• çərşənbə axşamı, 23 aprel, 15:28
  • Baku Bakı 24°C

Rüstəm İbrahimbəyova epizodik rol tapşırıblar

05.07.13 10:18 2034
Rüstəm İbrahimbəyova epizodik rol tapşırıblar
Milli Şura, müxalifətin vahid namizədi, “Milyarderlər İttifaqı”nın, Kremlin Azərbaycandakı siyasi proseslərə təsiri, kinorejissor Rüstəm İbrahimbəyovun seçkilərdə qalib gəlmə şansı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırır.
- Araz bəy, müxalif qüvvələrin dəstəyi ilə müxtəlif vaxtlarda YES Hərəkatı, Ziyalılar Forumu, İctimai Palata və sair birliklər yaradılıb. May ayının 28-də isə bu birliklərin siyahısına Milli Şura adlı daha birisi əlavə olunub. Xüsusilə seçkiqabağı belə təşkilatların, birliklərin yaranmasına münasibətiniz necədir?
- Mən bunu seçkiqabağı mübarizə metodu hesab etmirəm. Belə birlik və təşkilatların yaradılması daha çox axtarışdır. Məsəl var deyərlər ki, “Su axar, çuxurunu tapar”. İndi bu “su” öz “çuxurunu” Milli Şura qismində tapıb. Fikrimcə, Milli Şuranın özü də amorf bir təşkilatdır. Həmin təşkilatın vahid namizəd kimi irəli sürdüyü Rüstəm İbrahimbəyovun bu seçkilərdə qalib gəlmə şansı yoxdur. Azərbaycanda reallıq ondan ibarətdir ki, ən demokratik seçkilər keçirilsə belə, müxalifətin hazırkı prezidentə qalib gəlmə şansı yoxdur. Çünki nə resursları o dərəcədədir, nə də elə bir şəxsiyyət var ki, xalq onun ardınca getsin. Hazırda namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun özü isə, ümumiyyətlə siyasətçi deyil. Heç siyasətdən anlayışı yoxdur onun. Sadəcə, bu adam incik düşüb və bu incikliyinin qisasını alır. Sual yaranır: Kimdən qisas alır Rüstəm İbrahimbəyov? Azərbaycan xalqından? Azərbaycan xalqının ağır günlərində heç kim Rüstəm İbrahimbəyovu yanında görməyib. Nə 20 Yanvar qırğınında, 1993-cü ilin iyun hadisələrində, nə də torpaqlarımız işğal olunanda və sair. Bu adam “ortada yeyib, kənarda gəzən”lərdəndir. O, Azərbaycandan çox şey alıb. Şəhidlər Xiyabanının ətrafındakı ərazinin ona verilməməsindən sonra Azərbaycandan incik düşməsi də başadüşülən deyil. Rüstəm İbrahimbəyov həmin ərazini nə hərracda pul ilə almışdı, nə də o torpağın qanuni sənədlərinə malikiydi. Həmin ərazini ona hədiyyə etmişdilər, sonradan hədiyyə sahibi özü də geri aldı. İndi bunun üstündə hamıdan, hər kəsdən incik düşmək, qisasçılıq hissi ilə yaşamaq, Azərbaycanda çaşqınlıq yaratmağa çalışmaq, ən azı düşüncəsizlikdir.
- İyirimi ildən sonra müxalifət partiya sədrləri ortaq mövqedən çıxış edərək, seçkiyə pərakəndə halda deyil, vahid namizədlə getməyə üstünlük veriblər. Bu məqsədlə kinorejissor, “Milyarderlər İttifaqı”nın üzvü Rüstəm İbrahimbəyovu namizəd ediblər. Sizcə, bu, səmimi seçimdirmi?
- Xeyr! Amma bunlar bilirlər ki, özlərinin cəmiyyətdə heç bir nüfuzu yoxdur. Az-çox cəmiyyətdə nüfuzu olan, kinorejissor kimi tanınmış Rüstəm İbrahimbəyovdur. Bu səbəbdən onu sipər kimi qabağa verib, gözləyirlər. Məşhur bir atalar sözündəki kimi - “Tutar qatıq, tutmaz ayran”, - prinsipi ilə hərəkət edirlər. Guya ki, Rüstəm İbrahimbəyov seçkidə qalib olsa, bunlar yenidən hakimiyyətə gələcək, heç olmasa bir il Azərbaycan dövlətini və xalqını qarət edəcəklər. Əgər belə olmasa, deyəcəklər ki, “Baxın, biz vahid namizəd irəli sürdük, amma o, bacarmadı”. Yaxud da məğlubiyyəti qəbul etməyib atacaqlar hər şeyi “seçki saxtakarlığı”nın üstünə.
- Sizin dediklərinizdən belə çıxır ki, Rüstəm İbrahimbəyov müxalifət liderlərinə seçkidə məğlubiyyətin məsuliyyətini öz üzərlərindən atmaq üçün gərəkdir?
- Müxalifət liderləri nə vaxt məsuliyyəti öz üzərilərinə götürüblər ki? Azərbaycanda dövlət çevrilişi olanda bəyan etdilər ki, 8 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik. Ölkəni vətəndaş müharibəsi qarşısına gətirib çıxaranda dedilər ki, bu plan Moskvadan idarə olunur. Kəlbəcər rayonu işğal olunanda Əbülfəz Elçibəy, “Bu bizim böyük qələbəmizdir. Çünki dünya gördü ki, Ermənistan işğalçı dövlətdir” – deyə, fikir bildirdi. Yəni istənilən hadisədən sonra məsuliyyətdən yayınmağa bəhanə tapacaqlar. Heç zaman onlar məsuliyyəti öz üzərlərinə götürməyəcəklər.
- R.İbrahimbəyovun namizədliyini dəstəklədiyini bəyan edən İsa Qəmbər öz namizədliyini də irəli sürəcəyini bildirib. Sizcə, bu ikili münasibətin arxasında nə dayanır? İ.Qəmbər nə etmək istəyir?
- İsa Qəmbər bununla özünü müxalifətin seçki xilaskarı kimi qələmə verir. Bununla demək istəyir ki, əgər Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçməsə, sinəsini qabağa verib müxalifəti irəli aparan özü olacaq.
- R.İbrahimbəyovun son müsahibələrində özünəvurğunluq meyilləri müşahidə olunmağa başlayıb. O, özünü müxalifəti düşdüyü vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxs kimi təqdim edir, digər partiya rəhbərlərində belə bir gücün olmadığını bildirir. Bu cür yanaşma yaxın gələcəkdə onunla Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev arasında ciddi narazılıqların yaranmasına səbəb olmayacaq ki?
- Əvvəla, Rəsul Quliyev heç kimdir. Həm beynəlxalq aləmdə, həm də Azərbaycan siyasətində. Azərbaycandakı digər siyasətçilərə gəlincə, o insanlar ki, İsa Qəmbərlə bacarmadılar, - Müsavat başqanı səhnə arxası oyunlarda daha güclüdür, - onlar Rüstəm İbrahimbəyovu irəli veriblər. Əsl reallıqda isə onların hər birinin içində ayrıca “Napoleon” yaşayır. Rüstəm İbrahimbəyovun özünə gəlincə, bu adam baxıb görür ki, ətrafındakılar ona məddahlıq edir. Hazırkı vəziyyət onda belə qənaət yaradır ki, bu, xüsusi missiyadır. Halbuki Rüstəm İbrahimbəyova tapşırılan kiçicik epizoddur. O özü kinorejissordur və bilir ki, kiçicik epizodlar üçün də aktyorlar tələb olunur. Bu nöqteyi-nəzərdən müxalifət kiçik bir epizod üçün Rüstəm İbrahimbəyovun aktyorluğunu irəli sürüb.
- Azərbaycan Konstitusiyası ikili vətəndaşlığı, xarici ölkə qarşısında öhdəliyi olan, uzun müddət ölkədə yaşamayan şəxslərin prezident seçkilərində namizəd kimi iştirakını qadağan edir. Belə olan halda, R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi nə dərəcədə doğru addımdır?
- Bu barədə dəqiq məlumata malik deyiləm. Amma mən düşünmürəm ki, hakimiyyət Rüstəm İbrahimbəyovu seçki prosesindən uzaqlaşdıracaq. Çünki o, iqtidar üçün elə də böyük təhlükə deyil. Hərçənd, o özü Azərbaycan hakimiyyətinin guya ondan qorxduğunu, buna görə də seçkiyə buraxmaq istəmədiyini deyib. Bəzi üzdəniraq politoloqlar da bu kimi fikirləri təkrar edirlər.
- Belə fikirlər səslənir ki, AXCP, Müsavat və digər partiyaların Milli Şurada bir araya gəlməsinə səbəb Rüstəm İbrahimbəyovun və “Milyarderlər İttifaqı”nın pullarıdır. Buna münasibətiniz necədir?
- Mən heç kimin cibindəki pulu saymıram. “Milyarderlər İttifaqı”nın adını isə dəyişib “Milyonçular İttifaqı” qoysalar, daha yaxşı olar. Bu ittifaqda Azərbaycan Prezidentinə kifayət qədər yaxın olan adamlar var. Düşünmürəm ki, bu adamlar öz kisələrinin ağzını açıb Rüstəm İbrahimbəyova pul buraxacaqlar, ona dövlət çevrilişi etmək, hakimiyyətə gəlmək üçün dəstək verəcəklər.
- Belə bir iddia da var ki, Milli Şuranın əsas dəstəkçisi Rusiyadır. Siz bunu mümkün variant hesab edirsinizmi?
- Mən düşünmürəm ki, Rusiya prezidenti Vladimir Putinə Azərbaycanda hakimiyyəti dəyişmək lazımdır. Rusiya rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə çox isti münasibətləri var, qarşılıqlı olaraq, bir-birinə hörmət edirlər. Sadəcə, Milli Şuraya daxil olan qüvvələrin arasında ən dəhşətlisi o iddiadır ki, onlar özlərinə “böyük qardaş” axtarırlar. Axtarırlar ki, kiminsə kölgəsinə sığınsınlar, Azərbaycanı hansısa dövlətin ayaqları altına atsınlar. Bu, olduqca mənfi tendensiyadır. Dünən (red. srağagün) biz ABŞ-ın təsiri və bilavasitə yardımı ilə hakimiyyətə gəlmiş Misir prezidenti Məhəmməd Mursinin aqibətini gördük. Xalq ayağa qalxdı və Misirdəki hakimiyyəti süpürüb atdı. Vaxtilə səkkiz dövlətin razılığı əsasında hakimiyyətə gəlmiş Xalq Cəbhəsini də bir il sonra Azərbaycan xalqı ayağa qalxaraq, süpürüb arxivin zibilliyinə atdı. İndi onlar həmin o zibillikdən çıxmaq istəyirlər.
- Bütün bunların fonunda Azərbaycan xalqı R.İbrahimbəyovu dəstəkləyəcəkmi?
- Xeyr. Rüstəm İbrahimbəyovu ancaq ziyalılar tanıyırlar. O, bu cür dar çərçivə içindədir. Azərbaycan xalqı Rüstəm İbrahimbəyovu tanımır. Xalqın tanımadığı, inanmadığı namizədin prezident seçkilərində qalib gəlməsi isə inandırıcı deyil.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər