyləmək olar ki, Ukraynanı Saakaşvilinin timsalında çox ciddi sınaqlar gözləyir. Bu dəfə kimin bu mübarizədən qalib çıxacağını isə zaman göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər