“Rza Təhmasib dedi ki, bu oğlan teatra yaramayacaq” - Keçmişdəki mən
"Fiziki işdən heç vaxt xoşum gəlməyib. Amma
məktəbdə oxuyanda bunu deməyə utanırdım. Elə bilirdim ki, bu, məndə olan bir
qüsurdur və heç kimə deməməliyəm. Amma
Cek Londonun əsərlərini oxuyanda gördüm ki, o da belə imiş. O deyirdi ki, mən 50
saat oturub yazı yaza, danışa, oxuya bilərəm. Amma bir mismarı divara vura
bilmərəm. Başa düşdüm ki, bu, mənim qüsurum deyil, sadəcə olaraq fiziki işə
meylim yoxdur. Mən ancaq zehni işlə məşğul ola bilərəm”.
Bu sözləri bizimlə
söhbətində xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov söylədi. Bu dəfə rejissorun uşaqlıq və
gənclik illərinə qiyabi səfər etdik. Qeyd edim ki, A.Kazımov 1935-ci
ildə Ağcabədi rayonunun Ağcabədi kəndində anadan olub: "Ağcabədi rayonu iki
yerə bölünürdü və ortadan bir kanal axırdı. Rayonun bir tərəfi Xəlfərəddin, o
biri tərəfi isə Ağcabədi adlanırdı. O dövrdə bütün mədəni obyektlər, klublar,
kinolar Ağcabədi tərəfdə yerləşirdi. Mən də qismətdən məhz o tərəfdə
doğulmuşdum. Ailədə 7 qardaş 4 bacı idik. Onların içərisində elmə, kinoya,
teatra maraq təkcə məndə var idi. Bu da mənə anamdan keçmişdi. Anamın yaxşı
təqlid qabiliyyəti var idi. Bir dəfə məktəbdə oxuyanda müəllimimiz bizi çağırdı
ki, pambığa gedəcəksiniz. Hamı getsə də, mən imtina etdim. Səhəri gün müəllim
soruşdu ki, sən niyə dünən yox idin? Dedim ki mən pambığa getməyəcəm. Müəllim
mənə bir şillə vurdu, sıradan çıxıb birbaşa evə qayıtdım. Atama dedim ki, mən
bir də o məktəbə getməyəcəm, məni Xəlfərəddin məktəbinə yazdır. Yeni məktəbdə
dörd yaxın dostum var idi. İsi Məlikzadə mənim sinif yoldaşım idi”.
"Bu,
Ağakişinin xəttidir”
Müsahibimin kinematoqrafiyaya marağı məktəb
illərində yaranıb: "9-cu sinifdə oxuyanda bir gün eşitdik ki, bir nəfər klubda
dərnək açıb tamaşa hazırlayır. Mən gələndə artıq rollar da bölünüb paylanmışdı.
"Aydın” əsərində iki kəlməlik rol verildi. Sonradan bizi görənlər deyirdi ki,
siz Ağcabədi də inqilab etdiniz. Ağcabədi hara, teatr hara? Teatrı, kinonu o
qədər sevirdim ki, kinolarda işığı söndürüb-yandırmaq işini görürdüm. Bu işi
görərkən bir çox filmlərlə tanış oldum. Məhz o dövrdə məndə kinorejissor olmaq
sevgisi yarandı. Beləcə 10-cu sinfə keçəndə kinematoqrafiya institutuna rus
dilində məktub yazdım. Bir ay sonra müsbət cavab aldım. O gün sevincimdən
uçurdum. Həmin ərəfədə bizim dördlük Fadeyevin "Gənc qvardiyası” adlı filmindən
çox təsirlənmişdik. Biz yamanlığa, rüşvətxorluğa qarşı mübarizə aparmaq
istəyirdik. Bir gün İsi Məlikzadə dedi ki, gəl mən məktəbdə olanları yazım, sən
də vərəqə köçür. Beləcə bizi silkələyən məsələləri böyük hərflərlə yazıb gecə
məktəbin giriş qapısına yapışdırdıq. Səhər məktəbin qabağında çaxnaşma var idi.
