• cümə axşamı, 25 aprel, 08:27
  • Baku Bakı 14°C

“Rüstəm İbrahimbəyova Azərbaycan siyasətində yer yoxdur”

24.06.15 12:10 1389
“Rüstəm İbrahimbəyova Azərbaycan siyasətində yer yoxdur”
Ekspertlər deyir ki, indiki vəziyyətdə onun barışıq çağırışı Ermənistanın işğalına haqq qazandırmağa bərabərdir

Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bu günlərdə “The New Times”a müsahibə verib. O, müsahibəsində Azərbaycandan niyə “didərgin düşməsi”ndən və başqa ilginc məqamlardan danışmaqla yanaşı, növbəti dəfə ermənipərəst mövqeyini, ermənilərə olan sevgisini nümayiş etdirib. Belə ki, kinodramaturq ermənilərlə düşmən olmadığımızı, mütləq barışacağımızı bildirib, baş verənlərə görə Ermənistan və Azərbaycan xalqlarının günahkar olmadığını ifadə edib, aqressiv ritorikanın əleyhinə olduğunu söyləyib. Ukraynaya məxsus Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə haqq qazandıran kinorejissor 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi öncəsi onun qarşısında qoyulan şərtdən də söhbət açıb. Deyib ki, prezident seçkilərində ondan müxalifətin vahid namizədi olmaq tələb olunub, lakin o, Rusiya vətəndaşı olduğundan, daha doğrusu, R.İbrahimbəyovun təbirincə desək, xoşbəxtlikdən, seçkilərə buraxılmayıb.
Erməni sevdalısı olan kinorejissorun müsahibəsində səsləndirdiyi fikirləri, o cümlədən separatçılığı dəstəkləyən mövqeyini Azərbaycanda yalnız Milli Şuranın hazırkı sədri Cəmil Həsənli müdafiə edib. Milli Şura sədri R.İbrahimbəyovun fikirlərinə qarşı çıxanları “qarğa-quzğun dəstəsi” adlandıraraq, kinorejissora haqq qazandırıb. Ancaq C.Həsənlinin Facebookda yazdığı bu müdafiə statusu ciddi təpki ilə qarşılanıb. Həm R.İbrahimbəyovun, həm də Milli Şura sədri C.Həsənlinin söylədiklərinə aktiv Facebook istifadəçiləri sərt şəkildə etiraz ediblər.
Vaxtilə Azərbaycanda prezidentlik sevdasına düşən R.İbrahimbəyovun fikirləri, eləcə də Milli Şura sədri C.Həsənlinin onun dediklərinə haqq qazandırması ölkə ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb, hər iki şəxs sərt qınaq obyektinə çevrilib. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, tarixçi-alim Məhərrəm Zülfüqarlı bu barədə “Kaspi”yə açıqlamasında Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin yaradıcısının Rusiya olmasına diqqət çəkib. Bildirib ki, R.İbrahimbəyov da Rusiyada yaşayır, orada işləyir və müəyyən mövqe tutur, bəzi insanlar kimi kinorejissor da Rusiya dövlətinin maraqlarına qulluq edir. QHT sədri hesab edir ki, bu kimi amillər nəzərə alındıqda R.İbrahimbəyovdan azərbaycançılıq mövqeyi gözləmək absurddur: “Maraqlı məqam burasıdır ki, bu adam 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində idi. Özü də onu ölkəmizdəki radikal müxalifət özünün vahid namizədi kimi dəstəkləyirdi. Belə bir adamın indi durub ermənipərəst mövqe nümayiş etdirməsi ciddi təəssüf doğurur, heç kim də ona bu mövqeyinə görə haqq qazandırmır. Bu onu göstərir ki, İbrahimbəyov rus-erməni düşüncəsinin, siyasətinin təsiri altındadır. Belə olan halda onun vaxtilə prezident seçkilərində namizəd kimi iştirak edə bilməməsinin nə qədər müsbət hal olduğunu anlamaq olur. Belə bir insana Azərbaycan siyasətində yer yoxdur”.
