• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

S-400-lər Akıncı bazasında yerləşdiriləcək

22.09.17 09:40 625
S-400-lər Akıncı bazasında yerləşdiriləcək
Rusiya ilə Türkiyə arasında S-400 raket sövdələşməsi deyəsən reallaşmaq üzrədir.
Türkiyənin "Yeni şafak” nəşri yazır ki, artıq sistemin Türkiyəyə çatdırılması prosesi sürətlənib. Danışıqlardan sonra bu sistemin Türkiyənin Akıncı bazasında yerləşdirilməsi qərara alınıb. Bununla əlaqədar bazada iki iri anqar və raket buraxılış meydançaları yaradılacaq, raket sistemlərinə xidmət də burada həyata keçiriləcək. S-400-lərin Ankara yaxınlığındakı Akıncı bazasına gələn il çatdırılması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, bu baza ötən ilin iyulunda FETÖ qiyamçılarının əsas bazası hesab edilirdi. Qiyam yatırıldıqdan sonra oradakı birləşmələr Merzifon və Əskişəhərə evakuasiya olundu. İndi isə məlumat verilir ki, seçimdə Akıncı bazası üzərində dayanılıb: "Səbəb də odur ki, ölkənin təhlükəsizliyi, onun hava hücumundan müdafiəsinə paytaxtdan başlanılır. Eyni zamanda bu baza əlverişli şəraitə - anqar, uzun uçuş-enmə zolağına, geniş əraziyə malikdir. Raket sistemlərinin Akıncı bazasına çatdırılması ərəfəsində burada gərgin işlərə başlanılıb”. Qəzet yazır ki, artıq Rusiyanın dövlət şirkəti bu sistemləri çatdırmaq üçün türk tərəfindən anqar və raket-buraxılış meydançası istəyib. Türkiyənin bütövlükdə iki batareya S-400 alacağı bildirilir. Hər iki batareya Akıncı bazasına gətiriləcək. Həmin sistemlərin adıçəkilən bazada yerləşdirilməsi ondan xəbər verir ki, onlar sülh dövründə burada saxlanılacaq. Bununla yanaşı, ekspertlər diqqəti Türkiyənin "Roketsan” şirkətinə yönəldirlər. Məhz bu şirkət Türkiyədə uzaq məsafəli hava hücumundan müdafiə sistemlərinin istehsalında iştirak etməlidir.
"Hərbi obyektlərin yerləşdirilməsi müxtəlif kriteriyalarla, ən vacibi nəqliyyat şəbəkəsi ilə müəyyən olunur. Bununla əlaqədar Akıncı bazası ön plana keçir. Bu baza İstanbulun cənubu ilə Ankaranı birləşdirən kəsikdə yerləşir. Bu baza Çinlə raket alınması sahəsində aparılan danışıqlarda da uzaq mənzilli raketlərin yerləşdirilməsi üçün əsas yer kimi nəzərdən keçirilirdi. Həmin illərdə baza seçilmədi, çünki orada 141 və 142-ci bazalar yerləşirdi”, - deyə qəzet yazır. Baş nazirin müavini Bəkir Bozdağın sözlərinə görə, Rusiya ilə S-400 barədə razılaşma imzalandıqdan sonra bu sistemlər ölkə ərazisinə gətiriləcək. Bu raketlər əldə olunduqdan sonra isə texnologiyalar da Türkiyə tərəfinə təhvil veriləcək. "Türk mühəndis və alimlərinin bu cür raket istehsal etmək imkanları və qabiliyyətləri inkişaf etdiriləcək”, - deyə baş nazirin müavini bildirib. "Biz özümüzün hava hücumundan müdafiə sistemimizi yaratmalıyıq. İndi özümüzün hava hücumundan müdafiəmizi başqalarından aldığımız "Patriot” sistemi ilə həyata keçirə bilirik. Əgər sabah onlar olmasa, nə edəcəyik? Dövlətin təhlükəsizliyinə hədə varsa, biz buna müvafiq addımlar atmalıyıq”, - deyə B.Bozdağ bildirib.
Yeri gəlmişkən, bəlli olub ki, Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rәcәb Tayyib Ərdoğan sentyabrın 28-də şam yeməyində bir araya gələcəklər. Rusiya prezidenti ilə bazar ertəsi günü telefon əlaqəsi saxlayacaqlarını bildirən Әrdoğan: "Cümə axşamı şam yeməyi yeyəcəyik. Suriya məsələsini müzakirə edəcəyik” deyib. Dövlət başçısı görüşdə, həmçinin Türkiyənin Rusiyadan almağı planlaşdırdığı S-400 zenit-raket kompleksi məsələsini də müzakirə edəcəklərini vurğulayıb.
Bir faktı da qeyd edək ki, Türkiyənin bu cür sistemlər almasına NATO-dan özünəməxsus reaksiya gəlib. "Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-ya sadəcə sözləri ilə deyil, davranışları ilə də bağlıdır”, - deyə NATO-nun baş katibi Yens Stoltenberq AP-yə açıqlamasında deyib. O bildirib ki, Rusiyadan S-400 zenit-raket kompleksləri alan Türkiyə Fransa və İtaliyadan da bənzər sistemlər alınması üçün danışıqlar aparır: "Ötən gün Ərdoğanla görüş keçirdim. SAMP/T havadan müdafiə sistemlərinin alınması üçün danışıqlara start verdik. Bu görüşdən hansı nəticələrin çıxacağına baxmalıyıq. Ümid edirəm, qənaətbəxş nəticə əldə edəcəyik. Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşməsindən dolayı açar ölkədir”.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti bildirmişdi ki, Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib: "Suriyada S-400 varkən, mən S-400, S-500, hətta S-600-ə də sahib ola bilərəm. Bunlar özümüzü qorumaq üçün atılan addımlardır. Ballistik raketlərlə də bağlı görülən işlərimiz olacaq. 80 milyonluq Türkiyəni qorumaq bizim vəzifəmizdir. A-dan Z-yə nə lazımdırsa, onu da edəcəyik”, - dövlət başçısı bildirib.
Azər
banner

Oxşar Xəbərlər