Özümüzü elə aparırdıq ki, guya xəbərimiz yoxdur. Bir az keçməmiş direktor bizim
dördlüyün üzvlərini çağırıb soruşdu ki, mən bunu kimin yazdığını bilirəm. Bu,
Ağakişinin xəttidir. Bizi sinifdən sinfə keçirməyəcəyini, attestat verməyəcəyini
dedi. Hətta bizi şər atdığımıza görə milisə verəcəyini
bildirdi. Mən qorxuya düşmüşdüm. Sən demə, bizi qorxutmaq üçün deyirmiş”.
"Ağcabədiyə
qayıtmağa üzüm yox idi”
Məktəbi bitirəndən sonra yük maşınının kuzasında
Yevlaxa, oradan da Bakıya gedən həmsöhbətim Moskvaya instituta qəbul olmaq üçün
gedir. Amma bu dəfə də bəxt onun üzünə gülmür: "Bizdən imtahanı Rusiyanın
məşhur sənətkarları Sergey Gerasimov və həyat yoldaşı Tamara Makarova
götürürdü. 12 yerə 800 ərizə yazılmışdı. Fikirləşdim ki, bura qəbul oluna
bilməyəcəyəm. Cavablar çıxanda siyahıda adım yox idi. Kor-peşman hara
gedəcəyimi bilmirdim. Pulum da bitmişdi. Yolda "Komsomolskiy pravda» qəzetində
Dağ-mədən İnstitutunun tələbə qəbulu elan etdiyini gördüm. Orada qeyd olunurdu
ki, SSRİ-yə daxil olan ölkələrdən gələn gənclərə xüsusi güzəştlər tətbiq
ediləcək. Birtəhər Rostova gəldim. Sənədlərimi instituta verdim və orda oxumağa
başladım. Ağcabədiyə qayıtmağa utandığımdan elə Rostovda qaldım. Bir neçə gün
dərslərdə oturdum və başa düşdüm ki, bu sahənin mənə aidiyyəti yoxdur.
Azərbaycan Dövlət Teatr İnstitutunun direktoruna məktub yazıb xahiş etdim ki,
məni aktyor şöbəsinə qəbul etsinlər. Sonralar direktor mənə dedi ki, belə
yanıqlı məktub oxumamışdım. Sənədlərimi götürüb vağzala gəldim. Dedim ki,
Bakıya qayıtmaq istəyirəm, amma pulum yoxdur. Uzun çək-çevirdən sonra məni
biletsiz qatara keçirdilər. Bizim dördlükdən İsi Məlikzadənin və Xanməmmədin
indiki Neft və Sənaye Universitetinə qəbul olunduqlarını bilirdim. Tramvaya
minib universitetin yataqxanasını tapdım. Məni içəri buraxmadılar. Dostlarımı
çağırdım və onlar məni gördülər. Yağış turbası ilə ikinci mərtəbəyə qalxdım.
Gecəni orada qaldıqdan sonra səhəri günü Teatr İnstitutuna getdim və direktoru
görmək istədiyimi dedim”.
"Mən teatrsız
öləcəm”
Teatr İnstitutuna gələn A.Kazımov nəhayət,
aktyorluğa qəbul olunur: "Direktor məni görən kimi dedi ki, Rostovdan gələn
sənsən? Ona dedim ki, mən teatrsız öləcəyəm. Söylədi ki, Rza Təhmasib yoxlasın,
görək teatra yarayırsanmı? Rza müəllim baxan kimi dedi ki, bu, teatra
yaramayacaq. Direktor səbəbini soruşanda dedi ki, üzündə çapıq var. Direktor
dedi ki, qrim edəndən sonra heç bir iz qalmayacaq. Mənə etüd rol verdi və
oynamağımı istədi. Filmləri izlədiyimdən bu, mənə çox asan gəldi. Rza müəllim
direktora dedi ki, məni öz kursuna götürmək istəyir. Mənə ya təqaüd, ya da
yataqxana verə biləcəklərini bildirdilər. Mən təqaüdü seçdim. Orada oxuduğumuz
vaxt bir dəfə bizə dedilər ki, kim kütləvi teatrda çıxış etmək istəyir? Mən tez
əlimi qaldırdım. Beləcə bir sıra kütləvi tamaşalarda rol aldım. Mən bu işi
həvəslə, sevərək edirdim. Bu minvalla bir müddət davam etdim. 1955-ci ilin
fevralın 10-da - üçüncü kursda oxuyarkən Ədil İsgəndərov məni ştata işə götürdü
və 690 manat maaş təyin etdi. Atama yazdım ki, daha mənə pul göndərməsin. Bu,
mənim ilk maaşım idi. Bir müddət orada işlədim. Keçmiş baş rejissorumuz Tofiq
Kazımov mənə ilk böyük rolumu verdi. Mən bir sıra rejissorun imtahanından
uğurla keçdim. 1956-cı ildə institutu qurtarıb diplom aldıq. İki il sonra məndə
daxili təlatümlər baş qaldırdı, çünki arzularımın ardınca getməmişdim, rejissor
olmaq istəyirdim. Beləcə verilən rolları başdansovdu oynamağa başladım.
Rejissorlar da bunu başa düşürdü. Mən həm də Azərbaycan Pedaqoji İnstitutunda
dərnək rəhbəri idim. Bir dəfə məşqə gecikdim, köməkçi mənə dedi ki, Ədil
müəllim sənin gecikdiyini bilir. Bir də gördüm ki, məni işdən çıxarıblar. Ədil
müəllimdən soruşdum ki, məni həqiqətən işdən çıxarmısınız? Dedi ki, sən də o
biri aktyorlar kimi məsuliyyətsizlik etmisən. Bir müddətdən sonra səni yenidən
işə götürəcəyəm, amma bunu heç kimə demə. Evə gələndən sonra nə edəcəyimi
bilmirdim”.
"İşləmək
istəmirəm”
Nəhayət rejissorluq istəyi reallaşır: "Bir gün
küçədə təsadüfən teatrın kadrlar şöbəsinin müdiri ilə rastlaşdım. Məndən
soruşdu ki, sən niyə işdə deyilsən? Soruşdum ki, nə iş? Sən demə, Ədil
İsgəndərov məni yenidən işə bərpa edib. 690 manat əvəzinə 800 manat maaş təyin
edib. Həvəslə işə başlasam da, daxili narahatlığım məndən əl çəkmirdi. Yenə
rejissorluq istəyim baş qaldırmışdı. Həmin dövrdə Ədil İsgəndərov da işdən
çıxarıldı. Qərara gəldim ki, işləmək istəmirəm. Ərizə yazdım və rəhbərliyə
təqdim etdim. Sən demə, mənim getməyim onların da ürəyindənmiş. Mənə dedilər
ki, əgər getsən bir də bura qayıda bilməyəcəksən. Mən də qayıtmaq istəmədiyimi
söylədim. O dövrdə 60 min manata yaxın pulum var idi. Həm də yenicə ailə həyatı
qurmuşdum. Yoldaşıma dedim ki, gedək Moskva, Sankt Peterburq, Soçidə dincələk.
İyul ayında Sankt Peterburqa getdim. Bir qədər gəzəndən sonra gördüm ki, ordakı
Kinematoqrafiya İnstitutu tələbə qəbul edir. Yoldaşıma demədən sənədlərimi ora
təqdim etdim. Onu otelə yerləşdirdim və ora imtahana getdim. Bilet çəkdim və
etüd tapşırıq hazırlamalı idim. Deyilən tapşırıq əsasında səhnəni qurdum və
oynadıq. Amma digər imtahanlar qaldı. İmtahandan sonra həyat yoldaşım Afiqə
xanıma dedim ki, sənədlərimi təqdim etmişəm, amma qəbul edəcəklərinə inanmıram.