M.Zülfüqarlı Azərbaycan və Ermənistan xalqları arasındakı nifrət məsələsinə də münasibət bildirib: “Biz heç zaman heç bir millətə qarşı şüurlu şəkildə nifrət hissi ifadə etməmişik. Ermənilərdən fərqli olaraq, heç bir azərbaycanlı kiçik uşaqlara “filankəs sənin düşmənindir” deyib, onu ömür boyu nifrət hissi ilə böyütmür. Azərbaycan Respublikası heç bir ölkənin ərazisinə iddia irəli sürməyib, heç bir qonşu dövlətin ərazisini işğal etməyib. Ancaq tarixən Azərbaycan xalqı düşmənə qarşı qətiyyətlə mübarizə aparıb. Faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, 20 faizdən artıq ərazimiz işğal olunub. Bunun da nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, doğulduğu yerdə yaşamaq və mülkiyyət hüquqları pozulub. Bu günə qədər bu istiqamətdə aparılan danışıqlarda Ermənistan daim qeyri-konstruktivlik nümayiş etdirib, beynəlxalq hüquqa əhəmiyyət vermədən işğal olunan torpaqların bir qarışını da azad etməyib. Belə olan halda Rüstəm İbrahimbəyovun barışıq çağırışı dolayısı yolla Ermənistanın işğalına haqq qazandırmağa bərabərdir. Azərbaycan xalqını öz torpaqlarını işğaldan azad etməkdən yayındırmaq niyyəti daşıyan belə mövqe yalnız düşmənlərimizin maraqlarına uyğundur. Rüstəm İbrahimbəyov bununla düşmən dəyirmanına su tökür. Təbii ki, əgər işğal faktı öz həllini taparsa, Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdıb normal həyatlarına başlayarsa, bundan sonra iki xalq arasında barışıqdan danışmaq olar”.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov da R.İbrahimbəyovun ermənipərəst mövqeyini qınayıb. O, kinorejissorun söylədiklərini acınacaqlı hal kimi qiymətləndirib. Deyib ki, Azərbaycan ziyalısı sülhpərvər, bəşəri ideyalara qulluq edən adam olmaqla yanaşı, mənsub olduğu xalqın, dövlətin maraqlarını da dilə gətirməli, bununla bağlı daim öz vətəndaşlıq mövqeyini bildirməlidir: “Azərbaycan əraziləri məhz Ermənistan dövləti, erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Ermənilərin kütləvi deportasiya və soyqırımı siyasəti nəticəsində tarixən milyonlarla Azərbaycan türkü öz ev-eşiyindən didərgin düşüb, kütləvi qətliama məruz qalıb. İndinin özündə də Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Belə olan halda hansı dostluqdan danışmaq olar? Bu niyyətdə olanlar öz Vətəninə, xalqına, dövlətinə xəyanət yolu tutanlardır. Bunun başqa adı yoxdur. Özünü ziyalı hesab edən, böyük iddialarda olan Rüstəm İbrahimbəyovun dilindən belə fikirlərin səsləndirilməsi onu deməyə əsas verir ki, o, siyasi sifariş yerinə yetirməklə məşğuldur. Biz Azərbaycanda yaşayan heç bir millətə, o cümlədən ermənilərə də ayrı-seçkiliklə yanaşmır, onlara düşmən kimi baxmırıq. Lakin Azərbaycan ərazilərini işğal edən Ermənistan öz ərazisindəki bütün azərbaycanlıları deportasiya etməklə monoetnik dövlətə çevrilib. Biz Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistana, bu işğal faktında iştirak edən erməni silahlı qruplaşmalarına, eləcə də işğala bu gün də dəstək verən ermənilərə düşmən gözü ilə baxırıq. Onlarla normal münasibətimiz yalnız işğal faktı aradan qalxandan sonra ola bilər. Əks təqdirdə, hansısa erməni sevdasından, ermənilərlə barışıqdan danışmağa dəyməz. Ona görə də Rüstəm İbrahimbəyovun, eyni zamanda ona dəstək verən Cəmil Həsənlinin söylədiklərini xəyanət və xəyanətkarlıq kimi qiymətləndirirəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər