• şənbə, 20 Aprel, 03:51
  • Baku Bakı 15°C

Saakaşvili gəncləri aksiyalara səslədi

17.09.13 08:58 1169
Saakaşvili gəncləri aksiyalara səslədi
Gürcüstanda baş nazirlə prezident arasında qarşıdurma yenidən qızışıb. Bu dəfə prezident Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilini Avrasiya Birliyi və Gömrük İttifaqı ilə bağlı söylədiyi fikirlərə görə tənqid edib. Tələbələrlə görüşündə prezident gəncləri ölkəsinin qərbyönümlü siyasi xəttini müdafiə etməyə çağıraraq Avrasiya Birliyi ideyasına qarşı çıxmağa çağırıb. Onun sözlərinə görə, bununla Gürcüstanı mümkün fəlakətdən və korrupsiyadan qorumaq mümkün olar. O əlavə edib ki, bu ideya Rusiya prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan birləşmə çağırışları üçün xarakterikdir. Dövlət başçısı etiraf edib ki, Avrasiya Birliyi mövzusuna qayıtmasının səbəbkarı baş nazir Bidzina İvanişvilidir. Belə ki, baş nazirin açıqlamaları ona Gürcüstanın xarici siyasət orientasiyası ilə bağlı çıxışlar etməsinə səbəb olub. Saakaşvili baş nazirin Avrasiya Birliyi ilə bağlı inteqrasiya bəyanatından təəssüfləndiyini bildirib. Prezident vurğulayıb ki, son vaxtlara qədər ölkənin Avrasiya Birliyinə üzvlüyü məsələsi həllini tapmış kimi görünürdü: “Lakin baş nazir birdən qəfil bildirir ki, bu məsələ onun gündəmindədir”. Avrasiya Birliyini özündə nəyi birləşdirdiyi ilə bağlı sual verən Saakaşvili özü də bunun cavabını verib: “Bu hakimiyyətin məsuliyyətsizliyidir, opponentlərin həbsi, azlıqların sıxışdırılması və hər tərəfi bürüyən korrupsiya”. Bununla yanaşı prezident bildirib ki, İvanişvilinin hakimiyyəti altında Gürcüstan artıq Avrasiya Birliyinə çevrilməkdədir: “Yollarda hər yerdə rüşvətxorluq baş qaldırmağa başlayıb, küçələrdə isə kriminal qarşıdurmalar yaşanır”.
Mixail Saakaşvili daha sonra Avrasiya Birliyinin məngənələrini sadalayıb: “Avrasiya - məngənələr, kart sistemi, qohumbazlıq, oliqarxik iqtisadiyyat, küçələrdə zibillərin yığılıb qalması deməkdir. Ora üzv ölkələrin hamısı bu kriteriyalara uyğun gəlir” - deyən prezident istisna etmir ki, Rusiya prezidenti Gürcüstanı asanlıqla Avrasiya Birliyinə üzv qəbul edə bilər. Gürcüstan prezident sonra açıq şəkildə Avrasiya Birliyinə qoşulmağa hazırlaşan dövlətlərin rəhbərlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb: “Sən nə qədər rəzil olsan, bir o qədər ora üzv qəbul olmaq şansın artar. Ən əsası odur ki, korrupsiya üzrə müəyyən səviyyəyə çatasan”. Gürcüstan prezidenti gəncləri baş nazir Bidzina İvanişviliyə qarşı səyləri aktivləşdirməyə çağırıb: “Bu təzyiq yolu ilə onu Avrasiya Birliyinə üzv qəbul olunması səylərinin qarşısını almaq olar. Qoy o bizi Avrasiya zibilliyinə, zir-zibilnən dolu quyuya çəkib apara bilməsin. Onun bizi ümidsizliyə çəkib aparmasına imkan verilməməlidir». Saakaşvili ümidvardır ki, Avrasiya Birliyinə qarşı tələbə və gənclərin aksiyası start götürəcək. Sonra isə deyib ki, Gürcüstan Avrasiya Birliyində deyil, Avropa Birliyində olacaq. Lakin o hesab edir ki, Avropa Birliyinə üzv olmaq üçün çoxlu işləmək gərəkdir. Avropa onun qənaətincə, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi, korrupsiyanın yoxluğu, merieokratiyanın idarəetməsi deməkdir: “Düzdür, buna çatmaq üçün gənclik öz səsini qaldırmalıdır”.
Bütün bunlara baş nazirin reaksiyası özünü çox gözlətməyib. Rusiyayönümlü açıqlamalarını davam etdirən baş nazir bildirib ki, Rusiya bazarı əhəmiyyətlidir: “Tək Gürcüstan üçün deyil, bütün Avropa üçün bu lazımdır. Hamı ora düşmək istəyir”. Latviyada səfərdə olan baş nazir bildirib ki, Latviyanın da Rusiya ilə pis münasibətləri var idi: “Lakin onlar münasibətləri yoluna qoymağa müvəffəq oldular. Gürcüstan yeganə ölkə oldu ki, Rusiya tam şəkildə mübahisə etmiş oldu. Yalnız Saakaşvili bunu edə bilərdi. Münasibətləri soyuq müharibə həddinə gətirmiş oldu. Ümumiyyətlə, iqtisadiyyatda işlər bərpa etmək başlıca məsələdir. Əgər Saakaşvili özünü ağıllı aparsa idi, Rusiya qoşunlarını Gürcüstana yeritməzdi. Hadisələr necə başladı - bəlli olmayan quldur qruplaşmaları üç gün ərzində gürcü kəndlərini atəşə tutdular. Bundan sonra da hər şey başladı”. Müharibənin başlanmasında Putin və yaxud Saakaşvilinin daha çox məsuliyyət daşıdığı barədə sualın cavabında İvanişvili bildirib ki, müqayisə aparmaq istəmir: “Əlbətdə Rusiya günahkardır. Gürcüstan suveren ölkədir. Buna heç bir bəraət verilə bilməz. Lakin ölkəni ağılla, diplomatik emosiyalarsız idarə etmək olmaz. Saakaşvili çox kobud səhvlər buraxdı. Gürcüstan Rusiya ordusunu saxlaya bilər?” Baş nazir hesab edir ki, Abxaziya və Cənubi Osetiya problemini həll etmək olar. Lakin əlavə edib ki, bu çox mürəkkəb məsələdir və tez həll etmək olmur. Avrasiya Birliyinə üzvlük məsələsinə növbəti dəfə toxunan baş nazir bildirib ki, bununla bağlı onun bəyanatını müxalifə şişirdib: “Bir daha bəyan edirəm, Gürcüstanın yolu avroatlantik strukturlara inteqrasiyadır. Əvvəl bizim pullar hara gedirdi. Prezident özünə üç yeni vertolyot alıb. Əvvəl də iki var idi. Bu 80 milyon avroya başa gəldi. Hökumət üzvləri üçün bağ evləri üçün, baş nazir üçün yeni ev tikilirdi. Prezidentin əyləncələrinə bütün ölkə işləyirdi. Üç min mühafizəçi olan prezidentin altı iqamətgahı var idi. Nəhayət ki, ölkədə ədalət bərqərar oldu. Heç kim heç kimi əzmir, həbs etmir, öldürmür. Üstü açılmayan qətllərin sayı həddən artıq çoxdur. Ölkə indi-indi azadlığı hiss edir”. Baş nazir onu da deyib ki, Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Birlik” bir daha hakimiyyətə qayıda bilməyəcək. Onun sözlərinə görə, əvvəlki hakimiyyət insan haqlarını pozub, Avropa və ABŞ-da isə bu, demokratiyanın nailiyyəti hesab edilirdi: “Axar vaxtlar isə o qədər ağını çıxarmışdılar ki, deyirdilər ki, demokratiya bizdə Avropadan da yaxşıdır”. O bildirib ki, yeni hökumət gələn kimi həbsxanada olan məhbusların 70 faizi azadlığa buraxılıb: “İnsanları qorxutmaq üçün həbsxanaya salırdılar. Siyasi məhbusların sayı çox idi. 300 min insan isə şərti cəza almışdılar. Çünki, həbsxana yer yox idi. Ölkə daxilində əhali təzyiq altında idi. Avropada isə lobbist təşkilatlarına büdcədən milyonlarla dollar xərcləyirdilər. Son üç ildə 509 milyon Avropadan çox vəsait sərf edilib”. Baş nazir əmindir ki, nə qədər ki, Gürcüstan var, “Milli birlik” hakimiyyətə dönə bilməyəcək: “Bu partiya artıq əvvəlki tək populyarlıq qazana bilməyəcək. Əhali ondan narazıdır. Oktyabr seçkilərində onun namizədi 10 faizə yaxın səs toplayacaq. Əgər parlamentə seçkilər keçirilsə, onlar hətta ora düşə belə bilməyəcəklər”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər