• cümə axşamı, 18 aprel, 21:58
  • Baku Bakı 21°C

“Ş8” formatında sammit

13.06.17 10:00 1156
“Ş8” formatında sammit
Ötən həftə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti bir sıra mühüm qərarların qəbulu ilə yadda qalıb. Ən önəmlisi isə odur ki, təşkilata yeni üzvlər - Hindistan və Pakistan qəbul edilib. Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, münaqişə vəziyyətində olan bu iki dövlətin təşkilata inteqrasiyası elə də asan məsələ olmayacaq. Lakin ümidvardır ki, təşkilatın genişlənməsi regiondakı təhlükələrə qarşı effektiv mübarizə aparmağa imkan verəcək. Onların sırasında isə ən ciddisi Əfqanıstandakı durumu göstərib. O, əlavə edib ki, Hindistan və Pakistan ŞƏT-ə üzv olmaq üçün 30-a dək normativ sənəd və normativlərə imza atıb. V.Putin üstüörtülü şəkildə digər ölkələrin də quruma üzv ola biləcəyini bildirib. Sammit ərəfəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva yeni üzvlərin, ilk növbədə İranın quruma üzvlüyünün tərəfdarıdır. O ki qaldı Türkiyəyə, onun məsələsi açıq qalır.
Onu da qeyd edək ki, Rusiya prezidenti dünya birliyinə, xüsusən də Birləşmiş Ştatlara müəyyən mesajlar da ünvanlayıb. "ABŞ və NATO 15 ildir ki, taliblərə qarşı mübarizə aparır. Lakin ölkədə hərbi və daxili siyasi vəziyyət deqradasiyaya uğramaqdadır”, - deyə V.Putin bildirib. Ardınca da xatırladıb ki, ABŞ hazırda NATO üzrə bütün müttəfiqlərini, ilk növbədə avropalıları Əfqanıstanda aktiv iştirakı bərpa etməyə çağırır. Əlavə edib ki, heç də bütün Alyans üzvləri bu prosesə cəlb olunmaq istəmir. Rusiya prezidenti həmçinin təklif edib ki, 2009-cu ildə fəaliyyəti dayandırılan "Şanxay Əməkdaşlıq Təşkilatı-Əfqanıstan” kontakt qrupu bərpa edilsin. O, hesab edib ki, ŞƏT Kabulda hökumətlə müxalifətçi qrup arasında dialoqun qurulmasına yardımçı ola bilər. "İŞİD üzvləri Rusiyanın cənub bölgələrində və Mərkəzi Asiyada sabitliyi pozmaq üçün yeni planlar hazırlayır. Əfqanıstandan gələn terrorçuların öz əməllərini ölkəmizdə yaymaq cəhdlərinə görə narahatıq. İŞİD qüvvələri ŞƏT ölkələrində də fəaliyyət göstərir. Sankt-Peterburqda təşkil olunan hücumla bağlı istintaq bu reallığı üzə çıxardı”, - deyə V. Putin vurğulayıb. O, əlavə edib ki, ABŞ-dakı daxili siyasi situasiya qlobal problemlərin həllinə imkan vermir: "Biz Suriyada və Yaxın Şərqdə baş verənləri görürük. Demək lazımdır ki, ABŞ-dakı daxili vəziyyət beynəlxalq formatın işinin konstruktiv səviyyəyə çıxmasına imkan vermir”. O bildirib ki, terrorizmlə yalnız bütün ölkələrin birləşməsi yolu ilə bacarmaq olar. O, bu mübarizənin kompleks xarakter daşımalı olduğunu bildirib.
Yeri gəlmişkən, sammitdə 11 sənəd imzalanıb. Onların arasında ŞƏT üzvü olan dövlətlərin liderlərinin Astana bəyannaməsi, ekstremizmə və beynəlxalq terrorizmə qarşı birgə mübarizə və s. var. Bundan əlavə, Astana bəyannaməsində qeyd edilir ki, üzv dövlətlər Çinin müəllifi olduğu "Bir dəhliz-bir yol” layihəsini dəstəkləyirlər. Lakin məsələ ondadır ki, Hindistan bununla bağlı tədbiri boykot etdib və açıq şəkildə bəyan edib ki, Çinin təşəbbüsünü "kolonial müəssisə” hesab edir.
ŞƏT-in baş katibi Rəşid Alimov təşkilata yeni üzvlərin qəbulunu tarixi hadisə adlandırıb və əlavə edib ki, ŞƏT Avrasiyada mərkəzi və bağlayıcı struktura çevrilir.
Təşkilatın növbəti sədri Çin olub.
Qeyd edək ki, prezidentlərin görüşündən öncə hərbi idarələrin rəhbərləri görüşüb. Çin və Rusiya müdafiə nazirlərinin görüşündə tərəflər 2017-2020-ci illər üçün hərbi sahəni əhatə edən "yol xəritəsi”nə imza atıblar.
Yeri gəlmişkən, Çin Xalq Respublikasının sədri Si Szinpin "Çin-Qazaxıstan münasibətləri arzu qanadlarında pərvazlanır” başlıqlı müəllif məqaləsində ŞƏT-in perspektivlərinə toxunub. O bildirib ki, ŞƏT ölkələri təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətə özəl önəm verirlər."Üç şər qüvvə – narkotiklər, mütəşəkkil transsərhəd cinayətkarlığı ilə mübarizədə əməkdaşlıq mexanizmi yaradılıb, müntəzəm şəkildə birgə antiterror təlimləri keçirilir, qaynar nöqtələrin tənzimlənməsi üçün fəal səylər göstərilir. Bu da bölgədə təhlükəsizlik və sabitliyi effektli şəkildə qorumaq imkan verib. ŞƏT-dəçoxtərəfli ticari-iqtisadi əməkdaşlıq Proqramı, 2025-ci ilədək inkişaf Strategiyasıkimi sənədlər imzalanıb və ciddi gerçəkləşdirilir, ticarət, yatırım, nəqliyyat və kommunikasiya, energetika, maliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq dayanıqlı irəliləyir, mədəniyyət, təhsil, gənclik, səhiyyə, elm və texnika, ətraf mühitin qorunması və idman sahələrində mübadilə durmadan dərinləşir. Şübhəsiz, bütün bunlar üzv dövlətlərin sosial-iqtisadi inkişafı üçün təkan rolunu oynayır, dostluq və əməkdaşlığa səbəb olur”. ŞXR lideri əlavə edib ki, "ŞƏT-in inkişafına Qazaxıstanın indiki sədrliyinin böyük töhfəsi olub. Onun sözlərinə görə, Qazaxıstan hazırda Üçüncü modernləşməyə yönəlməklə "Nurlı jol” yeni iqtisadi siyasəti, "Qazaxıstan-2050” strategiyası, həmçinin ictimai şüurun modernləşdirilməsini müntəzəm şəkildə irəlilədir.
Azər
banner

Oxşar Xəbərlər