Bir qədər dincəlib yenidən Bakıya qayıtdıq. Bir gün küçədə dostlarımı gördüm,
dedilər ki, rejissorluq institutuna qəbul olublar. Ayrılandan sonra öz-özümə
dedim ki, Ağakişi, kül sənin başına, onlar rejissor oldular, sən yox. Amma
sənədlərim Sankt Peterburqda qalmışdı. Qanıqara evə gəldim. Yoldaşım soruşdu
ki, nə olub, dedim ki, mən öləcəyəm. Doğurdan da, elə hesab edirdim ki, sonum
çatıb. Sənədlərimi geri istəmək üçün zəng vuranda soruşdular ki, Ağakişi, sən
artıq qəbul olunmusan, niyə gəlmirsən? Soruşdum ki, axı, digər imtahanları
verməmişəm. Dedilər ki, sənin sənətin və hazırladığın iş hər kəsin xoşuna
gəlib”.
Amma istəyinə çatsa da, təlatümlər onun yaxasını
buraxmır: "Sankt Peterburqa gələn kimi məni ağlamaq tutdu. Fikirləşdim ki,
təzədən bir də universitet oxumalıyam. O dövrdə 29 yaşım var idi. Amma birtəhər
təhsili başa vurdum. Dördüncü kursda olanda dedilər ki, 5-ci kursda teatrda işləyəcəksiniz.
İndidən öz qərarınızı verin ki, harada işləmək istəyirsiniz. O vaxt Kazan
Dövlət Akademik Teatrı Sankt Peterburqa qastrola gəlmişdi. Direktorla söhbət
etdim və dedim ki, diplom tamaşasını burada işləmək istəyirəm. 1968-ci ilin
sentyabr ayında yoldaşımla Kazana getdim və bir il orada qaldım. Orada
Şekspirin «Çarəsinə görə çarə», Cəfər Cabbarlının «Aydın» tamaşalarına
rejissorluq etdim. «Aydın» mənim diplom tamaşam oldu. Fikrət Əmirov da
tamaşanın musiqisini yazmağa razılıq verdi. Bu, mənim üçün böyük bir bayram
oldu. Tamaşadan sonra Bakıya dincəlməyə qayıtdım. Bu qədər əzabdan sonra mən
rejissor olmuşdum. «Pravda» qəzetində diplom tamaşamın haqqında yazı çıxmışdı.
Sonralar Bakı və rayon qəzetlərində tamaşa haqqında təəssüratlar əsas yer
tuturdu. Beləcə məni Sumqayıt Teatrına direktor təyin etdilər. Amma bir müddət
sonra ordan da öz istəyimlə ayrıldım. 1974-cü ilin axırında Musiqili Komediya Teatrının
bədii rəhbəri təyin olundum. Bir il də orada işlədim. Daha sonra Gənc
Tamaşaçılar Teatrına getdim və orada baş rejissor olaraq 10 il işlədim. Ardınca
Azdramaya, oradan Gənc Tamaşaçılar Teatrına gedərək bir ömrü başa vurdum. Mənim
ən böyük uğurlarımdan biri də böyük şairimiz Bəxtiyar Vahabzadə ilə əlaqələrim
idi. Onun «Şəhidlər» poemasını Gənc Tamaşaçılar Teatrında hazırlamışdım.
Bəxtiyar Vahabzadə məni çağıraraq «Göy türklər» və "Özümüzü kəsən qılınc”
əsərlərini də hazırlamağımı istədi. Tamaşaları hazırlayandan sonra ümummilli
lider Heydər Əliyev də baxmışdı. 2011-ci ildə isə teatrdan ayrılmalı oldum. Teatrdan
ayrılanda sonra Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdim. 2015-ci
ildə oradan da ayrıldım və təqaüdə çıxdım. 80 yaşım var idi və fikirləşdim ki, artıq getmək vaxtıdır”.
Üç övlad atası olan rejissor sonda gənclərə öz
məsləhətini də verdi: "Gənclərə tövsiyə edərdim ki, öz istəkləri, ideyaları və
məqsədləri olsun. Əgər bir şeyə inanırsansa, mütləq onun ardınca getməlisən.
Fərqi yoxdur, həkim, müəllim, rejissor, kim olursan ol”.
Şəbnəm
Mehdizadə