Saakaşvili istefaya göndərilir

Saakaşvili istefaya göndərilir

Siyasət
13 Noyabr 2012, 09:11 1366
Gürcüstanda oktyabrda keçirilən parlament seçkilərində qalib gələn Bidzina İvanişvili hökuməti ilə prezident Mixail Saakaşvili arasında gərginlik pik nöqtəyə yüksəlib. Bəlli olduğu kimi, əvvəlcə Saakaşvili hökumətində təmsil olunanlara qarşı həbslər həyata keçirildi. Sonra isə Sakaşvilinin özünə qarşı təzyiqlər edilməyə başladı.

Bu dəfə isə prezident Mixail Saakaşvilinin vaxtından əvvəl istefaya çıxması tələbi ilə imzatoplama kampaniyasına başlanılıb. Belə bir təşəbbüslə “İnsan haqları üzrə həmrəylik” Qeyri-Hökumət Təşkilatı çıxış edib. Artıq bu təşəbbüsə elm və mədəniyyət xadimləri də qoşulub. Təşkilatın rəhbəri bu kampaniyanın bütün ölkə üzrə aparılacağını bildirib.

Öz növbəsində Praqada NATO-nun Parlament Assambleyasında iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanda parlament seçkilərindən sonra yüksək rütbəli ordu və polis rəhbərlərinin həbsi ilə bağlı deyib ki, “Bizim üçün əsas sınaq qanunun aliliyinə riayət etməkdir. Bizim əlbəttə ki bir çox narahatlığımız var. Və biz bunun qabağını da ala bilərik. Ancaq fikrimcə, NATO-nun baş katibi Rasmussenin həbslərdən dərin narahatlıq ifadə etməsi hələlik kifayətdir”. Qeyd edək ki, NATO-nun baş katibi Rasmussen Gürcüstanda parlament seçkilərindən sonra baş verən həbslərdən dərin narahat olduğunu deyib. O bunu Praqada NATO parlament Assambleyasının toplantısında deyib.

«Gürcüstan hökumətinin keçmiş vəzifəli şəxsləri ailə üzvləri ilə birlikdə sürətlə ölkəni tərk etməyə can atırlar». Bu sözləri isə xarici işlər naziri Mayya Pandjikidze bildirib. «Kviris palitra» qəzetinə müsahibəsində nazir bildirib ki, müxtəlif səfirliklərin qarşısında növbələr yaranıb: “Bu şəxslər ailə üzvləri və özlərinin həyatı üçün fiziki təhlükədən danışırlar. Heç bir cinayət törətməyənlərə qarşı təhlükə yoxdur. Kimsə qanunu pozubsa, viza onu xilas etməyəcək”.

Kamran