• cümə, 29 Mart, 00:18
  • Baku Bakı 7°C

Saakaşvili kilsə ilə eyni cəbhədə?

18.09.18 21:19 503
Saakaşvili kilsə ilə eyni cəbhədə?
Gürcüstanda prezident seçkiləri ilə bağlı gərginlik güclənir. Müxalifətlə iqtidar namizədləri arasında mübarizədə qarşılıqlı ittihamlar pik həddə çatıb. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hər vəchlə hakimiyyətin dəstək verdiyi namizəd Salome Zurabişviliy’ qarşı çıxır. O bildirib ki, bu xanım, prezidentliyə namizədlikdən imtina etməlidir. Onun sözlərinə görə, Salome Zurabişvili 2008-ci ilin avqust müharibəsiz zamanı səsləndirdiyi fikirlərə görə üzr istəməlidir. "Gürcüstanda "marixuana kraliçası” kimi ad çıxaran bu xanım bir neçə dəfə bəyan edib ki, satqın deyil. O zaman, qoy səsləndirdiyi fikirlərə görə üzr istəsin”, - deyə eks-prezident bildirib. 2008-ci ildə Zurabişvili bildirmişdi ki, hakimiyyət gürcü əhalinin yaşadığı ərazini qəsdən bombalayıb, bundan sonra biz necə ərazi bütövlüyünü tələb edə bilərik?
Maraqlıdır ki, Gürcüstan kilsəsi də Zurabişviliyə qarşı çıxır. Kilsənin belə addım atmasına səbəb Zurabişvilinin ölkədə marixuana istehsalı və satışını dəstəkləməsi olub. Kilsə narkotik istehsalı və satışını ölkə gəncliyi üçün bəla adlandırır. "Əminəm ki, Tanrı gürcü xalqının yanlış seçim etməsinə imkan verməyəcək”. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Çkondid Yeparxiyasının rəhbəri mitropolit Pyotr Çaava deyib. O, gürcüləri prezident seçkisində hökumətin dəstəklədiyi namizəd Salome Zurabişviliyə səs verməməyə çağırıb. Çaava həmçinin Zurabişvilinin "2008-ci ilin avqustunda Gürcüstan hökumətinin öz əhalisini bombardman etməsi” iddialarına da münasibət bildirib: "Bu bəyanat Kremlin ritorikasına bənzəyir. Gürcü xalqı heç vaxt fəth müharibələri aparmayıb. Bütün döyüşlərimizin hamısı Gürcüstan ərazisində olub. Gürcüstan ərazisində Gürcüstanın müharibə başlatmasını söyləmək böyük şərdir”. Qeyd edək ki, Zurabişvili prezidentliyə müstəqil namizəddir. Onun namizədliyini bir müddət öncə "Gürcü Arzusu” Partiyası dəstəkləyib. Çox güman ki, oktyabrın 28-də keçiriləcək prezident seçkilərində məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq. Təhlilçilərin fikrincə, Zurabişvili hakim partiyanın dəstəyini alan namizəd kimi prezident postu uğrunda mübarizənin favoritidir. Zurabişvili, hakim partiyanın onun namizədliyini dəstəkləməsi barədə qərarını demokratik və ölkə üçün doğru qərar adlandırıb. Salome Zurabişvilinin namizədliyi həm də ona görə nadir hadisədir ki, müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq hakim partiya (hazırda hakim partiyanı "Gürcüstan arzusu - Demokratik Gürcüstan" təmsil edir) prezidentliyə öz namizədini irəli sürmür, müstəqil namizədi dəstəkləyir. Partiyada bunu Gürcüstanda maksimum plüralizmin təmin edilməsi üçün etdiklərini söyləyirlər. Bu prezident seçkisi Gürcüstanda keçiriləcək sonuncu ümummilli prezident seçkisidir. 2024-cü ildən etibarən prezidenti artıq 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək. Yeni seçilən prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək yeni konstitusiya hökumətin birdəfəlik parlament modelinə keçidini nəzərdə tutur. Beləliklə, yeni konstitusiyaya görə, prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. Lakin buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasına rekord sayda namizəd - 46 nəfər müraciət edib. "Güc birlikdədir” müxalifət hərəkatına daxil olan "Vahid Milli Hərəkat” keçmiş xarici işlər naziri Qriqol Vaşadzenin namizədliyini irəli sürüb. "Vahid Milli Hərəkat”ın tərkibindən ayrılan "Avropa Gürcüstanı”nın namizədi isə David Bakradze olub. "Burdan belə nəticəyə gəlmək olar ki real alternativ yalnız "Vahid Milli Hərəkat”dır. Hakim partiya onların namizədinin qələbə qazanmasına yol verə bilməz, çünki bu, artıq 2020-ci il parlament seçkilərini sual altında qoya bilər və beləliklə, uzun və ağır siyasi proses başlayar. Bundan başqa, Saakaşvili bütün işlərinə görə əfv oluna bilər və onun Gürcüstana qayıtması təmin edilə bilər. Əgər Saakaşvili sərbəst buraxılsa, hər şey gözləmək mümkündür”, - deyə politoloq Giya Xuxaşvili deyir. Lakin o qeyd edir ki, bu gün müxalifət kimi güclü siyasi elita da dərin böhran içindədir. Onun sözlərinə görə, gürcü seçici kimsəyə inanmır. Çoxları səsini ideya və proqramlara görə vermir. Onlar öz səsini düzəldilən yola, çəkilən qaza və məşğulluğa görə verməyə hazırdır. "Burdan belə bir nəticəyə gəlmək olar ki hakimiyyətin seçiciləri "satın almaq” resursları daha çoxdur. Əlbəttə ki, onların namizədi həlledici üstünlüyə sahibdir ", - o deyir. Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyasi mühacir ailəsində doğulan Salome, 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı, fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyə keçib.
Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas xidmətlərindən biri danışıq prosesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir. Təhlilçilərin fikrincə, baxmayaraq ki, Zurabişvili "Gürcü Arzusu” liderlərinin sıralarında deyil, onu tamamilə müstəqil namizəd adlandırmaq çətindir. "Zurabişvili son illər ərzində sübut edib ki, o, "Gürcü Arzusu” partiyasının ən aqressiv fəallarından biridir və hakim partiyanın bu seçkilərdə öz namizədinin olmaması barədə iddia yoxdur, bu inandırıcı deyil”, - deyə Giya Xuxaşvili belə hesab edir. "Gürcü Arzusu” Partiyası ilə fəal əməkdaşlıq etməyinə baxmayaraq, Zurabişvili çətin ki hər şeydə Bidzina İvanaşvilinin partiyası ilə razılaşsın. Gürcüstan Siyasət İnstitutunun direktoru Korneliy Kakaçiya belə hesab edir ki, hakim partiyanın daxilində Zurabişvilinin dəstəklənməsi ilə bağlı tam razılıq olmayıb. "Lakin həlledici söz bu dəfə partiyanın sədri Bidzina İvanişvilidə olub”, - deyə Kakaçiya belə düşünür. O, qeyd edib ki, Gürcüstanda prezident postu böyük təsirə malik olmasa da, həm müxalifət həm də hakim partiya üçün bu seçkilər 2020-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl hazırlıq məşqidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər