• cümə axşamı, 28 mart, 14:05
  • Baku Bakı 16°C

Rüşvət alan müəllimin başını sığallamaq olmaz Müsahibə

30.10.13 10:28 2717
Rüşvət alan müəllimin başını sığallamaq olmaz Müsahibə
Ötən həftə prezident İlham Əliyev ölkənin təhsil sisteminin başlıca vəzifələrini müəyyən edən sənədi - “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etdi. Professor Şahlar Əsgərov “Kaspi”yə müsahibəsində Strategiyada müəllimlərin sosial vəziyyətinin və ümumilikdə təhsil sisteminin yaxşılaşdırılması haqqında vacib müddəaların yer aldığını bildirib.
Necə edək ki, müəllimin hörməti qalxsın?
- Şahlar müəllim, sizcə Təhsil Srategiyası hansı dəyişikliyə yol açacaq?
- Sənəddə vacib məsələlər var. Həmçinin orta təhsilin 12 illik, məcburi təhsilin 10 illik olması məsələləri çox mühümdür. Maraqlı cəhətlərdən biri təhsildə keyfiyyətlə əməkhaqqı arasında asılılıq yaratmaq cəhdidir. Yəni maaş keyfiyyətə görə ödənilsin. Bu, çox vacib amildir. Son 70 ildə Azərbaycan dövləti rus və ya ingilis dillərini öyrənmək üçün məktəblərə dağ boyda vəsait xərcləyib. Dövlət məktəblərdə həmin dərsləri maliyyələşdirir, müəllimlərə pul verir, amma o müəllimlər nə uşaqlara rus dilini, nə də ingilis dilini öyrədə bilir. Azərbaycan təhsil sisteminin rus və ya ingilis dilinin öyrənilməsinə sərf etdiyi pulu bir yerə toplasan, tonlarla qızıl dəyərində olar. Bu dərsləri məktəblər şagirdlərə öyrədə bilmir, sonradan insanlar özləri öyrənməyə məcbur olur. Ona görə də keyfiyyətə görə əməkhaqqının verilməsi çox vacibdir.
- Strategiyada müəllim peşəsinin nüfuzunun qaldırılması məsələsi yer alıb. Sizcə, müəllimin itən nüfuzunu necə bərpa etmək olacaq?
- Bu, çox vacib məsələdir. Yüzlərlə hörmətli adam sabah televiziyaya çıxıb, hamını müəllimə hörmət etməyə çağırsa da, bununla müəllimin nüfuzu yüksələn deyil. Sovet dövləti dövründə də gördük ki, şüarla məsələ həll olunmur. Sovet dövründə bütün qəzetlərin başlığında «Bütün ölkələrin proletarları birləşin!» sözləri yazılmışdı. Ancaq nəinki dünya ölkələrinin, heç sovet ittifaqında yaşayan dövlətlərin proletarları da birləşmədi. Elə götürək, Moskvada tutulan Orxan Zeynalovun həbsini. Necə oldu ki, bu dövlətlər vaxtilə bir şüar vasitəsilə dost idilər, indisə bu cür xoşagəlməz hadisələr baş verir? Göründüyü kimi, şüarla çox uzağa getmək olmaz.
Bəs necə edək ki, müəllimin hörməti qalxsın? Azərbaycan cəmiyyətində əhalinin sayı və orta əməkhaqqı məlumdur. Əgər istəyirsənsə müəllimin hörməti artsın, onun əməkhaqqı ölkə üzrə orta əməkhaqqından 15-20 faiz artıq olmalıdır. Onda müəllimin hörməti də avtomatik artır. Bu artımı şüarla və ya kiminsə sözü ilə etmək olmaz. Tarixdən məlumdur ki, Makedoniyalı İsgəndərin atası çar Filippin məşhur sözü var: “Mən ona görə fəxr etmirəm ki, İsgəndər mənim oğlumdur, nə də ona görə fəxr etmirəm ki, mən onun atasıyam. Ona görə fəxr edirəm ki, Aristotel mənim oğlumun müəllimidir”. İndi belə sözlərin də əhəmiyyəti yoxdur. Müəllim o zaman cəmiyyətdə hörmətli vətəndaşa çevriləcək ki, o, öz övladına «orta məktəbi qurtardınmı, attestat aldınmı, sən müəllimliyə get, mənim sənətimi davam elə, bu, gözəl sənətdir» - deyəcək. Əgər müəllim bunu desə, deməli, cəmiyyətdə müəllim peşəsi hörmətlidir. Yox, əgər müəllim «oğlum (və ya qızım), amanın günüdür, bu sənətə getmə, mənim səhvimi təkrarlama» - desə, onda nə edirsən et, lap qızıl suyuna çəkilmiş hərflərlə «müəllimə hörmət edin!» şüarını yaz, yenə bu sənət hörmətli olmayacaq. Bu cür çağırışların az əhəmiyyəti var. Müəllim real həyatda real adamdır. Bu real adamın real ailəsi və tələbləri var. Müəllim mühəndisdən, həkimdən çox maaş alarsa, onda o, öz sənətini də sevəcək, övladını da müəllim olmağa həvəsləndirəcək. Mən bu istiqamətdə başqa yol görmürəm.
Təhsildə 12 illiyə gediriksə...
- Sənəddə qeyd olunan strateji istiqamətlərdən biri «Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması»dır.
- Bu, əslində maraqlı məsələdir. Hələlik bunu hansı metodlarla həyata keçirəcəkləri mənə aydın deyil. Ancaq mənim fikrimcə, uşaq anadan olandan, orta məktəbə gedəndən və məktəbi qurtarandan sonra bütün gəncləri təqribən iki hissəyə bölmək olar. Bu insanların bir hissəsində ictimai mənafe, bir hissəsində isə şəxsi mənafe güclüdür. İctimai və şəxsi mənafenin güclü olması o millətin hansı tarixi mərhələdə yaşamasından asılıdır. Məsələn, Skandinaviya ölkələrində insanların çox böyük əksəriyyəti ictimai mənafenin daşıyıcısıdır. Amma Şərq ölkələrində insanların çoxu şəxsi mənafenin daşıyıcısıdır. Varlanma hissi, yaxşı maşın, böyük villalar tikmək həvəsi də oradan qaynaqlanır. Amma böyük villalar Avropada təqribən 200-300 il bundan əvvəl tikilib. Biz isə indi tikirik. Bu, Şərq ölkələrində şəxsi mənafenin çox qabarıq olmasından irəli gəlir. Avropa əhalisində isə ictimai mənafe çox yüksəkdir. Qərbdə şəxsi mənafeni ictimai mənafeyə qurban verirlər. Məsələn, Alfred Nobel milyonlar qazanmışdı. Bu, onun şəxsi kapitalı idi. Bəs niyə onu mükafat şəklində paylayır? Çünki onun daxilində olan ictimai mənafe şəxsi mənafeyə üstün gəldi: “sən bunu qazanmısan, indi də camaata qaytar”. O, illərlə yığdığı pulları sonradan ağıllı insanlara qaytarır. Bunun kimi başqa yüzlərlə mükafatlar var. Məsələn, Nobel mükafatından heç də əskik olmayan Templton mükafatı da elmə, alimə verilir. Templton da milyarder olub, o da pulunu elmə və mənəviyyata paylayır. Siz indi mənə Şərqdən bir nümunə göstərin ki, kimsə milyonçu olub və indi pullarını paylayır. İndi gəlin, sizin qoyduğunuz suala qayıdaq. Biz orta məktəbin proqramlarını elə tutmalıyıq ki, uşaq birinci sinfə daxil olub 12-ci sinifdən çıxanda onun ictimai mənafeyi şəxsi mənafeyinə qalib gəlsin. Biz əgər bu proqramları tərtib edə bilsək, onda məqsədə nail olmuş olarıq. Məsələn, pul dalınca qaçanları ədəbiyyatda, tarixdə və s. dərslərdə tənqid etmək, malını, dövlətini insanlara paylayan, onların təəssübünü çəkənləri tərifləmək... Hatəmin əliaçıqlığını, Koroğlunun, Qaçaq Nəbinin xalq sevgisini dərsliklərdə sərgiləsək, milləti sevməyin, vətənpərvərliyin məziyyətini gənc nəsilə anlada bilsək, onda şəxsiyyətyönmlü nəsil yetişdirmək olar. Ona görə bütün siniflər üzrə proqramlarımızda bu xətti, bu fəlsəfəni yeritməliyik. Mən bu yaxınlarda kitabxanamda Nizaminin «Sirlər xəzinəsi»ni vərəqlədim və orada Rəbiyyə adlı bir xanımın adına rast gəldim. O, səhrada susuzluqdan ölən iti diriltmək üçün öz paltarını və saçını kəsib bir-birinə bağlayaraq uzun ipə çevirir və quyudan su çəkərək heyvanı ölümdən qurtarır. Yəni o, öz şəxsi malını ictimai mənafeyə qurban verir. Bu cür nümunə Avropada və dünyada yəqin ki, yoxdur. Ancaq biz bunun qədrini, qiymətini bilirikmi? Ona görə bizim bütün məktəb dərsliklərimizi Şərqin və Qərbin gözəl nümunələri ilə doldurmaq lazımdır. Yəni insan özünü yox, millətini varlı və güclü saysın. İnsan doğulan və ölən varlıqdır, dövlət isə ölməz varlıqdır. Biz müvəqqətini yox, daimini qorumalıyıq. Dövlət varlı olarsa, onun vətəndaşları nəsilbənəsil xoşbəxt yaşaya bilər.
- Siz indicə dərsliklərə toxundunuz. Dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsi də strategiyada yer alıb. Sizcə, bu sahədə ümumilikdə hansı addımları atmaq lazımdır?
- Biz təhsildə 12 illiyə gediriksə, dərsliklərin çoxu dəyşilikliyə məruz qalmalıdır. Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. Dərslikləri dəyəri olmayan mövzulardan uzaqlaşdırmaq lazımdır. Fəlsəfi mahiyyəti olan mövzulara üstünlük verilməlidir. Dərsliklər elə olmalıdır ki, şagird orta məktəbi qurtaranda dost və düşmənini tanıya, yaxşı və pisi seçə bilsin. Bunlar çətin məsələlərdir.
- Siz 12 illik təhsilə keçidin əhəmiyyətini necə izah edərdiniz?
- Açığını deyim ki, 7-8 il bundan əvvəl mən bu məsələnin əleyhinə idim. O zaman 12 illik üçün ona görə canfəşanlıq edirdilər ki, məktəbə təzə müəllim götürəcəklər və bu işdə maddi maraqları var idi. Mən bu səbəbdən bu təklifin əleyhinə çıxırdım. Ancaq qeyd edim ki, dövlət öz gənclərinin təhsilini nə qədər boynuna çəkirsə, bu, ölkə üçün bir o qədər şərəflidir. 11 illik təhsillə müqayisədə 12 illik təhsil daha yaxşıdır. Yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin sayından çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Görünür, bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil. Təhsil müddətini bir az da artırmağın səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir. Bunu alqışlamaq lazımdır. Ola bilsin ki, gələcəkdə orta məktəbdə lap 13-14 il oxusunlar.
- Aparıcı beynəlxalq təşkilatların reytinq siyahısında Azərbaycan ali məktəblərinin yer tutmaması narahatlıq doğurur. Sizcə, bizim təhsil müəssisələrinin reytinq səviyyəsinin aşağı olması nə ilə bağlıdır?
- Bu, çox ağrılı məsələdir. Burda baş sındırmaq lazımdır. Dünyanın top universitetləri adlanan 200 universitetin siyahısını hər il İngiltərənin «Times»-ı çap edir. Keçənilki reytinq cədvəli ilə tanış olanda gördüm ki, bu siyahıdakı 184 universitet dünyanın inkişaf etmiş Qərb ölkələrindədir. 16-sı isə ikinci dünya ölkələrindədir və zəif inkişaf etmiş ölkələrin heç birindən bu siyahıya düşən universitet yoxdur. 184 universitet əsasən ABŞ, İngiltərə və Qərbi Avropa ölkələrində yerləşir. Yerdə qalanlardan ikisi Türkiyə («Hacettəpə» və «Orta Doğu») universitetidir. 5-6 universitet Çində, 1-i Misirdə, 2-3-ü də Tayvandadır. Rusiya, MDB ölkələri, İran da daxil olmaqla digər ölkələrdə topa düşən universitetlər yoxdur. Bir ay öncə həmin mərkəz 2013-cü il üçün də top universitetlərin siyahısını təqdim etdi. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin siyahıda bu il heç Türkiyənin həmin 2 universiteti də yoxdur. Həmçinin Moskva Dövlət Universiteti və Praqa universiteti də siyahıda yer almayıb. Yenə də siyahıda olanların əksəriyyəti əsasən Amerika və İngiltərə universitetləridir. Bunun səbəbi var. Hələ 1970-ci illərdə Amerikada sualtı qayığın atası sayılan Rukover “Təhsil bizlə sovetlər birliyi arasında bir yarış sahəsidir. Bu yarışı udan tərəf qalib tərəf olacaq” deyib. Demək, Amerika tərəfi başa düşür ki, dünyaya rəhbərlik etmək üçün təhsil lazımdır. Bu biri tərəf isə hələ onu dərk etmir ki, dünyada yaxşı mövqe tutmaq, yaxşı yaşamaq üçün təhsil vacibdir. Çünki təhsilli olan ölkə düzgün qərarlar qəbul edir. Səhv qərarlar isə ölkəni uçuruma aparır. Əlimizdə olan ağlımızda olandır. Hələ yaxşı universitet qurmaq bizim ağlımızda yoxdur.
- İlk peşə təhsili müəssisələrinin rolunun zəifləməsi də təhsildə narahatlıq yaradan məsələyə çevrilib. Belə ki, həmin təhsil müəssisələrini bitirənlərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür.
- İlk peşə təhsili çox əhəmiyyətli sahədir. Ən azı 6-cı sinifdən 12-ci sinfə qədərki dövrdə proqramları mənimsəməyən, enerjisinin çoxluğu üzündən sinifdə şuluqluq salan şagirdləri texniki peşə məktəblərinə yönəltmək lazımdır. Həm bu, məktəbdə nizam-intizam yaradar, həm də onlar texniki peşə məktəblərində peşə öyrənərlər. Azərbaycanda orta məktəb şagirdlərinin 60 faizi məktəb proqramını mənimsəmir.
Sənətə meyli olanları texniki-peşə məktəblərinə yönəltməklə biz həm orta məktəbdə təhsilin keyfiyyətini qaldıra, həm də gözəl sənətkarlar hazırlaya bilərik.
- Təhsil sahəsində kadr islahatı aparıldı. İndi də dövlət başçısının sərəncamı ilə Təhsil Strategiyası təsdiq olundu. Bütün bunlar təhsil sahəsində əsaslı dəyişikliklərə ümid verirmi?
- Kadr hər şeyi həll edir. Sovet dövləti öz şəxsi mənafeyini qabardan bir adama vəzifə verməzdi. Əgər bir satıcı müştərini 1 qəpik aldadırdısa, onu işindən azad edirdi. Bəzən bir insana vəzifə verirsən və o da başlayır öz şəxsi mənafelərini güdməyə. Ona görə istənilən sahədə məmur seçəndə elə insanlara üstünlük vermək lazımdır ki, o, ictimai mənafeni qoruya bilən olsun. Əks halda, o, dövləti yaddan çıxaracaq və yalnız öz şəxsi mənafeyi haqqında düşünəcək. Təhsil də bu cürdür. Əgər biz bütün direktorları doğrudan da millətini, xalqını sevən adamlardan, eyni zamanda, müəllimləri də bu keyfiyyətinə görə seçsək, başqa keyfiyyəti olan müəllimləri məktəbdən uzaqlaşdıra bilsək, əlbəttə ki, hər şey düzələcək. Gərək rüşvət alan müəllimin başını sığallamayasan. Əgər rüşvətə qarşı mübarizə aparırıqsa, demək, biz ictimai mənafeyi güdən adamları işə cəlb etməliyik.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər